Məhkəmə qərarları › İş №e-2(028)-100/2024

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-100/2024

06.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-100/2024 06.03.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Xoşbəxt sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi iddianı müdafiə edərək bildirdi ki, iddiaçı cavabdehlə 2018-ci ildə qeyri-rəsmi nikaha daxil olmuş və həmin nikah münasibətlərindən bir övladı dünyaya gəlmişdir. Cavabdehla arasında rəsmi nikah olmadığından, atalığın müəyyən olunması üçün Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə müraciət etmiş və həmin qurum tərəfindən 28 yanvar 2021-ci il tarixdə verilən atalığın müəyyən edilməsi haqqında şəhadətnamədə Cavabdeh X1 atası hesab edilmişdir. Ailə olaraq bir müddət bir yerdə mehriban yaşamış, lakin sonradan münasibəti pisə doğru dəyişmişdir. Münasibətin pisləşməsinin səbəbi də xasiyyətlərinin və fikirlərinin üst-üstə düşməməsi olmuşdur. Ona görə də iddiaçı 2023cü ilin oktyabr ayında övladını da götürərək, birgə yaşadığı evi tərk etmiş və valideynlərinə məxsus mənzilə sığınmaq məcburiyyətində qalmışdır. Hal-hazırda valideynlərinin də məskunlaşdığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 8 saylı yataqxananın, 26 saylı mənzilində yaşayır. Cavabdeh iddiaçı ilə ayrı yaşadıqları dövrdə bir dəfə də olsun övladı ilə maraqlanmamış və onun qayğısına qalmamışdır. Halbuki Azərbaycan Respublikası Konstitusiyasında, Azərbaycan Respublikası Ailə Məcəlləsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda uşaqların qayğısına qalmaq, o cümlədən onların maddi və mənəvi tələbatları təmin etmək valideynlərin əsas vəzifəsi olaraq göstərilmişdir. Tərəflərin övladları artıq beş yaşına daxil olub və təlabatları da günü-gündən artmaqda davam edir. Tək ana olaraq iddiaçı bütün bunları qarşılamaq iqtidarında deyil. Hesab edir ki, Cavabdeh ata olaraq öz funksiyasını yerinə yetirməli və övladının bir fərd kimi böyüyüb boya-başa çatmasında yaxından iştirak etməlidir. Çünki bu onun atalıq vəzifəsidir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bunları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, övladının saxlanması üçün hər ay 100 manat miqdarında aliment verə bilər. Məhkəmə iddiaçının vəkili və nümayəndəsini, cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu ildə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan ilkin mediasiya sessiyasından iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasınin keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci İddiaçı ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddiaçı bir uşağının saxlanılması üçün cavabdehdən tutulacaq alimenti 235 manat məbləğində tələb edir. Həmin məbləğ «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanuna uyğun olduğuna görə cavabdehdən bir uşağın saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-cü maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-ci il qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment xx.xx.2024-cü il tarixdən başlayaraq tutulub xx.xx.2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar