Məhkəmə qərarları › İş №e-2(028)-449/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-449/2023

05.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-449/2023 05.09.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Ruvinov Vladimir Yefimoviçin sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə müraciət edərək, cavabdehlə olan nikahın pozulması, uşaqların onun himayəsinə verilməsi və hər bir uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək göstərdi ki, iddiaçı cavabdehlə xx.xx.2016-cı ildə rəsmi nikah bağlamışdır. Birgə nikahdan iki övladları var. Nikahın pozulması barədə ərizə verməyin səbəbi xasiyyətlərinin uyğun gəlməməsidir. Xasiyyətlərinin tutmaması səbəbindən ailə münasibətləri dağılmışdır. Boşanma barədə fikri qətidir. Belə ki, ailə faktiki olaraq dağılıbdır və bundan sonra bərpası mümkün deyildir. Bunları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh göstərdi ki, iddianı qismən qəbul edir. Nikahın pozulmasına razıdır. Lakin o aptekdə işləyir və 300 manat maaş alır. Bu səbəbə görə tələb olunan alimenti ödəmək iqtidarında deyil. Bunu nəzərə alaraq iddianı qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının vəkili və nümayəndəsini, cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt “ASAN xidmət mərkəzi” qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Cavabdeh və İddiaçı xx.xx.2016-cı ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2371 № ilə qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt “ASAN xidmət mərkəzi” qeydiyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Sumqayıt “ASAN xidmət mərkəzi” qeydiyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı nümayəndəsi X2 ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh iştirak etməmişdir. İlkin mediasiya sessiyasınin keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci İddiaçı ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22-ci maddəsinə əsasən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını məhkəmə müəyyən etməlidir. Uşaqların mənafeyini, onların anasının qayğısına daha çox ehtiyacı olmalarını nəzərə alaraq, məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar anaları İddiaçı yanında qalmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddiaçı bir uşağının saxlanılması üçün cavabdehdən tutulacaq alimenti 220 manat məbləğində manat məbləğində tələb edir. Həmin məbləğ «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanuna uyğun olduğuna görə cavabdehdən bir uşağın saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməlidir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-ci il qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə içlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh və İddiaçı arasında xx.xx.2016-ci ildə Sumqayıt “ASAN xidmət mərkəzi” qeydiyyat şöbəsində bağlanılmış nikah pozulsun. xx.xx.2017-ci il tarixdə doğulmuş X6 və xx.xx.2019-cü il tarixdə doğulmuş X1 Maral Mehman qızının yanında qalsınlar. Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment xx.xx.2023-cü il tarixdən başlayaraq tutulub xx.xx.2017-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün və hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment xx.xx.2023-cü il tarixdən başlayaraq tutulub xx.xx.2019cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulub İddiaçı verilsin. Alimentə dair hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar