Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-256/2022 23.02.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların himayədə qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 01.06.2010-cu il tarixdə Qəbələ rayon Qeydiyyat şöbəsində aralarında bağlanmış nikahın pozulması, birgə nikahlarından 19.04.2011-ci il tarixdə doğulmuş Ənvər, 25.05.2013-cü il tarixdə doğulmuş Səncərin onun himayasinə verilməsi və uşaqların saxlanması üçün hər biri 18 yaşına çatana kimi hər ay sabit pul məbləğində 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 18 fevral 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi (azaldılması) barədə ərizə təqdim edərək, “uşaqların ananın himayəsində qalması və alimentin ödənilməsi ilə bağlı” məsələlərin mediasiya qaydasında bağlanmış “Barışıq sazişi” ilə öz həllini tapdığını, lakin qeyd olunan “Barışıq sazişi” iddiaya əlavə edilmədiyi, beləliklə Cavabdeh ilə 01.06.2010-cu il tarixdə Qəbələ rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın müddət verilmədən pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 01.06.2010-cu il tarixdə evlənərək ailə qurmuşdur. Cavabdehlə birgə nikahlarından 19.04.2011-ci il tarixdə Ənvər, 25.05.2013-cü il tarixdə isə Səncər adlı uşaqları doğulmuşdur. Ailə qurduqlarının ilk illərində cavabdehlə mehriban yaşasalar da, sonradan xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən aralarında mübahisələr baş verirmiş ki, bu son nəticədə uşaqların səhhətinə, tərbiyəsinə və təhsilinə pis təsir göstərmişdir. Dəfələrlə çalışmışlar ki, ailələri dağılmasın, ancaq nəticə olmamışdır. Əksinə münasibətləri daha da pisləşmişdir. 2019-cu ilin may ayından faktiki olaraq ayrılmışlar. Hazırda valideynlərinin yanında yaşamaqla hər iki uşaq da onun himayəsindədir. Cavabdeh də uşaqların onun himayəsində qalmasına razıdır. Cavabdehlə barışıb ailə münasibətlərini bərpa edib birgə yaşamaqları mümkün deyil. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, iddia tələbini müdafiə edərək, məhkəməyə təqdim etdiyi iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, eyni zamanda məhkəməyə yazılı ərizə təqdim edərək uşaqların ananın himayəsində qalması və aliment tutulmasıyla bağlı məsələ 17.12.2021-ci il tarixli “Barışıq sazişi” ilə həll olduğu üçün və eyni zaman da, onun da nikahın xitamına razı olduğunu nəzərə alaraq, iddiaçı ilə onun arasında Qəbələ rayon Qeydiyyat şöbəsində bağlanmış 01.06.2010-cu il tarixli nikahın müddət verilmədən pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, cavabdehin ərizəsini nəzərə alıb, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Qəbələ rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01.06.2010cu il tarixli, AZ-İ seriyalı, 574690 №-li “nikah haqqında şəhadətnamə”dən görünür ki, Cavabdeh ilə X3 01 iyun 2010-cu ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 36 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12.07.2021-ci il tarixli, AZ-İİ seriyalı, ******* №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 19.04.2011-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 12.07.2011-ci ildə 354 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Vəndam qəsəbə İnzibati Ərazi nümayəndəliyi tərəfindən verilmiş 16.06.2013-cü il tarixli, AZ-İİİ seriyalı, 087758 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 25.05.2013-cü il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 16.06.2013-cü ildə 43 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 16 iyul 2021-ci il tarixli, 1003 nömrəli arayışdan görünür ki, Cavabdeh Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır və halhazırda Vəndam qəsəbəsində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 16 iyul 2021-ci il tarixli, 1004 nömrəli arayışdan görünür ki, İddiaçı Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır və halhazırda Vəndam qəsəbəsində yaşayır. İş materiallarında olan “X7 Verilməsi Barədə” 17 dekabr 2021-ci il tarixli, 19 nömrəli protokoldan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirə bilməmişdirlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Göründüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Qəbələ rayonunda fəaliyyət göstərən mediator X1 müraciət edilmişdir. Müvafiq olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 32.1.2-ci maddəsinə uyğun olaraq ““X7 Verilməsi Barədə” protokol verilmişdir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 01.06.2010-cu ildə rəsmi nikaha daxil olaraq evlənmiş, birgə nikahlarından 19 aprel 2011-ci il təvəllüdlü X4 və 25 may 2013-cü il təvəllüdlü X2 adlı iki uşaqları doğulmuşdur. Hazırda tərəflər ayrı yaşayırlar və onların birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan Ənvər və Səncər adlı uşaqları anaları – İddiaçı yanındadır. Tərəflər bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş, faktiki olaraq birgə yaşamırlar, onların arasında ər-arvad münasibətlərinə son qoyulmuşdur, ümumi təsərrüfat aparmırlar. Tərəflərin birgə nikahlarından doğulmuş uşaqlarının valideynlərindən hansının yanında qalması və aliment məsələsini 17 dekabr 2021-ci il tarixdə bağlanmış “Barışıq Sazişi” ilə həll olunmuş, hazırda iddiaçı və cavabdehin “uşaq və aliment” tələbinə dair tələbləri yoxdur və bununla bağlı ərizələrini məhkəməyə təqdim etmişlər. İddiaçı və cavabdeh nikahın pozulmasına razıdırlar. Belə olan halda məhkəmə tərəflər arasında bağlanmış nikahın pozulmasını əsaslı və qanuni hesab edir. Məhkəmə tərəflərin nikahın pozulmasına qarşılıqlı razılığının olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən tərəflərin arasında olan nikah onun pozulma səbəbləri araşdırılmadan pozulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “X11” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.4-ci maddəsinə əsasən Mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “X11” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən mediasiya prosesi ilə bağlı xərclər ödənilmiş, bu səbəbdən iddiaçı və cavabdehdən dövlət rüsumu tutulmamalıdır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında Qəbələ rayonu Qeydiyyat şöbəsi tərəfindən 2010-cu il iyunun 01-də qeydə alınmış 36 nömrəli nikah pozulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Qəbələ rayonu Qeydiyyat şöbəsi tərəfindən 2010-cu il iyunun 01-də qeydə alınmış 36 nömrəli nikah pozulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-256/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-256/2022
23.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver