Məhkəmə qərarları › İş №e-2(028)-97/2024

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-97/2024

04.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-97/2024 04.03.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X9 Xoşbəxt sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 235 manat olmaqla, ümumilikdə 470 manat məbləğində alimentin tutulmas barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı iddiasını müdafiə edərək bildirdi ki, onun Qubadlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə arasında bağlanmış nikah pozulmuşdur. Nikahdan iki övladı vardır. Artıq xeyli müddətdir ki, cavabdehlə birgə təsərrüfat idarə etmir və cavabdeh uşaqların saxlanmasına heç bir maddi və mənəvi köməklik göstərmir. Bu səbəbdən çətinlik çəkir. O heç yerdə işləmir, başqa yerdən qazancı yoxdur. Cavabdeh özü gündəlik fəhləliklə məşğuldur. Onun aylıq gəliri 500-600 manat təşkil edir. O, gəlir əldə etsə də, uşaqların saxlanmalarına maddi köməklik göstərmir. Bunları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh bildirdi ki, iddianı qismən qəbul edir, hər uşaq üçün 150- 155 manat ödəməyə gücü çatar. Başqa nikahdan da övladı olduğu üçün aliment ödəyir. Məhkəmədən dediklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Nikahın pozulması haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Cavabdeh və İddiaçı nikahı Qubadlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və xx.xx.2021-ci il tarixdə nikaha xitam verilmişdir. İş materiallarında olan AZE11670329 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə doğulmuş Günel Mehralızadənin atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZE11670330 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə doğulmuş Əli Mehralızadənin atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan ilkin mediasiya sessiyasından iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasınin keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci İddiaçı ödəmişdir. İş materiallarına əlavə edilmiş Qubadlı Rayon Məhkəməsinin 3(028)-70/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.2010-cu il tarixli icra vərəqəsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2010-cu il tarixdən başlayaraq Cavabdeh hər ay uşağa görə 80 manat pul miqdarında aliment alınaraq X1 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddiaçı bir uşağının saxlanılması üçün cavabdehdən tutulacaq alimenti 235 manat məbləğində tələb edir. Məhkəmə cavabdehin əvvəlki nikahdan da aliment alan övladının (xx.xx.2008-ci il təvəllüdlü X5) olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən İddiaçı ilə birgə nikahdan olan hər bir övladının saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-cü maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-ci il qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment xx.xx.2024cü il tarixdən başlayaraq tutulub xx.xx.2012-ci il tarixdə doğulmuş X2 və hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment xx.xx.2024-cü il tarixdən başlayaraq tutulub xx.xx.2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qalan hissədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar