Məhkəmə qərarları › İş №e-2(032)-1638/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-1638/2025

08.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-1638/2025 08.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Nümayəndə. Cavabdeh nümayəndəsi-vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı uşağın himayədə qalması və aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.2017-ci il tarixli nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 ananın himayəsində qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onula əsaslandırılmışdır ki, cavabdehlə nikahları rəsmi şəkildə xx.xx.2017-ci il tarixdə Şirvan şəhər Qeydiyyat Şöbəsində 210 nömrə ilə qeyd etdirsələr də, faktiki olaraq 18 avqust 2018-ci il tarixdə cavabdehlə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə az müddət münasibətləri normal olmuş, sonradan cavabdehin hərəkətləri nəticəsində münasibətləri pozulmuş, ailədə tez-tez narazılıqlar olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmir, münasibətlərində şiddətli keçimsizlik yaranmış və cavabdeh Sabirabad rayon Məhkəməsində ona qarşı nikahın pozulması tələbinə dair iddia qaldırmışdır. Həmin iddianı qəbul etmir və bu barədə Sabirabad rayon Məhkəməsinə ərizə göndərəcək. Artıq 7 aydır ki, azyaşlı oğlu Nurlanla birlikdə cavabdehdən ayrı yaşayır. Cavabdeh ona və azyaşlı övladına maddi yardım göstərmir. Cavabdeh hazırda Türkiyə Respublikasındadır. Oraya işləməyə gedib. Burada olanda da sürücü işləyirdi, ayda 1500 manatdan çox pul alırdı. Hazırda övladı 2-ci sinfə gedəcək. Onun ehtiyaclarını ödəmək üçün maddi imkanı çatmır. Cavabdeh Türkiyəyə getdikdən sonra isə onun ana və bacısı onu cehiz əmlaklarının da yığıldığı, cavabdeh münasibətlərinin korlandığı son 7 ayadək birlikdə yaşadıqları Bakı şəhəri, Binəqədi qəsəbəsi, C.cabbarlı küçəsində yerləşən özlərinə məxsus (sənədsiz) evlərindən çıxardaraq, evin kilidini dəyişərək, onu evə qoymamışlar. Sonradan isə Ayaz adlı vəkilləri ilə birlikdə özbaşınalıq edərək, əllərində heç bir məhkəmə sənədi olmadan onun cehiz əmlaklarını küçəyə töküblər, oradan isə daşıyıb, haraya yığmaqları barədə onun heç bir məlumatı yoxdur. Bir sözlə cavabdeh və onun ana-bacısı (və vəkilləri) onun qızıllarını, əmlaklarını, yaşadığı evini də əlindən alaraq, onu çox çətin vəziyyətdə qoyublar. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili X4 mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Sabirabad rayon Məhkəməsinə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə hesab edir ki, hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Sabirabad rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, mülki iş materialları aidiyyəti üzrə Sabirabad Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan 2(056)-2368/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadın surətindən görünür ki, Sabirabad rayon Məhkəməsinin icraat icraatında iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair mülki iş vardır. Həmin iş icraata ilkin olaraq qəbul edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; 22.2.3. ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; 22.2.4. ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Məhkəmə hesab edir ki, məhkəmənin nikahın pozulmasına baxacağı təqdirdə eyni zamanda Ailə Məcəlləsinin 22-ci maddəsində göstərilən xüsusatlara da öz münasibətini bildirməsini nəzərə alaraq hazırda qaldırılan iddianın Sabirabad rayon Məhkəməsində baxılması qanunun tələbindən irəli gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin tələbinə görə əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinin tələbinə görə bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsaslanaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı uşağın himayədə qalması və aliment tələbinə dair mülki iş aidiyyəti üzrə Sabirabad rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44-45, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı uşağın himayədə qalması və aliment tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Sabirabad rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar