Məhkəmə qərarları › İş №e-2(030)-191/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-191/2025

03.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-191/2025 03.04.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X16 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 aprel 2012ci il təvəllüdlü X9 və 04 fevral 2016-cı il təvəllüdlü X1 üçün hər ay Cavabdeh hər uşağa 246 manat olmaqla, cəmi 492 manat sabit məbləğində aliment tutulub ona ödənilməsi və hər il indeksasiya olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə 2012-ci ildə rəsmi nikah qeydində keçməklə ailə qurmuşlar. Birgə nikahlarından 08 aprel 2012-ci ildə Samir və 04 fevral 2016-cı ildə Sadiq adlı iki uşaqları doğulmuşdur. 2018-ci ildə cavabdeh uşaqları evdə qoyaraq başqa şəxsə qoşulub qaçmışdır. Daşkəsən Rayon Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli 2(030)–495/2018 saylı qətnaməsi ilə nikahları pozulmuş və uşaqlar onun himayəsinə verilmişdir. Həmin dövrdə işlədiyi üçün cavabdehdən aliment tələb etməmişdir. Hazırda başqa qadınla ailə qurmuşdur və həmin nikahdan bir uşağı doğulmuşdur. Uşaqlar böyüdükcə onların maddi tələbatı da artır. Uşaqların maddi tələbatını təkbaşına ödəməkdə çətinlik çəkir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh onun qızıdır. O, başqa şəxslə ailə qurmuşdur və həmin nikahdan iki uşağı doğulmuşdur. Hazırda qızı heç bir yerdə işləmir və 450 manat sosial müavinət alır. İddiaçı işləyir və təsərrüfatı vardır. Əgər uşaqlara tək baxa bilmirsə uşaqlar 15 gün onun, 15 gün iddiaçının yanında saxlanılsın. 2018-ci ildən uşaqlar iddiaçının yanında qalsalar da, o da uşaqların saxlanılması üçün köməklik göstərmişdir. İddiaçı onlara uşaqla görüş verdikdən sonra aliment ödəyəcəklər. Cavabdehin heç bir gəliri və qazancı yoxdur. Ona görə də aliment ödəmək iqtidarında deyildir. Odur ki, məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 08 aprel 2012-ci ildə Göygöl şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X4r. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qedyləri kitabında 09 oktyabr 2012-ci ildə 293 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 04 fevral 2016-cı ildə Samux rayonunda doğulmuşdur. Atası İddiaçı, anası X4r. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qedyləri kitabında 25 fevral 2016-cı ildə 38 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli 2(030)–495/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə cavabdeh X8 arasında bağlanmış, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Qaraqollar inzibati ərazi üzrə nümayəndəliyində 20 mart 2012-ci il tarixdə 01 saylı akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, X5 nikahın pozulması haqqında akt qeydi aparılarkən nikahdan əvvəlki “İmanova” soyadını bərpa etmək hüququnun olması, tərəflərin birgə nikahından – xx.xx.2012-ci ildə anadan olmuş X9 və xx.xx.2016-cı ildə anadan olmuş X10 İddiaçı himayəsində saxlanılması qət edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 24 yanvar 2025-ci il tarixli MŞG/1/MT007/00080 nömrəli arayışdan görünür ki, İddiaçı “aliment tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh 24 yanvar 2025-ci il tarixdə saat 12:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh 13 dekabr 2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir. Məhkəmə iddiaçının, cavabdehin etibarnamə üzrə nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 2012-ci ildə rəsmi nikah qeydində keçməklə ailə qurmuşlar. Birgə nikahlarından 08 aprel 2012-ci ildə X9 və 04 fevral 2016-cı ildə X10 doğulmuşdur. Aralarında olan narazılığa görə tərəflər faktiki olaraq ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli 2(030)–495/2018 saylı qətanməsi ilə İddiaçı ilə cavabdeh X8 arasında bağlanmış, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Qaraqollar inzibati ərazi üzrə nümayəndəliyində 20 mart 2012-ci il tarixdə 01 saylı akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından – 08 aprel 2012-ci ildə anadan olmuş X9 və 04 fevral 2016-cı ildə anadan olmuş X10 İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Hazırda İddiaçı himayəsində olan 08 aprel 2012-ci il təvəllüdlü X9 və 04 fevral 2016-cı il təvəllüdlü X2 üçün alimen təyin ounmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 05 iyul 2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif məktubu ünvanlanmışdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il 15 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 qərarının 8.3-cü bəndinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. İddiaçı uşaqlarının saxlanması üçün hər uşağa 246 manat olmaqla, cəmi 492 manat sabit pul məbləğində aliment təyin olunmasını tələb edir. Lakin, iddiaçı məhkəməyə cavabdehin məşğuliyyətini, iş yerini, qazancını və maddi imkanını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 08 aprel 2012-ci il təvəllüdlü X9 və 04 fevral 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay Cavabdeh 04 fevral 2025-ci ildən başlayaraq ölkə üzrə minumum əmək haqqının 0,25 misli həddində aliment tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Bir il ərzində ödəmənin məcmusu nəzərə alınarsa hazırki iddianın qiyməti 1200 manat təşkil edir. Belə olan halda, iddia ərizəsinin məhkəməyə verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi hesablanır. “Dövlət rüsumu haqqında” Qanunun 9.4-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən 32 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 08 aprel 2012-ci il təvəllüdlü X9 və 04 fevral 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay Cavabdeh 04 fevral 2025-ci ildən başlayaraq ölkə üzrə minumum əmək haqqının 0,25 misli həddində aliment tutulub İddiaçı ödənilsin. Cavabdeh 32 (otuz iki) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X11 ödənilsin. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar