Məhkəmə qərarları › İş №e-2(032)-1525/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1525/2024

15.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1525/2024 15.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh 01 may 2013-cü il tarixli nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay cavabdehin qazancının (və sair gəlirlərinin) 1/3 hissəsi məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını rəsmi şəkildə xx.xx.2013-cü il tarixdə Şirvan şəhər Qeydiyyat şöbəsində qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından iki uşaqları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X6 doğulmuşdur. Cavabdeh Şirvan şəhər mərkəzi xəstəxanasının poliklinika şöbəsində həkim-lobarant işləyir, aylıq əmək haqqı da 1200-1300 manat təşkil edir (bəlkə də daha çox), eyni zamanda əlavə olaraq, "xxxx" MMC-də özəl laboratoriya işçisi olduğundan ayda 200-300 manat da oradan bonuslar alır. Lakin buna baxmayaraq həmin əmək haqqını görmür, çünki cavabdeh nəinki uşaqlarının saxlanılması üçün ona maddi cəhətdən köməklik etmir heç aylarla uşaqları da görmür. Şirvan şəhərində uşaqları ilə birlikdə yaşamış olsa da, cavabdeh kirayə ev tutub başqa evdə öz istədiyi kimi yaşayır və qeyd etdiyi kimi uşaqların saxlanılması üçün ona heç bir köməklik göstərmir. Bu səbəbdən də Şirvan şəhər məhkəməsində cavabdehə qarşı aliment tələbinə dair iddia qaldırmaq məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 01 may 2013-cü il tarixdə nikaha daxil olmuş və bu bardə nikah haqqında akt qeyd kitabında 245 nömrəli akt tərtib edilmişdir. Nikahdan sonra arvada Rəhimova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, xx.xx.2014-cü il tarixdə X4 və xx.xx.2015-ci il tarixdə X6 doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş şəxsin gəlir məlumatları barədə “AzeMis” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh “Şirvan şəhər Mərkəi Xəstəxanası” publik hüquqi şəxsində mühəndis-laborant vəzifəsində işləyir və aylıq əmək haqqı 1444 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında olan rəsmi nikah pozulmamışdır. Tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X6 doğulmuşdur. Hazırda iddiaçı xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün cavabdehin əmək haqqı və başqa gəlirlərinin 1/3 hissəsində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü hissəsinə görə, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin məcəllənin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Məcəllənin 76.1 və 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə cavabdehdən uşağın saxlanılması üçün tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən qeyd edir ki, mülki iş materiallarına əlavə edilmiş məlumatdan görünür ki, iddiaçının daimi iş yeri vardır və əmək haqqısı 1444 manat təşkil edir. Məhkəmə hesab edir ki, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatandək saxlanılması üçün cavabdehdən qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmçinin məhkəmə hesab edir ki, aliment tutularkən Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri qisimində tutulan aliment nəzərə alınmalıdır. Belə ki, iş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 16(032)-61/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə 01 may 2014-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 üçün əvvəli ərizə verildiyi gündən, yəni xx.xx.2024-cü ildən hesablanmaqla Cavabdeh hər ay hər uşağa 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq ərizəçi İddiaçı verilməsi qərara alınmışdır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin məcmusu 481.3x12=5775.6 manat təşkil etdiyinindən, ödənilməli olan dövlət rüsumu məbləği 77.75 manat təşkil edir. Odur ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 77.75 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Aliment tutularkən Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(032)- 61/2024 nömrəli qərardadı ilə tutulmuş olan aliment nəzərə alınsın. Cavabdeh 77,75 (yetmiş yeddi manat yetmiş beş qəpik) dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar