Məhkəmə qərarları › İş №e-2(031)-151/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-151/2025

04.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-151/2025 04.02.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "alimentin sabit pul məbləğində tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin sabit pul məbləğində tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən övladları xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay bir uşaq üçün 235 manat olmaqla cəmi 705 manat sabit məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan üç övladları- xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X6 anadan olmuşdur. Övladları onun yanındadır. O, cavabdehlə uzun müddətrdir ki, ayrı yaşayır. Cavabdeh onunla və övladları ilə xeyli vaxdir ki maraqlanmır. Övladları hal-hazırda onun yanındadır. Cavabdehin imkanı yaxşı olsa da övladına baxmır. Ümumiyyətlə ayrı yaşayandan bəri heç gəlib maraqlanmır. Onun üçün uşağa tək baxmaq çətin olur. Övladının saxlanması ilə bağlı xərcləri çatdıra bilmir. Uşaqları tək qoyub heç yerdə işləyə bilmir. Uşaqların tərbiyəsi ilə özü məşqul olur. Cavabdehin aylıq gəlirləri çox yüksəkdir. Əlavə gəlir yeri yoxdur. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini qəbul etdiyini, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -AZ-İ seriyalı 406735 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı 18 aprel 2008-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. -AZ-İİ seriyalı 239597 saylı, AZ-İİ seriyalı 613103 saylı və AZ-İİ seriyalı 939029 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu ildə Nəsibə, xx.xx.2010-cu ildə Qızılgül və xx.xx.2012-ci ildə Teyfur adlı uşaqları anadan olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1, 75-78, 81, 82 və 100.2-ci maddələrinin tələblərini, “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanununu və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndini rəhbər tutaraq, müəyyən etmişdir ki, tərəflərin ər-arvad münasibətlərindən xx.xx.2009-cu ildə X5, xx.xx.2010-cu ildə X4 və xx.xx.2012-ci ildə X6 adlı uşaqları anadan olmuşdur. Uşaqlar iddiaçının yanında yaşayır. Cavabdeh uşaqların saxlanılması üçün aliment ödəməyə etiraz etmir. Bu barədə məhkəməyə ərizə də təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2009-cu ildə anadan olmuş X2, xx.xx.2010-cu ildə anadan olmuş X1 və xx.xx.2012-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulması dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233-cü, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2009-cu ildə anadan olmuş X2, xx.xx.2010-cu ildə anadan olmuş X1 və xx.xx.2012-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması dərhal icra edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar