Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-75/2025 11.06.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X9 Mübariz oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın anada qalması və aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlə arasında bağlanmış nikahın pozulması, uşaqların yanında qalması, övladlarının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia həcminin artırılmasına dair ərizə ünvanlayaraq, cavabdehlə arasında bağlanmış nikahın pozulması, uşaqların yanında qalması, övladlarının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində olmaqla, cəmi 1,24 misli həddində xeyrinə tutulması, tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək bildirdi ki, tərəflər xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan iki övladları dünyaya gəlmişdir. Bir müddət normal yaşasalar da, sonradan münasibətləri tədricən pisləşmişdir. Cavabdeh iddiaçıya qarşı mütəmadi olaraq şiddət göstərmişdir. Diləfruz uşaqların xətrinə onun şiddətinə uzun müddət dözmüşdür. Lakin cavabdehlə münasibətləri son dərəcə pisləşmiş və ər-arvad kimi yaşamağı mümkün deyil. Cavabdeh ailəyə maddi yardım etmir. Hətta uşaqlardan birinə məcburi köçkünlər üçün verilən pulu da alaraq şəxsi problemlərinə sərf edir. Uzun müddətdir ki, ayrı yaşayırlar. Münasibətləri elə vəziyyətə gəlmişdir ki, hazırkı vəziyyətdə ailəni bərpa etmək mümkün deyil. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bunları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarinda olan sənədlərdən müəyyən olunur ki, Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş Nikah haqqında şəhadətnaməyə əsasən Cavabdeh və X1 xx.xx.2015-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 346 № ilə qeyd edilmişdir. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətinə əsasən X4 xx.xx.2015-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətinə əsasən X5 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışa əsasən İddiaçı nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasınin keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci İddiaçı nümayəndəsi ödəmişdir. "xxxx" ASC-nin qəbzinə əsasən İddiaçı Qubadlı Rayon Məhkəməsinə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 50 manat dövlət rüsumu ödəmişdir. Qubadlı rayon Qəyyumluq və Himayə Komissiyasının 5-62/2-127/2025 saylı xx.xx.2025-ci il tarixli rəyinə əsasən komissiya üzvləri iddiaçı və cavabdehi dinləyib, ümumi təhlil edərək nəticəyə gəlmişlər ki, tərəflər arasında olan nikah ləğv edildiyi tədqirdə uşaqların azyaşlı, daha çox ana qayğısı və qulluğuna ehtiyaclarının olmasını və atanın uşaqların ananın himayəsində qalmasına heç bir etiraz etmədiyini nəzərə alaraq xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 anaları İddiaçı himayəsinə verilməsini məqsədə uyğun hesab etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. - 20-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. - 22-ci maddəsinə əsasən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını məhkəmə müəyyən etməlidir. Uşaqların mənafelərini, onların ana qayğısına daha çox ehtiyacları olmalarını və Qubadlı rayon Qəyyumluq və Himayə Komissiyasının rəyini nəzərə alaraq, məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar ana İddiaçı yanında qalmalıdır. - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: - 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. - 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-ci il qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndinə göstərilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına xx.xx.2024-cü il tarixdə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı Qərarı ilə dəyişikliklər edilmişdir.) İddiaçı bir uşağının saxlanılması üçün cavabdehdən tutulacaq alimenti ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli məbləğində tələb edir. Məhkəmə hesab edir ki, cavabdehdən hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə içlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh və Nuruyeva (Almuradova) Diləfruz Rəcəb qızı arasında xx.xx.2015-ci ildə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanılmış 346 saylı nikah akt qeydi pozulsun. xx.xx.2015-ci il tarixdə doğulmuş X4 və xx.xx.2018-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi İddiaçı yanında qalsın. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2015-ci il tarixdə doğulmuş X4 və xx.xx.2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 50 manat ödənilmiş dövlət rüsumunun və 50 manat ödənilmiş mediasiya xərcinin əvəzi İddiaçı xeyrinə tutulsun. Alimentə dair hissədə qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №e-2(028)-75/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-75/2025
11.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver