Məhkəmə qərarları › İş №e-2(025)-758/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-758/2024

21.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-758/2024 21.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, aliment tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş 11 oktyabr 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin və Mediasiya Təşkilatına ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə nikahları xx.xx.2022-ci il tarixdə Qəbələ regional “ASAN xidmət“ mərkəzində 619 nömrə ilə qeydə alınmışdır. Cavabdehlə birgə nikahdan 11 oktyabr 2023-cü il tarixdə X5 adlı övladları anadan olmuşdur. Ailə qurduqları ilk günlər münasibətləri normal olmuş, aralarında heç bir narazılıq olmamışdır. Sonradan münasibətləri pozulmuş, xasiyyətləri uyğun gəlməmiş, tez-tez ailədə söz-söhbət, mübahisələr və münaqişələr baş vermişdir. Dəfələrlə onun adına bankdan kreditlər almış və kreditləri ödəməmişdir. (Hal-hazırda valideynləri onları ödəyir). Hal-hazırda cavabdeh ilə birlikdə yaşamırlar. Övladı onun himayəsindədir və onların maddi təminatı ilə cavabdeh şəxs maraqlanmır. Uşaqın saxlanılması üçün yeməyə, geyimə, müalicəyə və digər ehtiyyaclara tələbatı yaranmışdır. Onun təkbaşına onu böyütmək üçün müvafiq xərclərini ödəməsi mümkün deyildir. Uşaqının təminatına valideynləri köməklik edirlər. Hesab edir ki, cavabdehin uşağının saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanı çatır. Belə ki, cavabdeh fərdi işlərlə məşğuldur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, özü X6 işləyir və 307 manat əmək haqqı alır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən edərək izahatında göstərdi ki, iddiaçı ilə barışmaq niyyətindədir. Özünün çoxlu borcu vardır və aylıq qazancı 400-450 manat təşkil edir. Hər ay 180 manat aliment ödəməyə maddi imkanı çatır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan Qəbələ regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ seriyalı, 504167 nömrəli “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 ilə Cavabdeh 20 noyabr 2022-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 619 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Yolçuyev, arvada Yolçuyeva soyadı verilmişdir. İş materiallarında olan Qəbələ regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 oktyabr 2023-cü il tarixli, AZ-İV seriyalı, 918361 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2023-cü ildə 994 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. “Elektron Məhkəmə” sistemindən çıxarılmış və iş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, İddiaçı X1 İdarəsində “Texnik, səhnə” vəzifəsində işləməklə aylıq əmək haqqı 374 manat təşkil edir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Böyük Pirəlli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 aprel 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Qəbələ rayonu, Böyük Pirəlli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İş materiallarında olan “X4 X14 Etdirilə Bilməməsi” barədə xx.xx.2024-cü il tarixli MQ/MT2***-******* nömrəli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixli saat 14:00-15:00-da keçirilən mediasiya prosesində Cavabdeh mediasiya prosesini davam etdirməyə razı olmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Göründüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Qəbələ rayonunda fəaliyyət göstərən mediator X3 müraciət edilmişdir. Müvafiq olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 21.8-ci maddəsinə uyğun olaraq ““X4 X14 Etdirilə Bilməməsi” arayış verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun: Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmədə tərəfin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər 20 noyabr 2022-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahlarından 11 oktyabr 2023-cü il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur, tərəflər arasındakı nikah rəsmi qaydada pozulmamış, tərəflərin birgə nikahından anadan olmuş uşaqları ananın yanındadır. İddiaçı iddia ərizəsində uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 235 manat aliment tutulmasını xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək, aylıq 180 manat aliment tutulmasını xahiş edir. Göstərilənlərə əsasən məhkəmə 11 oktyabr 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində 200 (iki yüz) manat alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab edir və təmin edilməsi qənaətinə gəlir. Məhkəmə belə qənaətə gələrkən iddiaçının cavabdehin hər ay 235 manat məbləğində aliment ödəmə qabiliyyətinə malik olmasına və əlavə gəlirlərinin olmasına dair iddiada hər hansı sübut təqdim etməməsini, övladlara baxmağın atanın vəzifəsi olduğu kimi, ananında vəzifəsi olmasını, iddiaçının özünün də işləyərək əmək haqqı almasını nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2024-cü il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə tərəfin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, 11 oktyabr 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 (iki yüz) manat aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olan iddialarda 30 manat+1000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçıların dövlət rüsumunu ödəməkdən azad olunduğu nəzərə Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən 44 (qırx dörd) manat dövlət rüsumu tutulmalı və dövlət büdcəsinə ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmədə işə baxılması ilə əlaqədar məsrəflərə mediasiya xərci daxil deyildir və həmin xərclərin tərəflərdən tutulması qaydası “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsi ilə tənzimlənir. Belə ki, Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iş materiallarından da göründüyü kimi mediasiya xərcinin digər formada ödənilməsinə dair qeyd-şərt və ya mediasiya xərclərinin bərabər şəkildə bölüşdürülməsini istisna edə hər hansı hal müəyyən edilmədiyindən, mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş 50 manat məbləğində mediasiya xərci tərəflər arasında bərabər bölüşdürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, 11 oktyabr 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 (iki yüz) manat aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Cavabdeh 25 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar