Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-945/2025 30.01.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və üçüncü şəxs Qusar rayon İcra Hakimiyyəti yanında “Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyası”nın nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh X4 və üçüncü şəxs Qusar rayon İcra Hakimiyyəti yanında “Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyası”na qarşı “azyaşlı uşaqların himayəsində saxlanılmasına və aliment borcun silinməsinə və alimentin ödənilməsindən azad edilməsinə” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh X4 və üçüncü şəxs Qusar rayon İcra Hakimiyyəti yanında “Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyası”na qarşı azyaşlı uşaqların himayəsində saxlanılmasına və aliment borcun silinməsinə və alimentin ödənilməsindən azad edilməsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdeh X5 ilə birgə nikahlarından doğulmuş 08 yanvar 2014-ci il təvəllüdlü X15, 28 avqust 2015-ci il təvəllüdlü X16 və 11 yanvar 2020-ci il təvəllüdlü X12 onun yanında qalmasının müəyyən edilməsinə, həmin dövrdən yaranmış borcun silinməsinə və alimentin ödənilməsindən azad edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi ərizə ilə müraciət edərək iddia tələbində qeyd olunan aliment tələbindən imtina etdiyini bildirmişdir. İddia onunla əsaslandırılmışdır ki, nikahı 04 noyabr 2013-cü il tarixində rəsmi qaydada qeydiyyatdan keçrərək X5 ilə evlənmiş, həmin nikahdan 08 yanvar 2014-ci il tarixdə Anni,28 avqust 2015-ci il tarixində Ayla və 11 yanvar 2020-ci il tarixində Akim adlı uşaqları olmuşdur. Cavabdehin başqa kişi ilə ona etdiyi xəyanət, yəni onunla telefon danışıqları görüşməsi və onunla intim münasibətlərində olması ilə əlaqədar olaraq bağlanılmış nikah məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh 02 oktyabr 2022-ci il tarixində ona xəyanət etdiyini etiraf etmiş və 3 azyaşlı uşağı himayəsində saxlayaraq valideynlərin yanına qayıtmışdır.Cavabdeh dəfələrlə ona müraciət edərək barışmağı təklif etmiş o isə razılığa gəlməyərək rədd cavabını vermişdir.Üç ildən ildən çoxdur ki,cavabdehlə ər-arvad kimi bir yerdə yaşamamağı ilə yanaşı cavabdeh uşaqları ilə ünsiyyətdə olmamışdır. Məlum hadisədən sonra nikahın pozulması nikah pozulduqdan sonra azyaşlı uşaqların himayəsində saxlanılması iddia tələbi ilə Qusar rayon məhkəməsinə müraciət etmiş, Qusar rayon məhkəməsinin 29 avqust 2023-ci il tarixli, 2(029)-370/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, həmin qətnamə ilə 08 yanvar 2014-ci il təvəllüdlü X10, 25 avqust 2015-ci il təvəllüdlü X11 və 11 yanvar 2020-ci il təvəllüdlü X12 cavabdeh X3 himayəsində saxlanılması qət edilmişdir. Qusar rayon məhkəməsinin 29 avqust 2023-ci il tarixli, 2(029)-370/2023 saylı qətnaməsi qanunu qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, cavabdeh Rusiyada yaşadığı üçün uşaqları tələb etmədiyindən qətnamə icra olunmamışdır. Hazırda 3 azyaşlı uşaqlar onun yanındadır. Uşaqların bütün xərcləri onun tərəfindən ödənilir. Uşaqların onun yanında saxlanılması onların cəmiyyətdə bir şəxsiyyət kimi formalaşması, gələcəkdə daha yaxşı təhsil və tərbiyə almasına kömək edəcək, uşaqların psixi inkişafına da müsbət təsir göstərəcək. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, X2 FN-na getmiş, nikah pozulduğu tarixdən uşaqlar onun yanındadır. X5 heç vaxt uşaqlarla maraqlanmamışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında üçüncü şəxs Qusar rayon İcra Hakimiyyəti yanında “Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyası”nın nümayəndəsi X1 rəyini müdafiə etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Qusar rayon İcra Hakimiyyəti yanında “Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyası”nın nümayəndəsi X8 iştirakı ilə dindirilmiş 08 yanvar 2014-ci il təvəllüdlü X15 ifadəsində bildirmişdir ki, o, hal-hazırda atasının yanında qalır. O, atasının yanında qalmaq istəyir. Məhkəmə iclasında üçüncü şəxs Qusar rayon İcra Hakimiyyəti yanında “Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyası”nın nümayəndəsi X8 iştirakı ilə dindirilmiş 28 avqust 2015-ci il təvəllüdlü X16 ifadəsində bildirmişdir ki, o, hal-hazırda atasının yanında qalır. O, atasının yanında qalmaq istəyir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. İşdə olan 2(029)-370/2023 saylı Qusar rayon Məhkəməsinin qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X5 arasında 04 noyabr 2013-cü il tarixdə Qusar RİHB-nın Kuzunqışlaq kənd İƏD üzrə nümayəndəliyində 27 saylı akt qeydi ilə bağlanmış nikah pozulması, 08 yanvar 2014-cü il təvəllüdlü X15, 28 avqust 2015-ci il təvəllüdlü X16 və 11 yanvar 2020-ci il təvəllüdlü X17 anaları X3 himayəsində saxlanılması, həmin uşaqların yaşayış yerləri kimi X3 yaşayış yeri müəyyən edilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə Rusiya istiqamətində ölkə ərazisini tərk etmişdir. İşdə olan Qusar RİHB-nın Kuzunqışlaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Qusar rayonu, Zindanmuruqqışlaq kəndində yaşamır, Rusiya Federasiyasındadır. İşdə olan Qusar RİHB-nın Kuzunqışlaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı və X5 arasındakı nikah 20 sentyabr 2023-cü il tarixdə pozulmuş və pozulduğu tarixdən uşaqlar 08 yanvar 2014-ci il təvəllüdlü X15, 28 avqust 2015-ci il təvəllüdlü X16 və 11 yanvar 2020-ci il təvəllüdlü X17, atası İddiaçı himayəsində yaşayırlar. İşdə olan Qusar rayon İcra Hakimiyyəti yanında “Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyası”nın xx.xx.2025-ci il tarixli 5-63/2-1200/2025 nömrəli rəyindən görünür ki, uşaqların fikri, son üç il ərzində uşaqların atanın yanında yaşamasını, atalarına olan bağlılığı nəzərə alınmaqla, 08 yanvar 2014-ci il təvəllüdlü X15, 28 avqust 2015-ci il təvəllüdlü X16 və 11 yanvar 2020-ci il təvəllüdlü X17, ataları İddiaçı yanında qalması barədə qətnamə qəbul edilməsi məqsədə uyğun hesab edilmişdir. Məhkəmə, Qusar rayon İcra Hakimiyyəti yanında “Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyası”nın xx.xx.2025-ci il tarixli 5-63/2-1200/2025 nömrəli rəyini müzakirə edərək həmin rəylə razılaşır. Belə ki, həmin rəy 08 yanvar 2014-ci il təvəllüdlü X15, 28 avqust 2015-ci il təvəllüdlü X16 və 11 yanvar 2020-ci il təvəllüdlü X17 adlı uşaqların mənafeyi baxımından tam düzgündür, rəy üzrə ətraflı araşdırma aparılmaqla tərəflərin həyat şəraitləri, yaşadıqları evdə olan psixoloji mühit, tərəflərin uşaqlara olan münasibətləri ətraflı təhlil edilmişdir. Ona görə də, məhkəmə həmin rəyi işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı, 04 noyabr 2013-cü il tarixdə X5 ilə evlənmiş, həmin nikahdan 08 yanvar 2014-ci il tarixdə Anni,28 avqust 2015ci il tarixində Ayla və 11 yanvar 2020-ci il tarixində Akim adlı uşaqları olmuşdur. Qusar rayon məhkəməsinin 29 avqust 2023-ci il tarixli, 2(029)-370/2023 saylı qətnaməsi ilə 08 yanvar 2014-ci il təvəllüdlü X10, 25 avqust 2015-ci il təvəllüdlü X11 və 11 yanvar 2020-ci il təvəllüdlü X12 cavabdeh X3 himayəsində saxlanılması qət edilmişdir. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh Qusar rayonu, Zindanmuruqqışlaq kəndində yaşamır, Rusiya Federasiyasındadır və İddiaçı və X5 arasındakı nikah 20 sentyabr 2023-cü il tarixdə pozulmuş və pozulduğu tarixdən uşaqlar 08 yanvar 2014-ci il təvəllüdlü X15, 28 avqust 2015-ci il təvəllüdlü X16 və 11 yanvar 2020-ci il təvəllüdlü X17, atası İddiaçı himayəsində yaşayırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 50.1. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. 50.2. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. 50.3. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. 51.1. Uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. 51.2. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir.
52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 60.3. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 63.1. Valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. 73.1. Uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. 73.2. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın həyat və sağlamlığının mühafizə edilməsi hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə görə valideynlərin uşaqların tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir (7.3). Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmə İddiaçı ilə cavabdeh X3 birgə nikahlarından doğulmuş 08 yanvar 2014-ci il təvəllüdlü X15, 28 avqust 2015-ci il təvəllüdlü X16 və 11 yanvar 2020-ci il təvəllüdlü X12 hüquq və mənafelərini əsas götürərək, həmçinin onun valideynlərinin maraqlarını, onların həyat şəraitlərini, məhkəmə iclasında dindirilmiş uşaqların fikirlərini, iş materiallarına əlavə olunmuş arayışları(X3 Rusiya Federasiyasında yaşamasını, uşaqların son üç il ərzində atanın yanında yaşamasını) Qusar rayon İcra Hakimiyyəti yanında “Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyası”nın yuxarıda göstərilən rəyini, uşaqların istəyini və.s hallarını nəzərə alaraq hesab edir ki, hal-hazırkı vəziyyətdə 08 yanvar 2014-ci il təvəllüdlü X15, 28 avqust 2015-ci il təvəllüdlü X16 və 11 yanvar 2020-ci il təvəllüdlü X17 adlı uşaqların İddiaçı himayəsinə verilməsi həmin uşaqların mənafeyi baxımından məqsədə müvafiqdir və bu, həmin uşaqların gələcəkdə maddi, fiziki, mənəvi, psixi, təhsil və s. inkişafına mənfi təsir göstərə bilməz. Beləliklə məhkəmə hesab edir ki, 08 yanvar 2014-ci il təvəllüdlü X15, 28 avqust 2015-ci il təvəllüdlü X16 və 11 yanvar 2020-ci il təvəllüdlü X17 adlı uşaqları atası İddiaçı himayəsində saxlanılmalı və həmin uşağın yaşayış yeri kimi İddiaçı yaşayış yeri müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia təmin edilsin. İddiaçı, cavabdeh X5 ilə birgə nikahlarından doğulmuş 08 yanvar 2014-ci il təvəllüdlü X15, 28 avqust 2015-ci il təvəllüdlü X16 və 11 yanvar 2020-ci il təvəllüdlü X17 adlı uşaqlar İddiaçı himayəsində saxlanılsın və həmin uşaqların yaşayış yeri kimi İddiaçı yaşayış yeri müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV