Məhkəmə qərarları › İş №e-2(029)-268/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-268/2022

28.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-268/2022 28.03.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı alimentin tutulmasının dəyişdirilərək cavabdehin qazancının (başqa gəlirlərinin) üçdə bir hissə miqdarında müəyyən edilməsi və mediasiya xərcinin tutulması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı nümayəndəsi və vəkili Quliyev X11 Abbas Şixəli oğluna qarşı alimentin tutulmasının dəyişdirilərək cavabdehin qazancının (başqa gəlirlərinin) üçdə bir hissə miqdarında müəyyən edilməsi və mediasiya xərcinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli 2(012)-1069/2020 saylı qətnaməsi dəyişdirilərək cavabdehlə birgə nikahlarından doğulmuş 25 iyul 2014-cü il təvəllüdlü X15 və 02 dekabr 2017-ci il təvəllüdlü X13 üçün tutulan alimentin hər ay cavabdehin qazancının (başqa gəlirinin) üçdə bir hissəsi miqdarında müəyyən edilməsi və Mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat məbləğində rüsumun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 23 iyun 2013-cü il tarixdə nikahı rəsmi qeyd etdirməklə cavabdehlə ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından 25 iyul 2014-cü il təvəllüdlü X15 və 02 dekabr 2017-ci il təvəllüdlü X13 adlı uşaqları anadan olmuşdur. Onlar ailə həyatını müxtəlif səbəblərdən davam etdirə bilməmiş və nəticədə Abşeron Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli 2(012)-1791/2019 saylı qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh arasında olan nikah pozulmuşdur. İddiaçı daha sonra aliment tələbi ilə məhkəməyə müraciət etmiş və 20 may 2020-ci il tarixli 2(012)- 1069/2020 saylı Abşeron rayon Məhkəməsinin qətnaməsi ilə 25 iyul 2014-cü il təvəllüdlü X15 və 02 dekabr 2017-ci il təvəllüdlü X13 anaları X2 yanında qalmış və cavabdehdən 03.03.2020-ci il tarixdən başlayaraq azyaşlı uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Abşeron rayon Məhkəməsinin məhkəmə iclası zamanı cavabdehin vəkili və nümayəndəsi Vəkil bildirmişdir ki, “Cavabdeh həqiqətən SAİPEM şirkətində işləyir, lakin iyun ayında ştatların ixtisar olunmasına görə işdən ayrılacaqdır. Cavabdeh hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat aliment ödəməyə razıdır”. Məhz cavabdehin işdən ayrılacağını və belə olacağı təqdirdə iddiaçının aliment əldə etməsində, yəni alimentin əmək haqqının nisbəti faizində tutulmasının qeyri-mümkün olacağını və yenidən məhkəməyə müraciət edilməli olmasını, prosessual qənaət prinsipini əsas götürərək, Abşeron rayon Məhkəməsi alimenti sabit pul məbləğində təyin etmişdir. Lakin, sonrakı hadisələr göstərir ki, cavabdehin nümayəndəsi məhkəməni aldatmış, yalan məlumatlar verərək aliment məbləğinin cavabdehin əmək haqqına yönəldilməsinə mane olmuşdur. Ona görə də hesab edir ki, alimentin ödənilməsi forması dəyişdirilməlidir. Abşeron rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli 2(012)-1069/2020 saylı qətnaməsindən görünür ki, X15 25 iyul 2014-cü ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. Həmin qətnamədən görünür ki, X13 02 dekabr 2017-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. Həmin qətnamədən görünür ki, SAİPEM şirkətinin 18.05.2020-ci il tarixli cavab məktubu ilə Cavabdeh əsas aylıq əmək haqqı 837 manat, dəniz şəraitinə görə əmsalların orta məbləği 1145 manat təşkil etməsi öz təsdiqini tapmışdır. Hal-hazırda cənab Prezidentin islahatları nəticəsində ölkə üzrə minimum əmək haqqı qalxmaqdadır, bu isə cavabdehin əmək haqqının və gəlirlərinin yüksələn xətt üzrə davam etməsi deməkdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, Abşeron rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli 2(012)-1791/2019 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında olan nikah pozulmuşdur. Abşeron rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli 2(012)-1069/2020 saylı qətnaməsinə əsasən cavabdehdən 03.03.2020-ci il tarixdən başlayaraq 25 iyul 2014-cü il təvəllüdlü X15 və 02 dekabr 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa üçün 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh “X12 B.V.” adlı şirkətdə işləyir. Maaşı nisbətən qalxmışdır. Hazırda onun maaşı 1017 manat təşkil edir. Dənizə çıxanda maaşa əlavələr olunmasına səbəb, dənizə çıxanda müəyyən əmsalların verilməsidir. Əmsalların nə qədər olması barədə hər hansı bir sübutu yoxdur. Onun sorğusuna cavab olaraq cavabdehin işlədiyi şirkət əlavə əmsallar barədə ona heç bir məlumat verməmişdir. İddiaçının dediyinə görə, cavabdeh 2000 manata yaxın maaş alır, cavabdehlə iddiaçının bir yerdə yaşadıqları vaxtda cavabdeh uşaqlara hər ay 700-800 manat pul xərclədiyini demişdir. İddiaçı özü Xırdalan şəhəri 1 saylı tam orta məktəbində xarici dil müəllimi işləyir, ayda 565 manat maaş alır, hazırda dekretdə olan 2 müəllimin əvəzinə işlədiyinə görə 1253 manat maaş alır. İddiaçının maaşı 565 olması barədə heç bir sənəd yoxdur. Uşaqların saxlanması üçün əlavə xərclər tələb olunur, belə ki, balaca azyaşlı uşaq baxçaya gedir, iddiaçı baxçaya aylıq 250 manat ödəniş edir. Digər uşaq hazırlıq kurslarına gedir, iddiaçı kurslara da, hər ay 100 manat ödəniş edir. Əgər cavabdeh işdən çıxsa, aliment onun əmək haqqı ilə hesablanacaqdır, təyin olunacaq aliment hazırda ödənilən məbləğdən az olsa da onlar buna razıdırlar. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və bildirmişdir ki, hazırda o, 1017 manat maaş alır. 28 gün gündüz növbəsinə, 28 gün isə gecə növbəsinə çıxır. Gecə növbəsinə çıxanda əlavə olaraq 164 manat verilir. Bu da, bir aydan bir olur. Onun əmək haqqı 837 manat olanda uşaqların saxlanması üçün 340 manat aliment vermiş, hazırda isə hər ay uşaqların saxlanması üçün 400 manat aliment ödəyir. İddiaçı ilə bir yerdə yaşadığı müddətdə, qazancının 2000 manat olması məlumatı yalandır. Hazırda o, yenidən ailə həyatı qurmuşdur. Ailə həyatı qurduğuna görə də, iddiaçı qısqanclığından onu məhkəməyə vermişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, cavabdehin əmək haqqısı mütəmadi yüksəlir. 2 uşağın saxlanılması üçün cavabdehdən 340 manat aliment tutulur. Hazırda cavabdeh 1017 manat əmək haqqı alır. 29 iyul 2022-ci il tarixdə cavabdehin işlədiyi şirkətlə əmək müqaviləsinə xitam veriləcəkdir. Əgər iddia təmin olunarsa əmək haqqı müqaviləsinə xitam verilərsə, iddiaçı təzədən yenə məhkəməyə müraciət etməli olacaqdır. Bu da, süründürməçiliyə yol verilməsi kimi qiymətləndirilir. Həmçinin, cavabdeh yenidən ailə həyatı qurub, həmin ailə qarşısında da, öhdəlikləri vardır. Hazırda iddiaçı cavabdehdən artıq, yəni 1253 manat məbləğində maaş alır. Uşaqları saxlamaq hər iki valideynin borcudur. Cavabdeh ödənilməli olduğu məbləğdən də çox aliment ödəyir. Alimentin miqdarı dəyişdirilərsə əvvəlki alimentin miqdarından az olacaq, iddiaçının hazırkı iddianı verməsi qısqanclığından irəli gəlir, çünki cavabdeh başqa qadınla ailə həyatı qurmuşdur. Cavabdeh özünə məxsus evi də uşaqlarına saxlayaraq başqa yerə köçmüşdür. Buna görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin, cavabdehin, onun vəkili və nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, işdə olan Abşeron rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli 2(012)- 1069/2020 saylı qətnaməsinin surətindən görünür ki, 25 iyul 2014-cü il təvəllüdlü X15 və 02 dekabr 2017-ci il təvəllüdlü X13 anaları X2 yanında saxlanılması, Cavabdeh 03.03.2020-ci il tarixdən başlayaraq 25 iyul 2014-cü il təvəllüdlü X10 və 02 dekabr 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa üçün 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi, iddia tələbinin 02 dekabr 2017-ci il təvəllüdlü X13 üç yaşına çatanadək, yəni 02.12.2020-ci il tarixinədək ehtiyaclarının ödənilməsi üçün Cavabdeh əlavə olaraq hər ay 100 manat aliment tutularaq iddiaçıya ödənilməsi hissəsinin rədd edilməsi qət edilmişdir. İşdə olan AZ-İİ 436550 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 nikahları 4 saylı Bakı “Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində” 30 aprel 2021-ci il tarixdə 740 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadın “Həsənbəyova” soyadını qəbul etmişdir. İşdə olan “X12 B.V.” adlı şirkət tərəfindən verilmiş 28.03.2022-ci il tarixli HR/AFA/4741/22 saylı arayışın surətindən görünür ki, Cavabdeh 01.02.2019-ci il tarixindən etibarən həmin şirkətin Azərbaycandakı filialının işçisidir. Hal-hazırda borunun qaynaq üçün tarazlaşdırılması üzrə operator vəzifəsində çalışır (müqavilə 29.07.2022-ci il tarixinədək etibarlıdır) və onun hesablanmış aylıq tarif əmək haqqı (01.02.2020-ci il tarixindən etibarən) 1.017.00 AZN təşkil edir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzindən verilmiş 28 mart 2022-ci il tarixli 42(a)-a-160/10 saylı məktubdan görünür ki, X1 rayon Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə xarici dil müəllimi vəzifəsində işləyir və aylıq əmək haqqısı 1253.33 manat (min iki yüz əlli üç manat otuz üç qəpik) təşkil edir. İşdə olan 14 yanvar 2022-ci il tarixli MŞB/6-022 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh və İddiaçı arasında alimentin 1/3 hissədə tutulması tələbinə dair mübahisə üzrə 14.01.2022-ci il tarixdə saat 14:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1, 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, Cavabdeh 01.02.2019-ci il tarixdən etibarən “X12 B.V.” adlı şirkətin Azərbaycandakı filialında borunun qaynaq üçün tarazlaşdırılması üzrə operator vəzifəsində çalışır və onun hesablanmış aylıq tarif əmək haqqı 01.02.2020-ci il tarixindən etibarən 1.017.00 AZN təşkil edir. Tərəflər arasında olan nikah pozulmamışdan əvvəl, o cümlədən Abşeron rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli 2(012)-1069/2020 saylı qətnaməsi ilə Cavabdeh aliment tutularkən də həmin şəxs həmin vəzifədə işləmiş və bununla da, həmin şəxsin uzun müddətdir ki, aylıq müntəzəm, sabit və tez-tez dəyişməyən qazancı (gəliri) vardır, nikah pozulmamışdan əvvəl cavabdeh öz uşaqlarını məhz həmin gəlir hesabına dolandırmış, məhkəmə qətnaməsi ilə aliment tutularkən də, alimenti məhz həmin gəlirləri hesabına ödəmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə alimentin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq cavabdehin qazancının (gəlirlərinin) müvafiq hissəsi miqdarında tutulması azyaşlı uşaqların mənafeyi baxımından daha məqsədəuyğundur. Odur ki, məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşaraq hesab edir ki, iddia təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli 2(012)-1069/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxx 1986-cı ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayonu Aşağı Ləgər kəndində qeydiyyatda olmaqla yaşayan Cavabdeh İddiaçı xeyrinə 25 iyul 2014-cü il təvəllüdlü X10 və 02 dekabr 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün (iki uşağa görə) hər ay aylıq qazancının (başqa gəlirinin) üçdə bir hissəsi miqdarda aliment tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Həmçinin, İddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli 2(012)-1069/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxx 1986-cı ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayonu Aşağı Ləgər kəndində qeydiyyatda olmaqla yaşayan Cavabdeh İddiaçı xeyrinə 25 iyul 2014-cü il təvəllüdlü X10 və 02 dekabr 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün (iki uşağa görə) hər ay aylıq qazancının (başqa gəlirinin) üçdə bir hissəsi miqdarda aliment tutulsun. İddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar