Məhkəmə qərarları › İş №e-2(027)-1995/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1995/2023

30.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1995/2023 30.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı səlahiyyətli nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 14 sentyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə 19 avqust 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 14 sentyabr 2020-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Cavabdeh ilə münasibətləri ilk vaxtlar yaxşı olsa da, lakin sonradan pisləşmişdir. Artıq bir ildir ki, cavabdeh ilə ayrı yaşayırlar. Nikahları formal xarakter daşıyır. Cavabdeh bu müddət ərzində nə onunla, nədəki uşaqları ilə maraqlanmamışdır. O, hazırda azyaşlı övladı ilə birlikdə valideynlərinə məxsus evdə yaşayır. Uşağı balaca olduğu üçün o, heç yerdə işləyə bilmir. Uşağın bütün ehtiyaclarını valideynləri ödəyir. Hazırda cavabdeh bir ata kimi övladına baxmalı, onun ehtiyaclarını ödəməlidir. O, cavabdehə qarşı uşağın onun himayəsində saxlanılması və aliment tələbinə dair mediasiyaya müraciət etmişdir. Lakin cavabdeh ilə aralarında heç bir razılıq olmadığı üçün mediator tərəfindən 29 avqust 2023-cü il tarixli ilkin mediasiya sessiyasında sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verərək və əlavə olaraq bildirmişdir ki, cavabdeh ilə iddiaçı ayrı yaşayırlar. Cavabdeh nikahın pozulmasına dair məhkəməyə ərizə vermişdir. Cavabdeh iddiaçıdan ayrı yaşadığı müddətdə uşağına baxmır, heç bir maddi yardım göstərmir. İddiaçı uşağın saxlanmasında çətinlik çəkir. Cavabdehin tələb olunan alimenti ödəməyə imkanı var. Ona görə də iddia ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, keçən ilin sentyabr ayından etibarən iddiaçı ilə ayrı yaşayırlar. İddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etdiyi üçün o nikanın pozulmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Uşağın saxlanması üçün tələb olunan 220 manat məbləğində alimenti ödəməyə imkanı yoxdur. Belə ki, o, heç yerdə işləmir, maddi vəziyyəti ağırdır. Aylıq qazancı təxminən 100 manatdır. Özü hazırda müalicə alır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikah haqqında xx.xx.2003-cü il tarixdə verilmiş, AZ- İİ seriyalı, 34688 №li şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 19 avqust may 2019-cu il tarixdə Quba regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbvəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2019-cu ilin 08 ayının 19 günündə 0673 № ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İV seriyalı 490346 №-li doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2020-ci il tarixdə X3 anadan olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞQ-MT-027-2023-01032 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbuul etmədilər. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, İddiaçı qızı ilə Cavabdeh arasında nikah 19 avqust 2019-cu il tarixdə bağlanmış, onların birgə nikahından xx.xx.2020-ci il tarixdə X5 doğulmuşdur. Tərəflər faktiki olaraq ayrı yaşayırlar və tərəflərin birgə nikahından doğulmuş uşaq anası İddiaçı himayəsindədir. Tərəflər arasında yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment ödənilməsi barədə saziş bağlanmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinə müvafiq olaraq bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərin birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında uşağın saxlanması üçün aliment ödənilməsi barədə heç bir saziş bağlanmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cu maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. İddiaçı, cavabdehin işləyərək yüksək qazanc əldə etməsi və bununla da tələb etdiyi alimentin miqdarının 220 manat miqdarında təyin olunmasının əsaslı olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, işdəki sübutlara əsasən cavabdehin qazancı (gəliri) müəyyən edilmədiyindən, uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurəti nəzərə alınaraq, tərəflərin ər-arvad münasibətlərindən doğulmuş yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment sabit pul məbləğində tutulmalıdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin bidrgə nikahından 14 sentyabr 2020-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh sabit pul məbləğində hər ay 180 manat alimentin tutulması, uşağın saxlanmasının iddiaçı və cavabdehin vəzifəsi olması zəminində onların mənafeləri, həmçinin uşağın mənafeyi ilə aliment ödəyəcək cavabdehin mənafeyi arasında ədalətli tarazlıq yaradacaqdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı da məhkəməyə alimentin tutulması tələbi ilə bağlı 06 sentyabr 2023-cü il tarixdə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 06 sentyabr 2023-cü il tarixdən tutulmalıdır. Məhkəmə, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş faktiki hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən Cavabdeh hər ay sabit pul məbləğində 180 (bir yüz səksən) manat məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh 41,60 (qırx bir manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X7” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “X7” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun. İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən Cavabdeh hər ay sabit pul məbləğində 180 (bir yüz səksən) manat məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 41,60 (qırx bir manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar