Məhkəmə qərarları › İş №e-2(025)-1633/2025

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-1633/2025

21.10.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-1633/2025 21.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayeva Elvina Allahverdi qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinə əsasən: 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Azərbaycan Respublikası MPM-nin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl X1 iştirak tələb olunur. Göründüyü kimi iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməklə məhkəməyə təqdim edilmişdir. Belə ki, hazırda tərəflər arasında olan mübahisə əmək münasibətlərindən irəli gəlməkdədir və bu səbəbdən məhkəməyə müraciət edərkən mediasiya sessiyasında iştirakı təsdiq edən sənədin iddia ərizəsinə əlavə edilməsi mütləqdir. İddia ərizəsinə əlavə edilmiş Mingəçevir 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞY/MT031/2023-00594 nömrəli “X1 İştirak Edilməməsi barədə” arayışdan görünür ki, X3 tərəfindən əmək mübahisəsi ilə bağlı mediasiya təşkilatına müraciət edilmiş, xx.xx.2023-cü il, saat 12:00-ya təyin edilmiş mediasiya prosesində Cavabdeh iştirak etməmişdir. X3 xx.xx.2023-cü il tarixdə ölmüşdür. xx.xx.2025-ci il tarixdə İddiaçı Mingəçevir RDTİ və MHQi tərəfindən xx.xx.1996-cı il tarixdə X2 Mingəçevir şəhəri, Nigar Rəfibəyli küçəsi, ev 549 qeydalma nömrəsi ilə qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən 3 otaqlı 4 saylı mənzilə dair “Məcburi paya vərəsəlik hüququ haqqında Şəhadətnamə” verilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9.1-ci maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə iddia ərizəsi məhkəmə tərəfindən baxılmamış saxlanılır. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər X1 iştirak etməlidirlər. Tərəflər mediasiya sessiyasında iştirak etmək üçün birlikdə müraciət etdikdə ilkin mediasiya sessiyasının keçirilməsi tələb olunmur. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən Bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediasiya təşkilatı aparır. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən Tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə Mediasiya Şurası tərəfindən həmin şəhər və ya rayon üzrə müəyyən edilən və (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Mediasiya təşkilatı mediatoru 3 (üç) iş günü ərzində təyin edir. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən Məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər. Məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.2 və 28.3-cü maddələrinin tələblərindən görünür ki, mediator və ya mediasiya təşkilatı ya tərəflərin qarşılıqlı razılığı ilə seçilməli, ya da mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı olmalıdır. Hazırkı işdə isə cavabdehin mediasiya prosesinin Mingəçevir 1 saylı Mediasiya Təşkilatının mediatoru İsmayılov Adil oğlunun iştirakı ilə keçirilməsi barədə razılığının olması sübuta yetirilmir. Əksinə cavabdehin mediasiya prosesində iştirak etməməsi onun belə bir razılığının olmadığını göstərir. Göründüyü kimi ilkin mediasiya sessiyasının tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediasiya təşkilatı vasitəsi ilə keçirilmədiyindən, ilkin mediasiya sessiyası mübahisənin aidiyyəti üzrə Qəbələ rayonunda yerləşən mediasiya təşkilatında keçirilməli idi. Həmçinin məhkəmə qeyd edir ki, hazırkı mübahisənin aid olduğu Qəbələ rayonu ərazisində Qəbələ 1 saylı Mediasiya Təşkilatı fəaliyyət göstərməkdədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mərhum X3 “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.2 və 28.3-cü maddələrinin tələblərinə əməl etmədən Mediasiya Təşkilatına müraciət etdiyindən və bu hal cavabdehin hüquqlarını pozduğundan iddia ərizəsinə əlavə edilmiş Mingəçevir 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞY/MT034/2024-00289 nömrəli “X1 İştirak Edilməməsi barədə” arayışı iddiaçının mediasiya prosesində iştirakı təsdiq edən sənəd kimi qəbul edilməsi yolverilməzdir. Eyni zamanda İddiaçı özü tərəfindən Mediasiya Təşkilatına müraciətlə bağlı X1 iştirak etməsini təsdiqləyən sənəd əlavə etməmişdir. Həmçinin İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş “Məcburi paya vərəsəlik hüququ haqqında Şəhadətnamə” yalnız ünvan 1 ünvanında yerləşən 3 otaqlı 4 saylı mənzilə dair verilmişdir. Hazırki mübahisə ilə bağlı iddiaçının mirasqoyanın vərəsəsi olması barədə təsdiqedici sənəd iş materiallarına əlavə edilməmişdir. Bu səbəbdən iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.6-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə görə isə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “əmək haqqı” tələbinə dair idida ərizəsi geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar