Məhkəmə qərarları › İş №e-2(025)-1471/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1471/2024

27.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1471/2024 27.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, alimentin təyin edilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı aliment tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə YY Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulması, o cümlədən uşaq üç yaşına çatanadək hər ay 100,0 manat məbləğində əlavə xərclərə cəlb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə 19 avqust 2022-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş və Qəbələ rayonu, Tikanlı kəndində onunla birlikdə yaşamışlar. Onların birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü X5 adında uşaqları olmuş və münasibətləri pozulduğundan bir il bundan qabaq faktiki surətdə ayrılmışlar. Cavabdeh günəmuzd fəhlə işləyir və gəlirlərini gizlədərək uşaqların maddi cəhətdən təmin olunmasında iştirak etmir. O, 3-cü qrup əlil olmaqla cəmi 150,0 manat pensiya alır və uşağa baxdığı üçün işləyə bilmədiyindən nə uşağın, nə də özünün ən zəruri maddi təlabatlarını təmin edə bilmir. Ona görə də, birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulması, o cümlədən uşağın üç yaşına çatanadək əlavə olaraq ona ayda 100,0 manat məbləğində maddi yardım göstərilməsi barədə iddia qaldırmışdır. İddiaçı nümayəndəsi Nümayəndə təmsil etdiyi şəxsin izahatında göstərilən xüsusatları eyni ilə təsdiq etmişdir. Cavabdeh izahatında göstərmişdir ki, o, 19 avqust 2022-ci il tarixdə İddiaçı ilə rəsmi nikaha daxil olaraq evlənmiş və Qəbələ rayonu, Tikanlı kəndində onunla birlikdə yaşamışlar. Onların birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü X5 adında uşaqları olmuş və münasibətləri pozulduğundan bir il bundan qabaq faktiki surətdə ayrılmışlar. Uşaq İddiaçı himayəsində qalmışdır. O, fəhlə kimi tapşırılan işləri yerinə yetirməklə əldə etdiyi təsadüfi qazancla dolanır və kredit ödədiyi üçün uşağın maddi cəhətdən təmin olunmasında iştirak edə bilmir. İddiaçı ilə boşanmağa tərəfdar olmadığından xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmasından aliment ödəmək, o cümlədən uşaq üç yaşına çatanadək hər ay əlavə xərclərə cəlb edilmək vəzifəsi daşımır. İşdə olan 03 oktyabr 2024-cü il tarixli 3-16-5/7-M*7xx-xx/2023 nömrəli “arayışın” surətinə əsasən Cavabdeh ilə X8 nikahı xx.xx.2022-ci il tarixdə 3 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Məmmədşərifova soyadı verilmişdir. İşdə olan AZ-İV 899232 nömrəli «doğum haqqında» şəhadətnamənin surətinə əsasən İddiaçı doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X2 Allahverdi Gülağa oğlundan törəmişdir. AR MPM 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında olan ər-arvad münasibətləri pozulmuş və faktiki surətdə ayrılmışlar. Birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X1 Aygül Aydın qızının yanında qalmışdır. «Uşaq hüquqları haqqında» AR Qanunun 13-cü maddəsinə əsasən uşağın AR qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. AR Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görə üçdə bir hissəsi, üç və daha çox uşağa görə isə qazancının aliment verməyə borclu olan valideynin qazancının və ya başqa gəlirlərinin yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynlərin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, yaxud onun qazancı və sair gəliri yoxdursa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235,0 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2. bəndində izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunverciliyi ilə müəyyən edilmiş minimum dolancaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır («Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideyinlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyindən tutulmasına əsas verir.Aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, tərəflərin ayrı yaşaması, birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X3 İddiaçı yanında qalması nəzərə alınaraq uşağın yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü ananın xeyrinə Cavabdeh hər ay sabit pul məbləğində aliment tutulmalı, alimentin miqdarı müəyyən edilərkən ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu və tərəflərin əmlak vəziyyəti nəzərə alınmalıdır. AR Ailə Məcəlləsinin addə 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad (84.2.1); hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad (84.2.2); 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad (84.2.3) buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, Cavabdeh maddi yardım ödəmək üçün zəruri vəsaitə malik olmaması (tədqiq olunmuş sübutlarla müəyyən edilməmişdir) və İddiaçı əmək qabiliyyətində olması nəzərə alınaraq uşaq üç yaşına çatanadək arvadı saxlamaq vəzifəsi cavabdehin üzərinə qoyulmamlıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Birgə nikahdan doğulmuş 30 may 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulması 07 oktyabr 2024-cü il tarixdən hesablansın və dərhal icra olunsun. Qalan hissədə iddia tələbi təmin edilməsin. Cavabdeh 45,0 (qırx beş) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar