Məhkəmə qərarları › İş №e-2(029)-94/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-94/2024

11.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-94/2024 11.03.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X20 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı uşağın himayəyə verilməsi və alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı uşağın himayəyə verilməsi və alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan anadan olmuş 17 iyul 2009-cu il təvəllüdlü X8 onun himayəsinə verilməsi və həmin uşağın yaşayış yeri kimi onun yaşayış yerinin müəyyən edilməsi, Qusar rayon məhkəməsinin 07 fevral 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh müəyyən olunmuş alimentin miqdarının artırılaraq 17 iyul 2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 200 manat miqdarda alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 12 sentyabr 2008-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə Cavabdeh ilə evlənmiş və birgə yaşadıqları müddətdə onların 17 iyul 2009-cu il tarixdə X13 adlı bir uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün cavabdehlə ayrılmış və Qusar rayon məhkəməsinin 07 fevral 2013-cü il tarixli qətnaməsinə əsasən onların arasındakı nikah pozulmuşdur. Bundan başqa, həmin qətnamə ilə 17 iyul 2009-cu il təvəllüdlü Aylin onun himayəsinə verilməklə, həmin uşağın saxlanması üçün Cavabdeh onun xeyrinə 80 manat məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh 2021-ci ildə Mediasiya Şurasına müraciət edərək uşağı Hacıyeva Aylinin onun himayəsində saxlanılmasını tələb etmiş, Aylin adlı qızı özü atasının yanında yaşamaq istədiyini bildirmiş, o, həmin uşağın fikrini nəzərə alaraq bununla razılaşmış və Cavabdehlə aralarında 21 sentyabr 2021-ci il tarixli barışıq sazişi bağlanmışdır. O, həmin barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək Aylin adlı uşağı atası Xadimə vermiş, bununla da, barışıq sazişinin şərtləri tam icra olunmuşdur. Təxminən 1 il bundan əvvəl qızı Hacıyeva Aylin onun yanına qayıdaraq artıq atası ilə birlikdə yaşamaq istəmədiyini, əvvəlki kimi onun yanında yaşamaq istədiyini bildirmiş və həmin vaxtdan etibarən onunla birlikdə yaşayır. Bu səbəbdən də, bu yaxınlarda o, Qusar rayon Mediasiya təşkilatına müraciət edərək həmin uşağın onun himayəsinə verilməsini, həmçinin Cavabdeh aliment tutulmasını tələb etmiş, lakin Cavabdeh mediasiya prosesində iştirak etməmiş və həmin təşkilat tərəfindən bu barədə arayış verilmişdir. Hesab edir ki, onunla Cavabdeh arasında uşağın himayəyə verilməsinə dair barışıq sazişi bağlansa da, həmin sazişin şərtləri icra olunsa da, hazırkı halda şərait dəyişmiş və həmin uşağın onun himayəsinə verilməsini tələb etmək üçün subyektiv hüququ vardır. Hazırkı halda Aylin adlı uşağın onun himayəsinə verilməsi həmin uşağın mənafeyi baxımından daha məqsədəuyğundur, bu, həmin uşağın gələcəkdə maddi, fiziki, mənəvi, psixi, təhsil və s. inkişafına daha müsbət təsir göstərəcəkdir. Bundan başqa, nəzərə alınmalıdır ki, Aylin adlı uşaq onunla birlikdə yaşamaq istəyir, onun 15 yaşı var, qız uşağıdır, anasına ehtiyacı daha çoxdur. Bundan başqa, Aylin adlı uşağın yetkinlik yaşına çatana kimi Cavabdeh tutulmuş alimentin miqdarı 80 manat təşkil edir, həmin alimentin tutulmasından 10 ildən artıq vaxt keçmişdir. Hazırda 80 manat məbləğində aliment həmin uşağın saxlanması və ehtiyaclarının qarşılanması üçün kifayət etmir, həmin ehtiyacları qarşılamaqda çətinlik çəkir. Həmin müddət ərzində əmtəə məhsullarının qiymətlərinin indeksi dəyişmiş, infilyasiya olmuş və bu da təbii olaraq onun maddi vəziyyətinə mənfi təsir göstərmişdir. Cavabdeh isə yaşadığı kənddə təsərrüfatla məşğul olur, kifayət qədər gəliri vardır. Odur ki, hesab edir ki, Qusar rayon məhkəməsinin 07 fevral 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh onun xeyrinə tutulmuş alimentin miqdarı artırılmaqla hər ay sabit pul məbləğində 200 manat müəyyən olunmalıdır. Cavabdeh məhkəməyə iddiaya qarşı etiraz ərizəsi göndərərək göstərmişdir ki, o, ikinci dəfə X3 ilə ailə həyatı qurmuş, birgə yaşadıqları müddətdə 01 iyul 2015-ci il təvəllüdlü Karina və 25 fevral 2017-ci il təvəllüdlü Nadim adlı iki uşaqları anadan olmuşdur. Özü İİİ-cü qrup əlildir və əlilliyinə görə 150 manat təqaüd alır. İddiaçı isə ondan azyaşlı uşağın saxlanılması üçün hər ay 200 manat aliment tələb edir. Uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkir, ona görə də heç bir yerdə işləyə bilmir. Hal-hazırda maddi vəziyyəti çox aşağıdır, bu səbəbdən də, İddiaçı tələb etdiyi miqdarda aliment ödəməyə imkanı yoxdur. Hal-hazırda onun aylıq gəliri yoxdur. Aylin adlı uşağın saxlanılması üçün o, hər ay 50 manat aliment ödəyə bilər. Qeyd etdiyi kimi o, ayda 150 manat təqaüd alır. Bundan da əlavə olaraq o, hər ay xəstəliyi ilə əlaqədar olaraq dərmanlara 50-100 manat pul verir. Məhkəmədən xahiş edir ki, yuxarıda göstərilənləri nəzərə alaraq iddianı qismən təmin edib 17 iyul 2009-cu il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə 50 manat aliment müəyyən olunsun. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında göstərmişdir ki, iddiaya qarşı etiraz ərizəsi göndərmişdir. İddiaçı hazırki tələblə müraciət etsə də, özü ailə quraraq Bakı şəhərində yaşayır, uşaq isə iddiaçının qardaşının evində qalaraq oradan məktəbə gedir. Aylin isə 1 yaşından 6 yaşına kimi o, özü saxlamışdır. İndi də uşağı öz himayəsinə verilməsini istəyir. İddiaçının əsas məqsədi ondan aliment almaqdır və buna görə də uşağı himayəsinə verilməsini tələb edir. Bundan başqa, xx.xx.2021-ci il tarixdə alimentlə bağlı icra sənədi iddiaçının ərizəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. Odur ki, nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Qusar şəhər N.Məmmədəliyev adına 3 saylı tam orta məktəbin müəllimi X5 iştirakı ilə fikirləri dinlənilmiş, tərəflərin birgə nikahlarından anadan olmuş 17 iyul 2009-cu il təvəllüdlü Alesya adlı uşaq anasının yanında yaşamaq istədiyini, atasının yanına getmək istəmədiyini, bununla bağlı ona heç bir təsir olunmadığını bildirmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli doğum haqqında arayışdan görünür ki, X13 17 iyul 2009-cu ildə anadan olmuş, atasə Cavabdeh, anası X6r. İş materiallarında olan Qusar rayon məhkəməsinin 07 fevral 2013-cü il tarixli 2(029)- 23/2013 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X10 arasında 12 sentyabr 2008-ci il tarixdə Qusar rayonu İcra Hakimiyyəti Başçısının Aşağı Ləyər kənd inzibati ərazi üzrə nümayəndəliyində bağlanılaraq 11 nömrə ilə qeydə alınmış nikah pozulmuş, 17 iyul 2009-cu il tarixdə anadan olmuş X2 Xadim Əziz oğlundan alınaraq anası X4 himayəsinə verilməsi, Cavabdeh 03 may 2012-ci il tarixdən başlayaraq hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq 17 iyul 2009-cu il tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün X7 verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 192170 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X10 arasındakı nikah ləğv edilmiş, qadına Mirzəliyeva soyadı verilmişdir. İş materiallarında olan X10 ilə Cavabdeh arasında mediator X14 iştirakı ilə bağlanmış 10 sentyabr 2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər 17 iyul 2009-cu il tarixdə anadan olmuş X9 Cavabdeh himayəsində saxlanmasına dair razılığa gəlmişlər. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 23 yanvar 2024-cü il tarixli TK/4 saylı rəyindən görünür ki, azyaşlı Aylinin yaşı, istəyi, mənafeyi və tərəflərin istəyi nəzərə alınaraq xx.xx.2009-cu il təvəllüdlü X9 İddiaçı himayəsinə verilməsi məqsədəuyğun hesab edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Həmin Məcəllənin 73.2-ci maddəsinəəsasən müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 7.1-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Sadalanan xüsusatlara əsaslanaraq və qanunvericilik aktı normalarını rəhbər tutaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ki, məhkəmə uşağın hansı valideynin himayəyə verilməsi ilə əlaqədar mübahisəni həll edərkən, hər şeydən əvvəl uşağın mənafeyini əsas götürməlidir. Məhkəmə Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının Aylin adlı uşağın valideynlərinin hansının yanında qalmasının müəyyən olunması ilə bağlı yuxarıda göstərilən məlum rəyini müzakirə edərək hesab edir ki, həmin rəy Aylin adlı uşağın mənafeyi baxımından düzgündür, rəy verilərkən tam və hərtərəfli araşdırma aparılmışdır. Ona görə də, məhkəmə həmin rəylə razılaşaraq onu uşağın valideynlərinin hansının yanında qalmasını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Aylin adlı uşağın 14 yaşı var, qız uşağı olmaqla anasına daha bağlıdır, eyni zamanda məhkəmə iclasında həmin uşağın fikri dinlənilərkən o, anasının yanında yaşamaq istədiyini bildirmişdir. Bundan başqa, Cavabdeh də həmin uşağın anasının himayəsinə verilməsinə etiraz etməmişdir. Belə olan halda, məhkəmə həmin halları nəzərə alaraq hesab edir ki, Aylin adlı uşağın gələcək fiziki, mənəvi və psixi inkişafının təmin olunması baxımından onun anasının himayəsinə verilməsi daha məqsədəmüvafiqdir. Odur ki, məhkəmə iddiaçının uşaq tələbinə dair dəlilləri ilə razılaşaraq hesab edir ki, 17 iyul 2009-cu il təvəllüdlü X13 İddiaçı himayəsinə verilməlidir. Məhkəmə iddiaçının alimentin miqdarının artırılması tələbini müzakirə edərək hesab edir ki, həmin hissədə iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan Qusar rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli “tələbkarın ərizəsi əsasında icra sənədinin məhkəməyə qaytarılması haqqında” qərarından görünür ki, Qusar rayon məhkəməsi tərəfindən verilmiş 2(029)-23/2013 saylı 07 fevral 2013-cü il tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən, yəni tələbkarın ərizəsi əsasında məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi ailə qanunvericiliyinin tələblərinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu halında alimentin tərəflərdən hər hansı birinin tələbi ilə miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) nəzərdə tutulmuşdur. Başqa sözlə, alimentin miqdarı o halda dəyişdirilə bilər ki, məhkəmənin müvafiq qərarı ilə alimentin miqdarı müəyyən olunmuş olsun. Hazırkı halda Cavabdeh İddiaçı xeyrinə aliment tutulması barədə Qusar rayon məhkəməsinin 2(029)-23/2013 saylı 07 fevral 2013-cü il tarixli qətnaməsi qəbul olunsa da, İddiaçı həmin qətnamə əsasında verilmiş icra sənədinin icra olunmasını tələb etməyərək həmin icra sənədinin geri qaytarılmasını xahiş etmiş və həmin əsasla icra sənədi xx.xx.2021-ci il tarixli qərarla məhkəməyə geri qaytarılmış, həmin vaxtdan etibarən Cavabdeh hər hansı miqdarda aliment tutulmur. Bununla da, hal-hazırda faktiki olaraq miqdarı müəyyən olunmuş hər hansı aliment mövcud deyil. Belə olan halda, iddiaçının alimentin miqdarının artırılması tələbini irəli sürmək üçün subyektiv hüququ istisna olunur. Odur ki, yuxarıda sadalanan hallara əsasən məhkəmə hesab edir ki, iddiaçının alimentin miqdarının artırılması tələbi əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahlarından anadan olmuş 17 iyul 2009-cu il təvəllüdlü X12 İddiaçı himayəsinə verilsin və həmin uşağın yaşayış yeri kimi İddiaçı yaşayış yeri müəyyən edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən:Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar