Məhkəmə qərarları › İş №e-2(028)-147/2022

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-147/2022

05.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-147/2022 05.04.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 09.12.2010-cu il təvəllüdlü X2 və 11.06.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Apelyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılaraq, hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, Qubadlı rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə ondan birgə nikahdan olan bir uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün 130 manat miqdarında aliment tutulmalıdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə Qubadlı rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmiş və bir uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün ondan 170 manat miqdarında aliment tutulması qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsini qanunsuz və ədalətsiz hesab edir. Sumqayıt Apelyasiya Məhkəməsində işə onun iştirakı olmadan baxılaraq qətnamə qət olunmuşdur. Həmçinin onun maddi vəziyyəti nəzərə alınmamışdır. O 2-ci qrup əlildir. Bakı şəhəri Milli Onkologiyada qeydiyyatdadır, 2 dəfə ürək əməliyyatı keçirmişdir. O “ÜİX Gərginlik stenokardiyası İİİ fs.Ekstrasistolik aritmiya.OUhipertonik angiopatiya.Asteno-nevrotik sindrom.Qaraciyərin piy distrofiyası xroniki bronxit tez-tez kəskinləşmələrlə. Arterial hipertenziya İİ mərhələ, İİİ risk faktoru, təkrarlanan hipertonik krizlərlə diaqnozu ilə Sumqayıt şəhər 3 saylı poliklinikada qeydiyyatdadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər . Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul etmədi və rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını, cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə Qubadlı rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmiş və bir uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən 170 manat miqdarında aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Sumqayıt Apelyasiya Məhkəməsi 04 iyul 2018-ci il tarixli qətnaməni qət edərkən, İddiaçı 2-ci qrup əlil və xəstə olduğunu nəzərə alaraq Qubadlı rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını-154 manatı dəyişdirmiş və bir uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən 100 manat miqdarında aliment tutulmasını müəyyən etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi 17 fevral 2021-ci il tarixli qətnaməni qət edərkən, Qubadlı rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını - 130 manatı dəyişdirmiş və bir uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən 170 manat miqdarında aliment tutulmasını müəyyən etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi 17 fevral 2021-ci il tarixli qətnaməni qət edərkən, İddiaçı “Ü.İ.X-yi.Gərginlik stenokardiyası İİİ fs.Hipertoniya xəstəliyi İİ mər. Xroniki bronxit. Hipertonik angiopatiya” diaqnozu ilə Sumqayıt şəhər 3 saylı poliklinikada qeydiyyatda olması və 2-ci qrup əlil olmasını nəzərə almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.2.-ci maddəsinə əsasən, yaşayış minimumu-minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər . “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşıqa çatmayan uşaqlarla validenlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-ci il tarixli qərarın 8.13 bəndində göstərilir ki,alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Məhkəmədə müəyyən olunub ki, iddiaçı Sumqayıt Apelyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsini yuxarı məhkəmə instansiyalarında mübahisələndirilməmişdir. Eyni zamanda, Sumqayıt Apelyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişməmişdir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. İddiaçı 09.12.2010-cu il təvəllüdlü X2 və 11.06.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Apelyasiya Məhkəməsinin 17.02.2021ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılaraq, hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin tutulması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar