Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1926/2025 05.03.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər, Cavabdeh1 və qeyrilərinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər, Cavabdeh1 və qeyrilərinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə iddia iddia qaldıraraq Cavabdeh1, X3, X4 və Cavabdeh3 əsassız şikayətləri, zorakılıq, böhtan və psixoloji təsirləri səbəbindən maddi və mənəvi zərər çəkdiyini göstərərək xeyrinə 10.000,0 manat məbləğində təzminat ödənilməsi, o cümlədən Cavabdeh1 ilə birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 təhlükəli təsirlərdən qorunması üçün məcburi təsir tədbirləri görülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı göstərmişdir ki, o, Cavabdeh1 ilə 09 avqust 2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş və Qəbələ rayonu Yengicə kəndində onunla birlikdə yaşamışdır. Onların 14 may 2009-cu il təvəllüdlü X5 və 10 dekabr 2013-cü il təvəllüdlü X2 adında uşaqları olmuşdur. Cavabdeh1 psixoloji problemləri olması, evlilikdən irəli gələn öhdəliklərini yerinə yetirməkdən imtina etməsi (cinsi əlaqədən yayınması ) və uşaqlarla amansız rəftarı səbəbindən münasibətləri pozulmuş və 2025-ci ilin mart ayında birdəfəlik ayrılmışlar. Qəbələ rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və uşaqlar Cavabdeh1 himayəsinə verilmişdir. Boşandıqdan sonra Cavabdeh1 uşaqlarla birlikdə valideynlərinə məxsus olan Qəbələ rayonu Topdağ kəndində yerləşən fərdi yaşayış evində yaşamış, X3, X4 və Cavabdeh3 təsiri ilə onun uşaqları ilə ünsiyyət saxlamasına imkan verməmiş və onları radikal dini qruplaşmalara yönəltməyə çalışmışdır. Bundan başqa X3 ona böhtan ataraq qanunsuz silah saxlaması və təhlükəli olması barədə Qəbələ RPŞ-yə yalan məlumat vermiş və onu tutdurmağa çalışmışdır. Cavabdeh tərəfin hərəkətləri nəticəsində o, mənəvi sarsındılara məruz qalmış, sağlamlığı pozulmuş, sinir sistemi zədələnmiş və psixologi gərginliyi artmışdır. Ona görə də, dəymiş maddi və mənəvi zərərin ödənilməsindən ötrü 10.000 ( on min) manat məbləğində təzminat ödənilməsi barədə iddia qaldırmışdır. İşdə olan Qəbələ rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(025) 1156/2025 saylı qətnaməsinin surətinə əsasən Cavabdeh1 ilə İddiaçı arasında 09 avqust 2008-ci il tarixli 06 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, boşanmadan sonra birgə nikahdan doğulmuş 14 may 2009-cu il təvəllüdlü X5 və 10 dekabr 2013-cü il təvəllüdlü X2 iddiaçı Cavabdeh1 yanında qalmış və yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulub Cavabdeh1 xeyrinə ödənilmişdir. İşdə olan X10 Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Tibbi Rəyə əsasən İddiaçı sinir sitemində gərginlik və prostatda funksional pozğunluq şikayətləri ilə müraciət etmiş və dörd ay müddətinə 650,0 manat dəyərində müalicə almışdır. Ona ailə mühiti və psixoloji vəziyyəti də nəzərə alınaraq, daimi psixoloji dəstək və normal cinsi həyatın qorunması tövsiyyə olunmuşdur. (Nəticə: İddiaçı müşahidə olunan uroloji pozğunluqların yaranma səbəbi uzun müddətli cinsi münasibətlərin olmaması, psixoloji gərginlik və ailə həyatında davamlı emosional yük ilə əlaqədardır.) AR Konstitusiyasının 32-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. AR Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqlar və vəzifələrin əmələ gəlməsi əsasını təşkil edir. Həmin Məcəllənin 21.1 maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzininin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. AR Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı ilə izah edilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər; Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı sağlamlığında yaranmış uroloji pozğunluqlar və psixoloji problemlər ailə həyatındakı davamlı emosional gərginliklə əlaqədar olduğundan onun sağlamlıq vəziyyətinə görə Cavabdeh1, X3, X4 və Cavabdeh3 hər hansı bir bir məsuliyyət daşımır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər . Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-1926/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1926/2025
05.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver