Məhkəmə qərarları › İş №e-2(027)-2851/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2851/2024

20.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2851/2024 20.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən əmlaka dəyən zərərə görə ödənilmiş 4400 (dörd min dörd yüz) manat, ödənilmiş 64 manat dövlət rüsumu, cəmi 4464 (dörd min dörd yüz altmış dörd) manat məbləğində pul vəsaitinin tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Mercedes Benz E 260” markalı, 99MY385 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli PSS**********-1 №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən cəmiyyətimizdə sığortalanmışdır. Cavabdeh (bundan sonra Cavabdeh) “Mercedes Benz E 260” markalı, 99MY385 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə Quba şəhəri ərazisində sürücülük vəsiqəsi olmadan idarə edərkən “Ford Focus” markalı, 10HU571 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi ziyan vurmuşdur. Quba RPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın”dan və Quba rayonu Təbliğat üzrə inspektor polis kapitanı X1 xx.xx.2021-ci il tarixli, İXP4241233 saylı Protokolundan görünür ki, 2021-ci ilin 09 oktyabr tarixində Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Zədələnmiş “Ford Focus” markalı, 10HU571 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı xx.xx.2021-ci il tarixli, 5033 nömrəli Ekspert rəyinə əsasən qiymətləndirilərək 4500 (dörd min beş yüz) manat məbləğində müəyyən edilmişdir. Bu ödəniş 100( bir yüz) manat azadolma məbləği çıxılmaqla xx.xx.2022-ci il tarixli, İ-357/22 saylı sığorta ödənişi aktında və onun əsasında verilmiş xx.xx.2022-ci il tarixli, 12042022-9300-229 saylı ödəniş tapşırıqında öz əksini tapmış və faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Faydalanan şəxsə ödənilmiş 4400 (dörd min dörd yüz) manat məbləğ Cavabdeh tərəfindən cəmiyyətimizə qaytarılmalıdır. Cavabdehə bu barədə xx.xx.2024-cü il tarixli, 24/387 saylı pretenziya məktubu göndərilmiş, lakin müsbət nəticəsi olmamışdır.. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İXP ******* saylı, xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddələri ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb olunmuşdur. İş materiallarından görünür ki, “Ford Focus” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı nəliyyat vasitəsi İddiaçı ASC-də xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər sığortalanmışdır. İş materiallarında olan avtonəqliyyat vasitələrinin texniki ekspertizasının xx.xx.2021ci il tarixli rəyindən görünür ki, “Ford Focus” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı nəliyyat vasitəsinin ehtiyat hissələrinə dəymiş zərər ümumilikdə 4500 manat təşkil edir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən zərərçəkmişə 4.400 manat pul ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 64 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunan və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. 926.1, 926.2 və 926.3-cü maddələrinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir; sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. 930.1-ci maddəsinə əsasən sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur. Sığorta qanunvericiliyində başqa hal nəzərdə tutulmamışdırsa, bu zaman sığorta müqaviləsinə sığorta məbləğinin azalması ilə bağlı dəyişiklik etimək vacib deyil. 933.1.1 və 933.1.2-ci maddələrinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi; sığorta hadisəsi hesab edilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənədə əsasən sığorta ödənişi həyata keçirilir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiaçı) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respubikası Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 47,23 manat dövlət rüsumu və və 0,40 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 4.400 manat pul vəsaiti, ödənilmiş 64 manat dövlət rüsumu olmaqla ümumilikdə 4.464 manat məbləğində pul vəsaiti İddiaçı ASCnin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar