Məhkəmə qərarları › İş №e-2(031)-20/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-20/2025

09.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-20/2025 09.01.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Cavabdehin nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçün şəxs Şabran Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması və uşaqların himayəmdə qalması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması və uşaqların himayəmdə qalması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli nikahın pozulması və xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X2 onun himayəsində qalmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X5 adlı iki övladları var. Nikahlarının ilk vaxtlarında münasibətləri normal olmuşdur. Son vaxtlar münasibətləri pozulmuşdur, bir-biri üçün yad adamlardılar, bir-birlərini başa düşmürlər, xasiyyətləri uyğun gəlmir. Cavabdeh onu ər kimi saymır, evi tərk etmişdir. Ailə münasibətləri kəsilmişdir və ailələri formal xarakter daşıyır. Boşanmaq fikri qətidir. Boşanmadan sonra uşaqların onun himayəsində qalmalarını istəyir. Cavabdeh onu tərk edərkən kiçik oğlu X3 özü ilə aparmışdır. Böyük oğlu isə onun himayəsindədir. Lakin o, hesab edir ki, uşaqlar bir-birindən ayrılmamalı, onun himayəsində və bir yerdə böyüməlidirlər. Hər iki oğlu Sumqayıt şəhər 35 saylı orta məktəbin müvafiq olaraq 9 və 6-cı sinif şagirdləridir. Onlar onun yanında çox rahat və xoşbəxtdirlər. Onların yaşaması üçün kifayət qədər yüksək şəraiti mövcuddur. Uşaqların bütün yaxın çevrəsi Sumqayıt şəhərində yaşayır. Hesab edir ki, uşaqlar onun himayəsində qalmalı, anaları ilə isə vaxt məhdudiyyəti olmadan görüşməlidirlər. Bu təklif uşaqların mənafeyinə uyğundur. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbinin qismən təmin edilməsini, nikahın pozulmasına etiraz etmədiyini bildirdi, lakin boşandıqdan sonra hər iki uşağının onun yanında saxlanılmasını xahiş etdi. Barışıq üçün 3 ay vaxt verilməsinə ehtiyac yoxdur. Bu barədə ərizə də təqdim edir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinin qismən təmin edilməsini bildirdi və tərəflər arasında bağlanmış rəsmi nikahın pozulması, nikah pozulduqdan sonra hər iki uşağın analarının yanında saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında dindirilən xx.xx.2008-ci il təvəllüdlü X7 atasının yanında və xx.xx.2012-ci il təvəllüdlü X5 isə anasının yanında qalmaq istədiklərini bildirdilər. Müstəqil tələb irəli sürməyən üçün şəxs Şabran Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 məhkəmə iclasında bildirdi ki, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X5 hər hansı bir təzyiqə məruz qalmamışlar. Sərbəst olaraq öz fikirlərini ifadə edə bilirlər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İ seriyalı 375304 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh07 dekabr 2007-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İş materiallarında olan AZ-İİ seriyalı 194581 saylı və AZ-İİİ seriyalı 043362 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci ildə Elşən və xx.xx.2012-ci ildə İbrahim adlı uşaqları olmuşdur. İş materiallarında olan Şabran rayon İH-nin Qəyyumluq və Himayəçilik Komissiysı tərəfindən verilmiş 11 iyun 2024-cü il tarixli rəyindən görünür ki, komissiya mülki işdə olan materialları, Cavabdeh həyat şəraitini, xx.xx.2012-ci il təvəllüdlü X2 yazılı izahatını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, onun anası Cavabdeh Təran qızının himayəsində qalması barədə rəy verilməsini məqsədəmüvafiq hesab etmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 24 oktyabr 2024-cü il tarixli, 11/531 saylı ekspert rəyindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X4 hazırda atası İddiaçı və anası Cavabdeh bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunmaqla, atası İddiaçı bağlılığı daha çoxdur. xx.xx.2012-ci il təvəllüdlü X2 hazırda anası Cavabdeh və atası İddiaçı bağlılığı müəyyən olunmaqla, anası Cavabdeh bağlılığı daha çoxdur. Uşaqlar - X7 və X5 fərdi- psixoloji xüsusiyyətlərinə görə ekstravertə (insanın psixi fəaliyyətinin xarici aləmə yönəlməsi) daha yaxındırlar. Uşaqlar - X7 və X5 psixi cəhətdən normal inkişaf etmişdir. Uşaqlar - X7 və X5 ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikir və mülahizələrini sərbəst şəkildə ifadə etmək qabiliyyətinə malik olmaqla, onların psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamağı seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Valideynlər arasında qarşılıqlı münasibətlərdə yaşanmış gərginlik uşaqlar - X4 və X2 emosional-iradi sferasına neqativ təsir göstərmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi haqqında xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-00514 saylı arayış iddia ərizəsinə əlavə olunmuşdur. Habelə, iş materiallarındakı ekspert xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manatdır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə nikahlarından doğulmuş uşağlar yetkinlik yaşına çatmamışdır. Tərəflər 2007-ci ilin dekabr ayından rəsmi nikahda olub yaşamaqlarına baxmayaraq hazırda ailə münasibətləri kəsilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 16-cı maddəsinə əsasən nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 17.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır: ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə; ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə; Həmin Məcəllənin 19.1-ci maddəsinə görə Ailə Məcəlləsinin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. Həmin Məcəllənin 23.1-ci maddəsinə görə nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının ailə qanunvericiliyi nikahı kişi ilə qadının ailə qurmaq məqsədi ilə və hər ikisinin ailə qurmaq niyyəti olduğu halda müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqı kimi tanıyır. Nikahın bağlanmasındakı məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək olur ki, belə nikahın bağlanmasından sonra ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü müəyyən edildikdə heç kəs iradəsinin əleyhinə nikahda saxlanıla bilməz. Bu mənada məhkəmə tərəflərin bundan sonra ailə münasibətlərinin bərpasının mümkünsüzlüyü ilə bağlı iradə ifadəsini nəzərə alır və hesab edir ki, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildiyindən tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə görə nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ərarvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən Ailə Məcəlləsinin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Məhkəmə xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 yaşını və üstün mənafeyini rəhbər tutmaqla, habelə Şabran rayon İH-nin Qəyyumluq və Himayəçilik Komissiysı tərəfindən verilmiş 11 iyun 2024-cü il tarixli rəyini, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 24 oktyabr 2024-cü il tarixli, 11/531 saylı ekspert rəyini, uşaqların hər ikisinin məhkəmədə verdiyi izahatları nəzərə alaraq, hesab edir ki, tərəflər arasındakı nikah pozulduqdan sonra uşağlardan- xx.xx.2008-ci il təvəllüdlü X4 atanın və xx.xx.2012-ci il təvəllüdlü X2 ananın yanında qalması onların mənafeyinə daha uyğundur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2011-ci il 28 oktyabr tarixli 6/2011 nömrəli Qərarının 3.1.-ci yarımbəndində qeyd edilmişdir ki, məhkəmələr uşaqlardan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə iddialara baxarkən iddianın predmetinin ünsiyyət hüququnun müəyyən edilməsindən ibarət olduğunu, ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin isə bu hüququn icra qaydası və (və ya) üsulunu ehtiva etdiyini nəzərə almalıdırlar. Məhkəmələr iddianın predmetinə qiymət verərkən ünsiyyət hüququnun müəyyən edilməsini tələb edən valideynlə uşağın ünsiyyətdə olmasının sonucunun fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi halların mövcudluğu baxımından araşdırmalı, habelə bu ünsiyyətin uşağın mənafeyinə uyğun olub-olmadığını müəyyən etməklə iddianı təmin və ya rədd etməlidirlər. İddiaçının qeyd edilən iddia tələbi ilə birgə verilən ünsiyyət qaydası və (və ya) üsuluna dair müraciətinə münasibətdə isə məhkəmələr bu Qərarın 2.2-ci bəndində göstərilənlərə uyğun qiymətləndirmə aparmaqla, təmin etdiyi hüququn icrası qaydası və (və ya) üsulunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən müəyyən etməlidirlər. İşdə olan sənədlərdən görünür ki, iddiaçı və cavabdeh tərəfindən uşaqlarla ünsiyyətdə olmaları ilə əlaqədar hər hansı bir tələb irəli sürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, hazırda tərəflərin nikahları formal xarakter daşıyır, ailə münasibətlərinin bərpa olunması qeyri-mümkündür. Eyni zamanda, uşağların saxlanması üçün vəsaitin (alimentin) tutulmasına münasibətdə isə hər hansı tələb olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmalı, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X7 atasının və xx.xx.2012-ci il təvəllüdlü X5 anasının yanında saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Sumqayıt şəhər Qeydiyyat Şöbəsində 07 dekabr 2007-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1160 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Boşanmadan sonra tərəflərin birgə nikahlarından doğulmuş, xx.xx.2008-ci il təvəllüdlü X7 İddiaçı və xx.xx.2012-ci il təvəllüdlü X5 Cavabdeh yanında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı isə Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar