Məhkəmə qərarları › İş №e-2(025)-153/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-153/2025

28.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-153/2025 28.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, aliment tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 18 yaşına çatanadək saxlanmalarına görə hər uşaq üçün hər ay 246 manat olmaqla, cəmi 492 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o və Cavabdeh xx.xx.2009-cu il tarixində nikaha daxil olmuşlar və onların nikahları Naxçıvan şəhər 1 saylı nikah evində 507 nömrə ilə qeyd edilmişdir. Birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X10 dünyaya gəlmişdir. Birgə yaşadıqları müddətdə ilk vaxtlar münasibətləri normal olmuş, daha sonra cavabdehin ailəyə baxmaması və laqeydliyinə görə aralarında ailədaxili münaqişələr yaranmış, getdikcə də həmin münaqişələr davamlı olmuş və daha da kəskinləşmişdir. Hal–hazırda faktiki olaraq ayrılmışlar və o, uşaqları ilə Abşeron rayonunda kirayə mənzildə yaşayır, cavabdeh isə uşaqların saxlanması üçün heç bir dəstək olmur. Özü xəstədir, əməliyyat olunmuşdur, işləyə də bilmir. Anası və bacının dəstəyi ilə güclə dolanırlar, ona görə də alimentin tutulması ilə bağlı ilkin olaraq mediasiya prosesi barədə müraciət etmiş, daha sonra hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə poçt vasitəsi ilə ərizə göndərərək göstərmişdir ki, o, maddi imkansızlıq səbəbindən məhkəmə iclasında iştirak edə bilmir. Çünki o, faktiki olaraq Abşeron rayonunda yaşayır. Hər dəfə məhkəməyə gəlib getmək onun üçün maddi cəhətdən çətindir. İşə iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, hər uşaq üçün 200 manat aliment ödəməyə hazır olduğunu bildirmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasını iddiaçının və cavabdehin iştirakı olmadan keçirməyi məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Nikah haqqında şəhadətnamə məlumatlarından görünür ki, Cavabdeh ilə X2 07 dekabr 2009-cu ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 507 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Aslanov, arvada Aslanova soyadı verilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZ-İİİ seriyalı, 052658 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2013-cü il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-cü ildə 202 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Qəbələ Regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli, AZ-İİİ seriyalı, 866514 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2016-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-ci ildə 357 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Abşeron-Xızı Regional Təhsil İdarəsi Xırdalan şəhər 11 nömrəli tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 044 və 045 nömrəli arayışlardan görünür ki, X1 şəhər 11 nömrəli tam orta məktəbin İİİ a sinfində, X9 isə həmin məktəbin Vİ b sinfində Azərbaycan bölməsində təhsil alır. İş materiallarında olan “İlkin X3 Edilməməsi Barədə” xx.xx.2024-cü il tarixli MŞB/18/2024- 01124 nömrəli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli mediasiya proseslərində İddiaçı iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin X3 tələb olunur. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin X3 etməlidirlər. Göründüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Bakı şəhərində fəaliyyət göstərən Bakı 18 saylı Mediasiya təşkilatının mediatoru X12 müraciət edilmişdir. Müvafiq olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 21.8-ci maddəsinə uyğun olaraq ““X3 edilməməsi Barədə” arayış verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8- 2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əlavə edilmiş 8.4-1 yarımbəndinə görə “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). “Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun: Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 27 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 232.1-ci maddəsinə əsasənTərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmədə tərəfin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər xx.xx.2009-cu il rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X10 adlı uşaqları doğulmuşdur, tərəflər arasındakı nikah rəsmi qaydada pozulmamış, tərəflərin birgə nikahından anadan olmuş, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X10 anaları İddiaçı yanındadır. İddiaçı iddia ərizəsində uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Cavabdeh isə hər ay hər uşaq üçün 200 manat aliment ödəməyə imkanı çatdığını bildirir. Göstərilənlərə əsasən məhkəmə aliment məbləğinin həcmini, cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşaqların və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının 2025-ci il üçün hər uşaq üçün müəyyən edilmiş 246 manat məbləğində alimenti ödəyə biləcək kifayət qədər maddi imkana malik olmasını təsdiq edən hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə qeyd edilənləri, həm 2025-ci il üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının məbləğini nəzərə alaraq belə qənaətə gəlir ki, uşaq üçün hər ay 246 manat alimentin tutulması ilə cavabdehin alimentlə bağlı tələbi iddiaçının zəruri vəsaitə malik olmasına dair sübutlar təqdim edilmədiyindən, uşaqlara baxmaq atanın vəzifəsi olduğu kimi ananın da vəzifəsi olduğundan qismən təmin edilməli və hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində (200 manat) sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2024-cü il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə tərəfin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşaq üçün 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olan iddialarda 30 manat+1000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçıların dövlət rüsumunu ödəməkdən azad olunduğu nəzərə Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən 68 (altmış səkkiz) manat dövlət rüsumu tutulmalı və dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşaq üçün 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 68 (altmış səkkiz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar