Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1714/2025 15.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Taşyürək (Babayeva) Kifayət Əzizxan qızına qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək cavabdeh Taşyürək (Babayeva) Kifayət Əzizxan qızına məxsus məxsus 1 ədəd taxt, 1 ədəd şifoner, 1 ədəd servant, 1 ədəd çilçıraq, 1 ədəd televizor altlığı və 1 ədəd bogemadan ibarət olan əmlakların mülkiyyətində olan Şirvan şəhəri, Energetik küçəsi 9, 23 nömrəli mənzilindən çıxarılmasını tələb etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, qardaşı X4 hazırkı iş üzrə cavabdeh Babayeva (hazırkı soyadı Taşyürek) Kifayət Əzizxan qızı ilə ailə qurmuşdur. Qardaşı ailə qurduqdan sonra hazırda onun mülkiyyətində olan evdə yaşamışlar. Onların birgə nikahlarından bir övladları olmuşdur. X8 2003-cü ildə rəhmətə getmişdir. Mehman rəhmətə getdikdən bir müddət sonra onun yoldaşı Kifayət uşağını da götürüb evdən çıxaraq getmişdir. Evdən gedəndən bir müddət sonra o və yoldaşı evdə olmayan zaman onun evinə gələrək özünə məxsus olan müxtəlif əşyalarını götürüb aparmışdır. Lakin ona məxsus olan mebellər- yəni bir ədəd taxt, bir ədəd şifoner və 1 ədəd servant, 1 ədəd çilçıraq, 1 ədəd televizor altlığı, eyni zamanda 1 ədəd gül üçün qab (bogema) onun mülkiyyətində olan evdə qalmışdır. Onunla əlaqə saxlamaq imkanı olduğu vaxt, yəni təxminən 7 il əvvəl cehiz əmlakını götürməsi barədə ona xəbərdarlıq etmişlər. Lakin cavabdeh cehiz əmlakın qalan onlarda qalan hissəsini aparmaqdan yayınmışdır. Həmin vaxtdan sonra da onunla əlaqə saxlaya bilməmişlər. Nəticədə yuxarıda göstərdiyi əşyalar ona məxsus evdə qalmışdır. Xüsusi mülkiyyətində olan və cavabdehə məxsus cehiz əmlakının yerləşdiyi ev cəmi 71,2 kv.m. olmaqla 3 otaqdan ibarətdir. Özü, həyat yoldaşı və üç uşağı həmin evdə yaşayırlar. Başqa yaşayış yeri yoxdur. Cavabdehə məxsus əmlakları onun evində qalması nəticəsində xüsusi mülkiyyətində olan mənzildən sərbəst, rahat istifadə edə bilmir. 2 otaqda cehiz əmlakın yığılıb qalması onun və ailə üzvlərinin yaşayış şəraitini məhdudlaşdırır. 25 ilə yaxındır ki, bu şəraitdə yaşayırlar. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə gəlməmiş, məhkəmədə nümayəndəsi Vəkil vasitəsi ilə təmsil olunduğundan, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Taşyürək (Babayeva) Kifayət Əzizxan qızına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanmasına dair müqavilədən görünür ki, X1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68,22 kv.m mənzilin tam mülkiyyət üzrə on (lar) a məxsus hissəsini İddiaçı bağışlamış, İddiaçı verilən hissəsini bəxşiş kimi qəbul edir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı məxsus olan Şirvan şəhəri Energetik küçəsi, 9 saylı evin 23 nömrəli mənzili xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 166 nömrəli vərəqəsində xx.xx.2018-ci ildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). MM-in 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində qeydə alındığı tarixdən əmələ gəlir. MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın MM-in 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. MM-in 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. MM-in 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Bağışlama müqaviləsi əvəzsiz əqd olmaqla daşınmaz əmlaklar barəsində notariat qaydasında təsdiq edildiyi andan etibarlı olur və daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edənə keçir. Bağışlama müqaviləsinə əsasən hədiyyə verən sağ ikən öz əmlakının bir hissəsinin heç bir cavab xidməti ilə şərtləndirilmədən hədiyyə alana bağışlayaraq onu zənginləşdirir. Bağışlama müqaviləsi şəxsin təmənnasız xeyirxah iradəsinin ifadəsinə əsaslanır. Mülki Məcəllənin bağışlama haqqında müddəalarından həmçinin görünür ki, bağışlama müqaviləsi hər hansı şərtlərdən və ya öhdəliklərdən asılı edilə bilər. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında mənzilə dair bağışlama müqaviləsi bağlanarkən həmin müqavilədə hər hansı qeyri-şərt, yaxud öhdəliyin yerinə yetirilməsi nəzərdə tutulmamış, həmçinin bağışlama heç bir şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, bağışlama müqaviləsi nəticəsində bağışlayan şəxsin əmlak üzərində olan mülkiyyət hüquqları (istifadə, sahiblik və sərəncam) itirilmiş olur. Beləliklə müəyyən olunur ki, mülkiyyət hüququ sahiblik, sərəncam vermək və ondan istifadə etmək hüququdur. İddiaçı hazırda cavabdehə məxus cehiz əmlakın həmin mənzildən çıxarılmasını tələb edir. Məhkəmədə tədqiq olunmuş sənədlər əsasında müəyyən edilmişdir ki, Şirvan şəhəri Energetik küçəsi, 9 saylı evin 23 nömrəli mənzili iddiaçının atası X2 məxsus olmuş, X3 həmin mənzili xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanmasına dair müqaviləsinə əsasən iddiaçıya bağışlamışdır. Şirvan şəhəri Energetik küçəsi, 9 saylı evin 23 nömrəli mənzili iddiaçının adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci ildə qeydiyyata alınmışdır Taşyürək (Babayeva) Kifayət Əzizxan qızı iddiaçının mərhum qardaşı X4 ilə evlənərək Şirvan şəhəri, Energetik küçəsi, 9 saylı evin 23 nömrəli mənzilinə köçmüş, iddiaçının qardaşı 2003-cü ildə vəfat etdiyindən cavabdeh həmin evi tərk edərək başqa evə yaşamaq üçün getmiş, uzun müddətdir ki, (20 ildən çox) həmin evə yaşamaq üçün geri qayıtmamışdır. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, özəlləşdirilən mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin yaşadıqları mənzilin (evin) öz aralarından hər hansı birinin mülkiyyətinə verilməsi haqqında razılığın olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Bundan əlavə ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılıq verərkən, bunu mənzildə yaşamaq hüququndan imtina etmək üçün deyil, tam əksinə, Qanunun məqsədlərindən birinə uyğun olaraq həmin mənzildən daha səmərəli istifadə etmək imkanına sahib olmaq üçün edirlər. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 5-ci maddəsinin birinci hissəsinə görə özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinə həmin mənzildə yaşamaq hüquqlarının hansı şəkildə (mülkiyyətçi və ya yaxud mülkiyyətçinin ailə üzvü kimi) həyata keçirilməsini seçmək imkanı verilmişdir. Lakin bu seçim öz-özlüyündə Qanunun məqsədlərindən birinin tamamilə aradan götürülməsi və özəlləşdirməyə razılıq verən ailə üzvlərinin mənzildə yaşamaq hüququndan məhrum edilməsi ilə nəticələnməməlidir. Beləliklə, ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılığı Qanunun məqsədlərinə əsasən həmin mənzildən daha səmərəli şəkildə istifadə etmək imkanına sahib olmaq üçün, mənzilin mülkiyyətçisinin mülkiyyət hüququndan ailə üzvlərinin bu mənzildə yaşamaqla bağlı hüquqlarına zidd şəkildə istifadə etməyəcəyinə güvənib, ona etimad göstərərək vermişlər. Bu səbəbdən mülkiyyətçi, mənzilə mülkiyyət hüququndan ona bəslənilən etimada zidd şəkildə istifadə edərək özəlləşdirməyə razılıq vermiş digər ailə üzvlərini həmin mənzildə yaşamaq imkanından məhrum edə bilməz. Əks hal hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biri olan «hüquqdan sui-istifadə qadağası»na zidd olar. «Azərbaycan Respublikasında Mənzil Fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun12-ci maddəsinə əsasən mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərdə) öz mülahizələrinə görə sahiblik edir,onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər : onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Bununla yanaşı məhkəmə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarında verilmiş şərhi də nəzərə almışdır. Belə ki, həmin qərara görə Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi, ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi, nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5ci maddəsinəəsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Taşyürək (Babayeva) X6 şəhəri Energetik küçəsi 9 saylı evin , 23 nömrəli mənzilindən daimi yaşamaq üçün başqa evə köçdüyündən, uzun müddətdir ki, həmin evdə yaşamadığından ona məxsus olan əşyaların orada saxlanılması İddiaçı özünə məxsus olan əmlakdan sərbəst istifadə hüququnu məhdudlaşdırır. Ona görə də İddiaçı mülkiyyət hüququnun müdafiəsi təmin edilməli, cavabdeh Taşyürək (Babayeva) Kifayət Əzizxan qızına məxsus əşyalar İddiaçı məxsus olan mübahisəli evdən çıxarılmalı, bununla da iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə xərcləri ödənilmiş 50 (əlli) manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, cavabdeh Taşyürək (Babayeva) Kifayət Əzizxan qızından dövlət rüsumu üçün ödənilmiş 50 (əlli) manat alınaraq İddiaçı verilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutub, qət etdi: İddia təmin edilsin. Cavabdeh Taşyürək (Babayeva) Kifayət Əzizxan qızına məxsus 1 (bir) ədəd yataq çarpayısı (taxt), 1 (bir) ədəd paltar dolabı (şifoner), 1 (bir) ədəd qab-qacaq dolabı (servant), 1 (bir) ədəd çilçıraq, 1 (bir) ədəd televizor altlığı və 1 (bir) ədəd bohema qab (güldan) İddiaçı məxsus ünvan 2 ünvanından çıxarılsın. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh Taşyürək (Babayeva) Kifayət Əzizxan qızından 50 (əlli) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Sədrlik edən : Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(032)-1714/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1714/2025
15.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver