Məhkəmə qərarları › İş №e-2(028)-186/2022

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-186/2022

11.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-186/2022 11.05.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən birgə nikahından olan 30.07.2012-ci il təvəllüdlü X2 və 27.08.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün, həmçinin hamiləlik dövründə və uşağın 3 yaşına çatanadək saxlanması üçün hər ay onun qazancının və başqa gəlirlərinin ½ hissəsi miqdarda onun xeyrinə aliment tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək göstərdi ki, iddiaçı cavabdehlə 04.09.2011-ci ildə rəsmi nikah bağlamışdır.Birgə nikahdan iki övladları var.Həmçinin iddiaçı hal-hazıda hamilədir və Sumqayıt şəhər 5 nömrəli Ailə sağlamlıq mərkəzində qeydiyyatdadır.Son zamanlar cavabdehlə xasiyyətləri uyğun gəlmir.Cavabdeh uşaqlarla maraqlanmır və onları saxlamaqda yardım etmir.Bu səbəbə görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Uşaq doğulduqdan sonra iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət edəcək.Bunları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkilin və nümayəndəsinin izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını, vəkili və nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Nikah evi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Cavabdeh və Rəhimova Şahnaz Nəbi qızı 04.09.2011-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 703 № ilə qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X2 30.07.2012-ci il tarixdə doğulmuşdur.Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X3 27.08.2014-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 11.03.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı nümayəndəsi Vəkil və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişlər.Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat məbləğində mediasiyaya dair xərci ödədi. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin 1/3 hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarında olan və Sumqayıt şəhər 5 nömrəli Ailə sağlamlıq mərkəzi tərəfindən İddiaçı verilmiş 12.01.2022-ci il tarixli, 07 saylı arayışa əsasən İddiaçı Sumqayıt şəhər 5 nömrəli Ailə sağlamlıq mərkəzində 11.01.2022-ci il tarixində hamiləlik qeydiyyatına durub. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad ərindən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayıq maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə hesab edir ki, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində cavabdehdən 100 manat məbləğdə maddi yardım tutulub iddiaçıya verilməlidir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-ci il qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh hər ay qazancın və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarda aliment 18.03.2022-ci il tarixdən başlayaraq tutulub 30.07.2012-ci il tarixdə doğulmuş X2 və 27.08.2014-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilsin. Cavabdeh hər ay 100 (yüz) manat miqdarda maddi yardım 18.03.2022-cı il tarixdən başlayaraq İddiaçı hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində tutulub İddiaçı verilsin. Alimentə dair hissədə qətnamə dərhal icra edilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar