Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2127/2023 27.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimet tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 01 noyabr 2011-ci il təvəllüdlü X1 və 22 oktyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan hüquq normasının tələblərinə əsasən, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 01 noyabr 2011-ci il təvəllüdlü X1 və 22 oktyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin və məhkəmədə iştirak üçün hüuqi yardım haqqında müqaviləyə əsasən ödədiyi 450 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 30 noyabr 2010-cu il tarixdə rəsmi nikahlarını qeyd etdirərək ailə qurmuşlar. Birgə nikahlarından 01 noyabr 2011-ci il təvəllüdlü X3 və 22 oktyabr 2014-cü il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Cavabdehlə münasibətləri ilk vaxtlar yaxşı olmuşdur. Lakin 2021-ci ildə ailə münasibətləri pozulduğundan uşaqları ilə birlikdə cavabdehdən ayrılaraq valideynlərinin yanına gələrək valideynləri ilə yaşamağa başlamışdır. Belə ki, artıq birlikdə yaşamaqları mümkün olmayacağından Xaçmaz Rayon Məhkəməsinin 2(067)-233/2021 nömrəli, 11 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında bağlanmış 30 noyabr 2010cu il tarixli nikah qeydi pozulmuşdur. Həmin vaxt o, humanistlik nümayiş etdirərək cavabdehdən məhkəmə qaydasında aliment tələb etməmişdir. Lakin cavabdeh bundan sui-istifadə edərək birgə nikahdan doğulmuş uşaqları ilə maraqlanmır. Uşaqları məktəblidir, ehtiyacları günü-gündən artır. O, uşaqları ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Onun kimi uşaqlarını saxlamaq, ehtiyaclarını qarşılamaq cavabdehin də borcudur. İlkin olaraq məhkəmədən kənar qaydada məsələnin həll olunması üçün mediasiyaya müraciət etsə də, Cavabdeh mediasiyanın keçirilməsi ilə bağlı görüşə gəlmədiyi üçün 11 sentyabr 2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 adında övladları anadan olmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında bağlanmış nikah Xaçmaz rayon Məhkəməsinin 2(067)- 233/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında pozulmuşdur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı uşağın saxlanması üçün cavabdehdən hər uşağa görə hər ay 300 manat məbləğində aliment tələb etsə də, cavabdehin qazancının məbləği barədə sübutlar təqdim etməmişdir. Cavabdehin əmlak vəziyyəti, o cümlədən qazancının məbləği barədə məlumat olmadan alimentin miqdarı hər uşaq üçün 300 manat məbləğində müəyyən edilə bilməz. Məhkəmə hesab edir ki, aliment hər uşaq üçün hər ay 200 manat məbləğində müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, hər uşağa görə hər ay 200 manat məbləğində aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olması, digər tərəfdən, iddiaçının uşağın saxlanmasında çətinlik çəkməsi nəzərə alınaraq, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət olunan xx.xx.2023-cü il tarixdən başlayaraq, iddiaçının xeyrinə cavabdehdən hər uşağa görə hər ay 200 manat olmaqla ümumilikdə 400 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmçinin, İddiaçı məhkəmədə iştirak üçün hüquqi yardım haqqında müqaviləyə əsasən ödədiyi 450 manat pulun Cavabdeh alınıb ona verilməsini tələb etsə də, Məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçının qeyd olunan iddia tələbi ilə bağlı hüquqi yardım alaraq, mülki işin məhkəmədə baxılması üçün vəkillə müqavilə bağlaması məcburiyyət təşkil etmir. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçı aliment alınması barədə iddialar üzrə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-nin 112.1.6 və 119.2-ci maddələrin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, 8.1.2 və 9.4-cü maddələrinə əsasən 68 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixindən başlayaraq hər ay hər uşaq üçün 200 manat olmaqla ümumilikdə 400 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icraya yönəldilsin. Cavabdeh 68 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-2127/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2127/2023
27.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver