Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-277/2025 01.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair (Açar sözlər: maddi ziyan tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 4500 manat pulun alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Qəbələ rayon köhnə Mərkəzi xəstəxanasının həyətində 500 manat, bir neçə gün sonra Qəbələ rayonu Əmili kəndi ərazisində yerləşən kafedə 1500 manat, daha bir neçə gün sonra isə Tövlə kəndində onun həyətində 2500 manat məbləğində, cəmi 4500 manat pulunu götürmüş, əvəzində vəd etdiyi kimi dayandırılmış təqaüdünü yenidən bərpa edəcəyinə köməklik göstərəcəyini vəd etmişdir. Ancaq cavabdeh aldığı 4500 manat pulun müqabilində hər hansı real hərəkət etməmiş, onu aldadaraq aldığı 4500 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Dəfələrlə müraciət etməyinə baxmayaraq pulu qaytarmaqdan müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Aldadıldığını başa düşərək Qəbələ RPŞ-nə rəsmi ərizə ilə müraciət etmişdir. Polis araşdırması zamanı cavabdehin hərəkətləri, yəni onu aldatması tam sübuta yetmiş. barəsində Qəbələ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(025)-7/2024 hökmü ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda cəzasını çəkib qurtarıb. Ancaq borcunu ödəməkdən yayınır. Məhkəmə vasitəsilə pulun cavabdehdən alınması məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək göstərdi ki, həbsdən təzə çıxmışdır. Maddi imkanı olmadığından İddiaçı pulunu qaytara bilmir. Gələcəkdə pulu qaytaracaqdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 28fevral 2024-cü il tarixli, 1(025)- 7/2024 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh 2023-cü ilin aprel ayının əvvəllərində Qəbələ rayon Tövlə kənd sakini İddiaçı ümumilikdə 4500 (dörd min beş yüz) manat pul vəsaitini hissə-hissə, lakin vahid niyyətlə əhatə olunmuş qəsd formasında onun etibarından sui-istifadə etmək və aldatma yolu ilə ələ keçirmək barədə qərara gəlib, İddiaçı xx.xx.2008-ci il tarixdən etibarən İİ dərəcə əlilliyinə və Prezident təqaüdünə görə aldığı lakin xx.xx.2021-ci il tarixdən etibarən dayandırılmış təqaüdlərini yenidən bərpa etdirəcəyinə köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq özünə inandırmaqla ondan guya qeyd olunan məsələlərin həlli üçün bu sahədə vəzifədə olan özündən uydurduğu tanışlarına vermək adı ilə 2023-cü ilin aprel ayında istintaqa dəqiq məlum olmayan tarixlərdə hissəhissə, yəni ilk dəfə Qəbələ rayon Mərkəzi Xəstəxanasının həyətində 500 (beş yüz) manat, bundan 2 gün sonra 2023-cü ilin aprel ayında istintaqa dəqiq məlum olmayan tarixdə Qəbələ rayon Əmilli kəndi ərazisində yerləşən kafedə 1500 (bir min beş yüz) manat və sonuncu dəfə isə bundan 4 gün sonra 2023-cü ilin aprel ayında istintaqa dəqiq məlum olmayan tarixdə Qəbələ rayon Tövlə kəndi ərazisində İddiaçı həyətində 2500 (iki min beş yüz) manat olmaqla ümumilikdə 4500 (dörd min beş yüz) AZN məbləğində pul vəsaitini bilavasitə götürmüş, lakin verdiyi vədə əməl etmədən və ya bu istiqamətdə hər hansı real hərəkətlər etməyərək həmin pulları öz şəxsi ehtiyaclarına sərf etmiş, bununla da zərərçəkmiş şəxs İddiaçı məxsus ümumilikdə 4500 (dörd min beş yüz) AZN məbləğində pul vəsaitini aldatma və sui-istifadə etmə yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə dələduzluq cinayətini törətmişdir. Qeyd olunanlar Qəbələ Rayon Məhkəməsinin 28 fevral 2024cü il tarixli, 1(025)-7/2024 nömrəli hökmü ilə sübuta yetmiş, iş üzrə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda isə iddiaçı məhkəməyə müraciət edərək ona dəymiş maddi ziyanın cavabdehdən tutulmasını tələb edir. Göründüyü kimi Qəbələ Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 1(025)-7/2024 nömrəli hökmü ilə Cavabdeh təqsiri müəyyən olunmuş və sonuncunun dələduzluq yolu ilə İddiaçı vurduğu maddi ziyanın 4500 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmə, iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatla, həmçinin Qəbələ Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 1(025)-7/2024 nömrəli hökmündə cavabdehin özünün etirafı ilə sübuta yetmişdir. Bundan əlavə məhkəmə iclasında cavabdeh öz ifadəsində iddiaçının tələb etdiyi 4500 manat məbləğində iddia tələbini qəbul etdiyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni 4500 manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4500 manat məbləğində maddi ziyan və 65 manat dövlət rüsumu, ümumilikdə 4565 (dörd min beş yüz altmış beş) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4500 manat məbləğində maddi ziyan və 65 manat dövlət rüsumu, ümumilikdə 4565 (dörd min beş yüz altmış beş) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-277/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-277/2025
01.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver