Məhkəmə qərarları › İş №e-2(026)-335/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-335/2025

28.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-335/2025 28.07.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş, lakin ödənilməmiş 6540 manat maddi zərər, hüquqi yardıma görə ödənilmiş 300 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 88,4 manat dövlət rüsumu olmaqla, ümumilikdə 6928,4 manat maddi zərərin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 02 dekabr 2024-cü il tarixdə, saat 14:30 radələrində mülkiyyətində və istifadəsində olan “Toyota Land-Cruiser” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Yeni Yasamal, Kənar-Dairəvi yolla Badamdar qəsəbəsi istiqamətindən Biləcəri qəsəbəsi istiqamətinə doğru hərəkətdə olarkən qarşısında hərəkət edən ağ rəngli avtomobil sağ tərəfə dönmək üçün hərəkətini dayandırdıqda o da hərəkətini dayandırmaq məcburiyyətində qalmış və həmin vaxtı arxadan hərəkət edən əvvəllər tanımadığı və sonradan adı ona məlum olan Cavabdeh idarə etdiyi “Kamaz 5511/13T” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını qabaq hissəsi ilə onun avtomobilinin arxa hissəsindən toqquşaraq ağır yol-nəqliyyat hadisəsi baş vermişdir. İddia ərizəsinə əlavə edilmiş Yasamal RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X1 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 dekabr 2024-cü il tarixli, HK-1/1719 nömrəli qərardan da göründüyü kimi, Bakı şəhəri, Yeni Yasamal, Kənar-Dairəvi yolla Badamdar qəsəbəsi istiqamətindən Biləcəri qəsəbəsi istiqamətinə doğru hərəkətdə olan “Kamaz 5511/13T” markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh əyləcdən istifadə etsə də, idarə etdiyi yük avtomaşınının qabaq hissəsi ilə “Toyota Land-Cruiser” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən dəymişdir. Eyni zamanda, Yasamal RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı F.Həsənov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 dekabr 2024-cü il tarixli, HK-1/1719 nömrəli qərar ilə “Kamaz 5511/13T” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-yə göndərilmişdir. "xxxx" ASCnin 06 yanvar 2025-ci il tarixli sığorta hadisələrinin araşdırılması departamentinin qiymətləndirmə aktında göstərilmişdir ki, 2013-cü il istehsal tarixli, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomaşına ekspertlər tərəfindən keçirilmiş baxış nəticəsində müəyyən olunmuşdur ki, həmin avtomobilin təmiri üçün 7630 manat məbləğində xərc tələb olunur. Lakin qeyd olunan yol-nəqliyyat hadisəsi zamanı faktiki olaraq 2013-cü il buraxılışlı, “Toyota Land-Cruiser” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə ələqədar iddiaçıya 11540 manat məbləğində maddi ziyan dəymişdir. Qeyd olunanlar iddia ərizəsi, tərəflərin izahatları, Bakı şəhəri, Yasamal RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı X1 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 dekabr 2024-cü il tarixli, HK-1/1719 nömrəli qərar və işdə olan digər sənədlərlə təsdiqlənir. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir. Hazırkı iddia tələbi üzrə cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan yuxarıda sadalanan bütün şərtlər mövcuddur. Belə ki, Cavabdeh hərəkəti mülki hüquq pozuntusudur (deliktdir). Çünki onun İXM-in 327.1-ci maddəsinin tələblərini pozması, dolayısı ilə, təqsirli olaraq hüquqa zidd əməl törətməsi, iddiaçının məruz qaldığı zərərin məhz cavabdehin hüquqazidd hərəkəti nəticəsində yaranması və bunlar arasındakı səbəbli əlaqə yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Beləliklə, hesab edir ki, iddia tələbi təmin edilməli, avtomobilin təmiri üçün tələb olunan 11540 manat maddi zərərin sığorta şirkəti tərəfindən ödənilmiş 5000 manatı çıxıldıqdan sonra qalan 6540 manat, onun tərəfindən vəkilə hüquqi yardıma görə ödənilmiş 300 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 88,4 manat dövlət rüsumu olmaqla, ümumilikdə 6840 manat zərərin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. O, verilmiş suallara cavab olaraq bildirdi ki, iddiaçıya 5000 manat məbləğində sığorta ödənişini "xxxx" ASC ödəmişdir. Həmin sığorta şirkəti tərəfindən iddiaçının avtomobilinə dəymiş zərər 7630 manat məbləğində müəyyən edilsə də, onun avtomobilinə dəymiş zərərin həcmi 11540 manat təşkil edir. Lakin hazırda sığorta şirkəti tərəfindən hesablanmış zərər məbləğinin mübahisələndirilmiş olmasına dair hər hansı sənəd təqdim edə bilmir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh bildirdi ki, iddiaçıya onun icbari sığorta şirkəti tərəfindən 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. Hesab edir ki, iddiaçı hazırda ondan yüksək məbləğdə pul tələb edir. O, həmin pulu bütövlükdə ödəyə bilməz, yalnız hər ay hissə-hissə ödəniş etmək iqtidarındadır. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan HK-1/1719 saylı material üzrə Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X1 tərəfindən qəbul edilmiş 12 dekabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 02 dekabr 2024-cü il tarixdə, saat 14:46-da vətəndaş İddiaçı DİN-in “102” xidmətinə zəng edərək, Bakı şəhəri, Yasamal rayonu, Kənar Dairəvi yolda “Toyota” markalı avtomobil ilə “Kamaz” markalı avtomobilin toqquşması barədə məlumat vermişdir. Həmin məlumat əsasında tərtib edilmiş raport 02 dekabr 2024-cü il tarixdə Yasamal RPİ-nin “cinayətlər barədə məlumatların qeydiyyatı” kitabında HK-1/1719 nömrə ilə qeydə alınaraq araşdırmanın davam etdirilməsi ona həvalə edilmişdir. Araşdırma zamanı təhqiqatçı tərəfindən hadisə yerinə baxış keçirilərək bu barədə protokollar və hadisə yerinin sxemi tərtib edilmiş, həmçinin fotoşəkillər çəkilərək materiala əlavə olunmuşdur. Araşdırma zamanı izahatı alınmış İddiaçı göstərmişdir ki, “Toyota Land-Cruiser” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobili “B” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. 02 dekabr 2024-cü il tarixdə, saat 14:30 radələrində qeyd etdiyi avtomobillə Yasamal rayonu, Kənar Dairəvi yolla Badamdar qəsəbəsi istiqamətindən Biləcəri qəsəbəsi istiqamətində hərəkət edərkən qarşısında hərəkət edən ağ rəngli avtomobil sağ tərəfə dönmək üçün hərəkətini dayandırdıqda o da hərəkətini dayandırmaq məcburiyyətində qalmış və həmin vaxt arxadan hərəkət edən “Kamaz” markalı yük avtomaşını qabaq hissəsi ilə onun avtomobilinin arxa hissəsindən dəymişdir. Bundan sonra orada olan şəxslər onun xəsarət almasını zənn edərək təcili yardıma məlumat vermişlər, lakin oraya yaxınlaşan təcili yardım briqadasına xəsarət almadığını bildirmişdir. Hadisə zamanı avtomobildə xəsarət alan şəxs olmamışdır. Araşdırma zamanı izahatı alınmış vətəndaş Cavabdeh göstərmişdir ki, “Kamaz 5511/13T” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. 02 dekabr 2024-cü il tarixdə, saat 14:30 radələrində qeyd etdiyi avtomobillə Yasamal rayonu, Kənar Dairəvi yolla Badamdar qəsəbəsi istiqamətindən Biləcəri qəsəbəsi istiqamətində hərəkət edərkən qarşısında hərəkət edən “Toyota Land-Cruiser” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkəti dayandırmış və əyləcdən istifadə etsə də, idarə etdiyi yük avtomaşını qabaq hissəsi ilə “Toyota Land-Cruiser” markalı avtomobilin arxa hissəsindən dəymişdir. Beləliklə, həmin qərarla vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Kamaz 5511/13T” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surətinin Yasamal RPİ-nin DYPŞnə göndərilməsi qərara alınmışdır. İşdə surəti olan Yasamal rayon DYPŞ-nin 24 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh barəsində tərtib edilmiş İXP6843857 nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq müəyyən edilmişdir ki, Cavabdeh 02 dekabr 2024-cü il tarixində, saat 14:30-da Yasamal rayonu, Kənar Dairəvi yol (53/1-76624) ərazisində “Kamaz 5511/13T” yük markalı, **-BH- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozulması nəticəsində Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Cavabdeh İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İşdəki İddiaçı barəsində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə sorğulanmış məlumatlardan görünür ki, onun mülkiyyətində “Toyota Land-Cruiser” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı nəqliyyat vasitəsi mövcuddur. İşdə surəti olan H.Z.Tağıyev adına xüsusi kiçik müəssisəsinin nəzdində olan avtoservis tərəfindən tərtib olunmuş 31 yanvar 2025-ci il tarixli ziyan aktından görünür ki, İddiaçı idarə etdiyi “Toyota Land-Cruiser” markalı (qara), **-VH-*** dövlət qeydiyyat nişanlı 2013-cü il minik avtomobilinə avtoservisin ustaları tərəfindən baxış keçirildikdən sonra müəyyən olunmuşdur ki, nəqliyyat vasitəsinin ustalar tərəfindən təmirə ehtiyacı vardır. Avtomobildə ustalar tərəfindən görülən işlərin cədvəli və ümumi qiyməti aşağıdakı kimidir: 1) 1 ədəd üst baqaj – 450 manat; 2) 1 ədəd alt baqaj – 1100 manat; 3) 1 ədəd arxa bufer – 420 manat; 4) 1 ədəd arxa buferin alt hissəsi – 120 manat; 5) 4 ədəd arxa stoplar komplekt – 270 manat; 6) 4 ədəd arxa radarlar – 160 manat; 7) 4 ədəd arxa radarların yuvası – 40 manat; 8) 1 ədəd arxa şüşə padpress – 600 manat; 9) 1 ədəd sağ yan şüşə – 240 manat; 10) 2 ədəd üst baqajın petləsi – 140 manat; 11) 1 ədəd üst baqajın zamoku – 210 manat; 12) 2 ədəd alt baqajın petləsi – 140 manat; 13) 2 ədəd alt baqajın zamokları – 180 manat; 14) 1 ədəd stop led – 80 manat; 15) 2 ədəd arxa və yan şüşələrin quraşdırılması – 80 manat; 16) 1 ədəd arxa üst baqajın iç hissəsi – 180 manat; 17) 1 ədəd arxa alt baqajın iç hissəsi – 110 manat; 18) elektrik işləri – 300 manat; 19) stend və dəmirçi işləri – 4500 manat; 20) rəngsaz – 1000 manat; 21) 2 ədəd sağ və sol şüşənin nikelləri – 90 manat; 22) razval və balansirovka – 100 manat; 23) baqaj arxa alt baqajın birləşməsi – 600 manat; 24) 2 ədəd jtrajatel – 55 manat; 25) 2 ədəd salaçka – 50 manat; 26) 1 ədəd lükun rezini – 180 manat; 27) 1 ədəd RR podnojka – 145 manat olmaqla, cəmi 11540 manat. İşdə surəti olan "xxxx" ASC-nin **-VH-*** dövlət qeydiyyat nişanlı, “X3” markalı, 2013-cü il buraxılışlı, qara rəngli nəqliyyat vasitəsi ilə bağlı 06 yanvar 2025-ci il tarixli qiymətləndirmə aktından görünür ki, sifarişin icra prosesində əvəz olunmalı ehtiyat hissələri və onların dəyəri: 1) 1 ədəd baqaj qapısı üst hissə – 1000 manat; 2) 1 ədəd baqaj qapısı alt hissə – 800 manat; 3) 1 ədəd arxa sağ qanad üstü stop – 350 manat; 4) 1 ədəd arxa sağ baqaj üstü stop – 400 manat; 5) 1 ədəd arxa sol qanad üstü stop – 350 manat; 6) 1 ədəd arxa sol baqaj üstü stop – 400 manat; 7) 1 ədəd arxa sağ otrajatel – 130 manat; 8) 1 ədəd arxa bamper tam – 600 manat; 9) 1 ədəd arxa patpres – 250 manat; 10) 1 ədəd arxa sağ qanad – 1400 manat; 11) 1 ədəd arxa sağ qanad üstü tapres – 150 manat olmaqla, cəmi 5830 manat, eyni zamanda, icra olunan təmir-xidmət işlərinin dəyəri: 1) dəmirçi – 800 manat; 2) rəngsaz – 800 manat; 3) armatur – 200 manat olmaqla, cəmi 1800 manat, yekun məbləğ 7630 manat. İşdəki 23 aprel 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, göstərilən hüquqi yardıma görə İddiaçı tərəfindən 300 manat məbləğində xidmət haqqı Vəkil hüquqi yardımından istifadə edə bilmək üçün Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülmüşdür. İşdəki dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 88,4 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh 02 dekabr 2024-cü il tarixində, saat 14:30-da Yasamal rayonu, Kənar Dairəvi yol ərazisində “Kamaz 5511/13T” yük markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarını pozmaqla İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin yolla qarşısında hərəkət edən İddiaçı məxsus “Toyota Land-Cruiser” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Hadisədə cavabdeh təqsirli bilinmiş və onun barəsində Yasamal rayon DYPŞ tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Cavabdehin təqsiri ucbatından baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə zərər dəymiş, həmin zərərin məbləği cavabdehin mülki məsuliyyətini icbari sığorta etmiş "xxxx" ASC tərəfindən 06 yanvar 2025-ci il tarixli qiymətləndirmə aktı ilə 7630 manat məbləğində müəyyən edilmişdir. Tərəflərin hər ikisi qəbul etmişdir ki, sığorta hadisəsi nəticəsində iddiaçıya 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. Bununla yanaşı, iddiaçı hazırda H.Z.Tağıyev adına xüsusi kiçik müəssisəsinin nəzdində olan avtoservis tərəfindən tərtib olunmuş 31 yanvar 2025-ci il tarixli ziyan aktını təqdim edərək onun avtomobilinə hadisə nəticəsində 11540 manat məbləğində zərər dəydiyini bildirmiş, sığorta şirkəti tərəfindən ödənilmiş 5000 manat çıxılmaqla, qalan 6540 manat məbləğində zərərin əvəzinin cavabdehdən tutularaq ona ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, cavabdehin təqsirindən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəyməsi faktı müvafiq sübutlarla öz təsdiqini tapan, iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz haldır. İddiaçı avtomobilinə dəymiş zərərin əvəzi kimi sığorta şirkəti tərəfindən ödənilmiş 5000 manat hissə çıxılmaqla qalan 6540 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etsə də, məhkəmə qeyd etməyi zəruri sayır ki, qanunvericilikdə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat sığorta ödənişi nəzərdə tutulmuş, zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsinin müstəqil ekspert tərəfindən aparılacağı, zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişinin həyata keçiriləcəyi təsbit edilmişdir. Lakin hazırkı halda iddiaçının cavabdehin mülki məsuliyyətini icbari sığorta edən "xxxx" ASC tərəfindən müəyyən edilmiş 7630 manat həcmində zərərin məbləği ilə razılaşmaması, dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün müstəqil ekspertin cəlb edilməsini tələb etməsi, eləcə də, Mülki Məcəllənin 925-1-ci maddəsində nəzərdə tutulmuş prosedurları həyata keçirməsi müəyyən edilmir. İddiaçı tərəf bu halları təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. İşin müəyyən edilmiş halları onu deməyə əsas verir ki, iddiaçı onun avtomobilinə dəymiş zərərin məbləğinin 7630 manat həcmində müəyyən edilməsi ilə razılaşmışdır. Halbuki, əgər iddiaçı avtomobilinə dəymiş ziyan məbləğinin 7630 manatdan artıq olduğunu mübahisələndirirdisə, onda müvafiq sığorta aktı ilə razılaşmayaraq, müstəqil ekspert tərəfindən qiymətləndirmə aparılmasını tələb etməli idi. Lakin iddiaçı tərəf bununla bağlı sübutları təqdim etməməklə yanaşı, məhkəmənin hər iki hazırlıq iclasında da iştirak etməmiş, iddiaçının nümayəndəsi olan vəkil ərizə ilə məhkəməyə müraciət edərək, işin məhkəmə baxış iclasına təyin edilməsini xahiş etmişdir. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qeyd olunan halları nəzərə alan məhkəmə bildirir ki, sığorta hadisəsi nəticəsində cavabdeh tərəfindən iddiaçının avtomobilinə vurulmuş zərərin məbləğinin 7630 manat olması müəyyən edilir. Həmin zərərin 5000 manat hissəsi cavabdehin mülki məsuliyyətini icbari sığorta etmiş sığorta şirkəti tərəfindən artıq iddiaçıya ödənilmişdir. Buna görə də iddiaçının vurulmuş zərərlə bağlı 6540 manat məbləğində olan tələbi yalnız 2630 manat məbləğində hissədə əsaslıdır və ona görə də tələb qismən təmin edilməli, cavabdehdən vurulmuş ziyana görə 2630 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. MM-in 904.1 və 904.2-ci maddələrinə əsasən, sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 922.1-922.3-cü maddələrinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Həmin Məcəllənin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. MM-in 925.2-ci maddəsinə əsasən, sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir. Mülki Məcəllənin 925-1.1-ci maddəsinə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. MM-in 925-1.2-ci maddəsinə əsasən, müstəqil ekspert sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin təklif etdiyi üç müstəqil ekspertin sırasından seçilərək 3 (üç) iş günü ərzində sığortaçı tərəfindən təyin edilir. Mülki Məcəllənin 925-1.3-cü maddəsinə əsasən, sığortaçı bu Məcəllənin 925-1.2-ci maddəsində müəyyən edilmiş müddət ərzində müstəqil eksperti təyin etmədikdə sığortalı, sığorta olunan və ya faydalanan şəxs zərərin qiymətləndirilməsi üçün özünün seçdiyi müstəqil ekspertə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 925-1.4-cü maddəsinə əsasən, müvafiq hallarda sığortalı, sığorta olunan və ya faydalanan şəxs bu Məcəllənin 925-1.2-ci maddəsinə uyğun olaraq zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsinin nəticələrini qəbul etmədikdə həmin maddədə nəzərdə tutulmuş qaydada zərərin təkrar qiymətləndirilməsini tələb edə bilər. MM-in 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Mülki Məcəllənin 927.1-ci maddəsinə əsasən, əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Həmin Məcəllənin 927.2-ci maddəsinə əsasən, zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4-cü maddəsi nəzərə alınmaqla, aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir):

1. zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi;

2. sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi;

3. sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası;

4. sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən, bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən, əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən, üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən, üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir:

1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat;

2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumuna dair hissədə iddia təmin edilmiş məbləğə mütənasib olaraq təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 31 manat hissəsi cavabdehdən tutularaq ona ödənilməli, qalan hissədə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə tələb olunan hüquqi yardım xərci məbləğinin də iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq təmin edilməsini ağlabatan hesab edir və bildirir ki, göstərilən hüquqi yardımın əvəzi olaraq 105 manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə həmin xərclər də iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən vurulmuş ziyana görə 2630 manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş pulun əvəzi kimi 105 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 2630 manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş pulun əvəzi kimi 105 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar