Məhkəmə qərarları › İş №e-2(032)-1116/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1116/2023

11.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1116/2023 11.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı nümayəndəsi-vəkili Vəkil, Cavabdeh X4 və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X6 qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X7 ilə birgə nikahlarından anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay uşağa görə 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X7 ilə nikah münasibətləri 11 noyabr 2021-ci il tarixdə Şirvan şəhər Qeydiyyat Şöbəsində rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Uşaq hazırda ananın himayəsindədir. Cavabdeh birgə nikah dövründə anadan olmuş uşağın saxlanması ilə əlaqədar maddi cəhətdən köməklik göstərmədiyindən aliment məbləğinin tutulması ilə əlaqədar qanunvericiliyin tələbinə əsasən mediatora müraciət etmişdir. Mediasiya prosesində tərəflər arasında barışıq əldə edilmədiyindən mediasiya prosesinin keçirilməsindən imtina edilmişdir. Lakin xx.xx.2023-cü ildən etibarən cavabdehlə birgə təsərrüfat aparmadıqlarından uşağın saxlanmasında çətinliklər vardır. Cavabdeh uşağın saxlanması üçün heç bir maddi və mənəvi köməklik göstərməmişdir. Uşağın bütün qayğısını, ehtiyacını özü çəkir. Özü valideynlərinin himayəsində yaşamaqla, heç bir yerdə işləmir və başqa gəlir yeri yoxdur. İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh X7 məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, rəsmi olaraq nikahları pozulmayıb. Aylıq 478 manat məbləğində maaş alır. İddianın qismən təmin edilməsini, 100-120 manat civarında aliment ödəməyə maddi imkanının çatdığını bildirdi. Cavabdeh X4 vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddianın qismən təmin edilməsini, alimentin cavabdehin aldığı maaş nəzərə alınmaqla 100-120 manat civarında müəyyən edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında nikah 11 noyabr 2021-ci ildə Şirvan şəhər Qeydiyyat şöbəsində 350 № ilə qeydə alınmışdır. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin məcəllənin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhməkəyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3cü maddəsinə əsasən uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Göründüyü kimi adı çəkilən Beynəlxalq konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi nəzərdə tutulmuşdur. Məhkəmə iddiaçının tələbini, tərəflərin maddi vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, yaşını, mövcud ola biləcək maddi tələbatlarını, iddiaçı ananın hazırda azyaşlı uşağa qulluq göstərdiyinə görə işləməməsini nəzərə alır və belə hesab edir ki, xx.xx.2022-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 160 manat alimentin tutulması məqsədəmüvafiqdir. Məhkəmə alimentin məbləğini müəyyən edərkən işin hallarını, tərəflərin maddi vəziyyətini, uşağın mənafeyini nəzərə alır və belə hesab edir ki, iddia qismən təmin edilməli, birgə nikahlarından anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 17 iyul 2023-cü il tarixdən hesablanmaqla xx.xx.1988-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh hər ay uşağa görə 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamə qəbul edildikdən dərhal sonra icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri 50 manat məbləğində mediasiya xərcindən ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən mediasiya xərci kimi ödənilmiş 50 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, aliment tələbi üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib cavabdehdən dövlət nəfinə alınmalıdır. Belə olan halda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsini rəhbər tutaraq cavabdehdən 39 manat dövlət rüsumu dövlət nəfinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 17 iyul 2023-cü il tarixdən hesablanmaqla xx.xx.1988-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh hər ay uşağa görə 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə qəbul edildikdən darhal sonra icra olunsun. Tərəflərə izah olunsun ki, qətnamədən şikayətin verilməsi aliment hissəsində icrasını dayandırmır. Mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat pul cavabdehdən alınaraq iddiaçıya, dövlət rüsumu kimi 39 manat pul isə dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar