Məhkəmə qərarları › İş №e-2(027)-277/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-277/2022

14.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-277/2022 14.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi, Həsənov Rahim Təşəkkül oğlu, iddiaçı X1 Cavabdeh qarşı borc tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona qaytarmalı olduğu 3490 (üç min dörd yüz doxsan) manat və qaytarmadığı dövrə görə illik 5% olmaqla (3490x5:100=174,5 manat) iki ilinə görə 349 manat (174,5x3=349) cəmi 3839 (üç min səkkiz yüz otuz doqquz) manatın tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, X3 Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və konsitusiyasının quruluşu uğrunda gedən döyüşlərdə X4 iştirakçısıdır. Ailəsini dolandırmaq üçün özünə kiçik biznes qurmuşdur. Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Binə“ Ticarət Mərkəzində kiçik sahəsi olan mağaza icarəyə götürmüşdür. Orada türk qadın geyimləri, yəni üst geyimləri olan palto və gödəkçələrin pərakəndə satışını edir. Cavabdeh Quba rayonu mərkəzində Heydər Əliyev prospektində qadın geyimləri mağazası işlədir. 27.11. 2014-cü il tarixdə Cavabdeh ümumi qiyməti 9641 (doqquz min altı yüz qırx bir) manat həcmində, 81 ədəd türk istehsalı olan qadın üst geyimi - paltolarını ondan “Qaimə” əsasında götürmüşdür. Mal götürdüyü gün yəni 27.11.2014-cü il tarixdə 2041 (iki min qırx bir) manat nəğd ödəniş etmişdir. Ödənişdən sonra 7600 (yeddi min altı yüz) manat borcu qalmışdır. Qalan malın məbləğini daha sonra ödəyəcəyini bildirmişdir. 03.12.2014-ci il tarixdə əlavə olaraq 540 (beş yüz qırx) manatlıq palto götürmüşdür. Cavabdeh əvvəllər götürdüyü malın pulunu verdiyi üçün ona inamı yaranmış, etibar etmişdir. Daha sonra Cavabdeh götürdüyü mallardan 17.12.2014-cü il tarixdə 2090 (iki min doxsan) manat qiymətində paltoları geri qaytarmış və cəmi 790 (yeddi yüz doxsan) manat şəkilində ödəniş etmişdir. 25.12.2014-cü il tarixdə isə 600 (altı yüz) manat pul göndərmiş və 670 (altı yüz yetmiş) manatlıq paltonu geri qaytarmışdır. Daha sonra cavabdeh 30.07.2019-cu il tarixdə 300 (üç yüz) manat, 07.08.2019-cu il tarixdə isə 200 (iki yüz) manat pul qaytarmış, hazırda ona 3490 (üç min dörd yüz doxsan) manat borcu qalmışdır. Artıq 7 ildir ki, cavabdeh götürdüyü malların pulunu geri qaytarmır. Cavabdehə 7 ildə dəfələrlə verdiyi malın pulunu qeri qaytarmasını istəsə də, cavabdeh onun heç bir sözünə məhəl qoymamış, öz qanunsuz hərəkətini davam edir və borcu ödəməyə boyun qaçırır. Cavabdeh onun malını mənimsədiyi üçün onun bu hərəkətindən Quba rayon Polis Şöbəsinə müraciət etmişdir. Polis Şöbəsi tərəfindən qeyd olunan məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Quba rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18.08.2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Cavabdeh izahatında İddiaçı izahatında göstərdiyi pul məbləği ilə razılaşdığını, İddiaçı dediyi kimi qeyd olunan məbləğlərin düzgün olduğunu qeyd etmişdir. Həmçinin Cavabdeh İddiaçı 30.07.2019-cu il tarixdə 300 (üç yüz) manat, 07.08.2019-cu il tarixdə isə 200 (iki yüz) manat pul verdiyini, hazırda İddiaçı 3490 (üç min dörd yüz doxsan) manat borcu qaldığını bildirmiş. İddiaçı borclu olduğunu və bu borcu qısa müddətdə ödəyəcəyini izahatına əlavə etmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 100 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş müharibə veteranı vəsiqəsindən görünür ki, İddiaçı İ Qarabağ müharibəsi veteranıdır. İş materiallarına əlavə edilmiş Quba RPŞ-nin 18.08.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh İddiaçı 3490 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Tərəflər arasında pul ilə bağlı mübahisə mülki hüquq münasibətlərindən yaranmış mübahisə olduğu üçün İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi aşkar olunmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda tərəflər arasında müqavilə bağlanmışsa, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir ( maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alğı–satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh Quba RPŞ-yə verdiyi izahatında İddiaçı 3490 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Ona görə də, iddia həmin hissə də, təmin edilməlidir. Bundan başqa, İddiaçı Cavabdeh ona qaytarmalı olduğu 3490 (üç min dörd yüz doxsan) manat və qaytarmadığı dövrə görə illik 5% olmaqla (3490x5:100=174,5 manat) iki ilinə görə 349 manat (174,5x3=349) cəmi 3839 (üç min səkkiz yüz otuz doqquz) manatın tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, cavabdehin iddiaçıya qaytarmadığı borcuna görə illik 5% olmaqla (3490x5:100=174,5 manat) iki ilinə görə 349 manat məbləğində faiz pulunun hesablanması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, Məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək məhkəmə hesab edir ki, Cavabdeh 3490 manat məbləğində pul alınaraq iddiaçıya verilməldir. İddiaçı dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, və 9.4-cü maddələrinə əsasən 54,90 (əlli dörd manat, doxsan qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİM: Kiçik iddiaya dair ərizə qismən təmin edilsin. Cavabdeh 3490 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh 54,90 (əlli dörd manat, doxsan qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar