Məhkəmə qərarları › İş №e-2(025)-1240/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1240/2025

24.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1240/2025 24.09.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair (Açar sözlər: alimentin azaldılması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhər Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 8(051)-160/2025 saylı qərardadı ilə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.74 misli həddində sabit pul məbləğində müəyyən olunmuş aliment məbləğinin indeksasiyası azaldılaraq, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli olmaqla (150 manat), iki uşaq üçün cəmi 0.74 misli həddində, cəmi 300 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuşlar. Birgə nikahlarından 12 dekabr 2010-cu ildə Zəminə və 13 oktyabr 2016-cı ildə Kamran adlı uşaqları anadan olmuşdur. Onlar bir müddət səmimi ailə münasibətlərində yaşasalar da, sonradan münasibətləri uyğun gəlmədiyindən faktiki olaraq ayrılmışlar və Mingəçevir şəhər Məhkəməsinin 29 may 2018-ci il tarixli, 2(051)- 714/2018 saylı qətnaməsinə əsasən iddia tələbi təmin olunmuş, İddiaçı ilə Cavabdeh arasında nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş uşaqların analarının yanında qalmaları qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış, tərəflər nikahın pozulması haqqında şəhadətnamə almışlar. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-2359/2018 saylı qətnaməsi ilə 12 dekabr 2010-cu il təvəllüdlü X4 və 13 oktyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Onun tərəfindən hər ay hər uşağa 110 manat olmaqla, cəmi 220 manat tam şəkildə ödənilmişdir. Aliment borcu yoxdur. Mingəçevir şəhər Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 8(051)-160/2025 saylı qərardadına əsasən ərizənin təmin edilməsi, 12 dekabr 2010-cu il təvəllüdlü X4 və 13 oktyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-2359/2018 saylı qətnaməsi ilə təyin edilmiş bir uşağa görə 110 (bir yüz on) manat məbləğində tutulan aliment həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.74 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində aliment alınıb ərizəçi Cavabdeh verilməsi qərara alınmışdır. Mingəçevir şəhər rayonlarası psixo-nevroloji dispanseri tərəfindən verilmiş 969 saylı, 28 iyul 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2018-ci ildən Mingəçevir Psixi-Nevroloji Dispanserində “Emosional davamsız şəxsiyyət pozğunluğu. Anamnezinoy kəllə-beyin travması dioqnozu ilə qeydiyyatdadır. Bununla bağlı dəfələrlə stasionar qaydada müalicə olunmuşdur. Lakin sağalmamışdır. Əlilliklə bağlı müraciət etmişdir. Hazırda işləmir, maddi imkanı da yoxdur. Atası baxır ona, dərmanlarını, müalicəsini atasının köməyi ilə alır. Hətta alimenti belə tam ödəyir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin göstərdi ki, işə girmək üçün çoxlu müraciətləri olmuş, lakin işlə təmin olunmamışdır. Hal-hazırda işsizdir. Bu səbəbdən hesab edir ki, alimentin məbləği azaldılması, hər ay 140 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçının tələbi əsassızdır. Həmçinin göstərdi ki, 3 dəfə əməliyyat olunmuş və bu səbəbdən heç yerdə işləyə bilmir. Qardaşı müharibə veteranlığına görə alınan pulu da ona vermişdir. Cavabdehin və atasının isə kifayət qədər imkanları vardır. Göstərilənlərə əsasən iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(051)-160\2025 nömrəli qərardadından görünür ki, ərizənin təmin edilməsi, 12 dekabr 2010-cu il təvəllüdlü X4 və 13 oktyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-2359/2018 saylı qətnaməsi ilə təyin edilmiş bir uşağa görə 110 (bir yüz on) manat məbləğində tutulan aliment həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.74 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində aliment alınıb ərizəçi Cavabdeh verilməsi qərara alınmışdır. İşdə olan Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 iyul 2025-ci il tarixli “Doğum haqqında” arayışdan görünür ki, X4 xx.xx.2010-cu il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci ildə 425 № ilə qeyd edilmişdir. İşdə olan Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 iyul 2025-ci il tarixli “Doğum haqqında” arayışdan görünür ki, X5 xx.xx.2016-cı il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-ci ildə 1484 № ilə qeyd edilmişdir. İşdə olan 28 iyul 2025-ci il tarixli, AZ-İ seriyalı, 528814 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikahın pozulması 29 aprel 2019-cu il tarixdə Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində 61 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İşdə olan Mingəçevir şəhər rayonlarası psixo-nevroloji dispanseri tərəfindən verilmiş 969 saylı, 28 iyul 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2018-ci ildən Mingəçevir Psixi- Nevroloji Dispanserində “Emosional davamsız şəxsiyyət pozğunluğu. Anamnezinoy kəlləbeyin travması dioqnozu ilə qeydiyyatdadır. İşdə olan “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, İddiaçı 30 iyun 2016-cı il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan “X3 X7” 22 iyul 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh X3 iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl X3 iştirak tələb olunur. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər X3 iştirak etməlidirlər. Göründüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Qəbələ rayonunda fəaliyyət göstərən mediator X1 müraciət edilmişdir. Müvafiq olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 29.3-cü maddəsinə uyğun olaraq “X3 X7” arayış verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 8.3-cü maddəsində qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə baxışı iclasında iddiaçının təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlər tədqiq edilərək, iddiaçının nümayəndəsinin və cavabdehin izahatı ilə müəyyən olundu ki, tərəflərin birgə nikahından 12 dekabr 2010-cu il təvəllüdlü X4 və 13 oktyabr 2016-cı il təvəllüdlü X5 adlı iki uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2359/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı 12 dekabr 2010-cu il təvəllüdlü X4 və 13 oktyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025ci il tarixli 8(051)-160\2025 nömrəli qərardadına əsasən 12 dekabr 2010-cu il təvəllüdlü X4 və 13 oktyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-2359/2018 saylı qətnaməsi ilə təyin edilmiş bir uşağa görə 110 (bir yüz on) manat məbləğində tutulan aliment həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.74 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində aliment alınıb ərizəçi Cavabdeh verilməsi qərara alınmışdır. Hazırda isə İddiaçı həmin məbləğin azaldılaraq hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etmiş, iddiasını isə hazırda heç bir yerdə işləməməsi və maddi imkanının aşağı olması ilə əlaqələndirmişdir. Cavabdeh isə iddianı əsassız hesab edir və məhkəmədən alimentin məbləğinin azaldılmamasını xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı isə aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artılılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərindən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, alimentin azaldılması üzrə işlərə baxarkən ilk növbədə uşaqlar üçün qanunverciliklə müəyyən edilmiş yaşayış minimumunun həddi, tərəflərin birgə nikahdan doğulmuş uşaqlarının böyüməsi, xərclərinin ildən-ilə artması, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maskimal saxlanılmasının zəruriliyi və s. faktorlar nəzərə alınmalıdır. Yəni aliment məbləğinin azaldılması uşaqların qanunvericiliklə qorunan mənafelərinə, maraqlarına ziddir və onların əvvəlki təminat səviyyəsinin yüksək səviyyədə qorunmasına xələl gətirəcəkdir. Bununla yanaşı qanunvericilik aliment miqdarının dəyişdirilməsinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması halında həllini təsbit edir ki, hazırki iddia tələbi üzrə alimentin azaldılması üçün yeni əsasların yaranması müəyyən edilmir. Məhkəmə işin hallarını və yuxarıda göstərilənləri nəzərə alaraq, iddia tələbini əsassız hesab edir. Belə ki, İddiaçı rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması 12 dekabr 2010-cu il təvəllüdlü X4 və 13 oktyabr 2016-cı il təvəllüdlü X5 adlı uşaqlarını saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda iddiaçı alimentin miqdarı müəyyən olunduqdan sonra ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından əsaslı və qanuni deyil və bu səbəbdən də məhkəmə iddianın təmin olunmamasını ədalətli və əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar