Məhkəmə qərarları › İş №e-2(032)-1754/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1754/2024

17.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1754/2024 17.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün iş üzrə cavabdeh xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh əmək haqqı və başqa gəlirlərinin 1/3 hissəsinin aliment olaraq tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iş üzrə Cavabdeh ilə 11 sentyabr 2007-ci il tarixli, 416 nömrəli akt qeydi əsasında nikahlarını qeyd etdirməklə evlənmişlər. Onların rəsmi nikahlarından xx.xx.2009-cü il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X7 adlı 2 (iki) uşaqları anadan olmuşdur. İddiaçının bildirdiyinə görə o, gəlin kimi iş üzrə Cavabdeh qeydiyyatda olduğu ünvanda yerləşən evinə gəlin köçmüş və bir müddət birlikdə təssərüfatı idarə etmişlər. Bir neçə aydır ki, tərəflərin ailə nikah münasibətləri bir-birinə uyğun gəlmədiyi üçün, münasibətləri pozulmuş, hal-hazırda ayrı yaşayırlar və onların rəsmi nikahlarından olan uşaqları iddiaçının himayəsində olmaqla yaşayırlar. Bu müddət ərzində iş üzrə Cavabdeh İddiaçı himayəsində olan uşaqların saxlanması üçün iddiaçıya heç bir maddi yardım etməmişdir. Hazırda iddiaçı uşaqları təkbaşına saxlamaqda maddi tərəfdən çətinlik çəkir. Ərizəçi buna qədər müxtəlif idarə və müəssisələrdə, iş üzrə Cavabdeh isə Azərbaycan Respublikasının Strateji X3 Agentliyində işləmiş və hal-hazırda xidmətini başa vurduğu üçün pensiyaya çıxmışdır. Hal-hazırda iş üzrə cavabdeh təxminən 1000 manata pensiya və əlavə olaraq 170 manat ödəniş almaqla, cəmi – 1.700 manat aylıq qazancı varıdır. Ona görə də iş üzrə iddiaçı məcburiyyət qarşısında qalaraq, himayəsində olan xx.xx.2009-cü il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün iş üzrə cavabdeh xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh əmək haqqı və başqa gəlirlərinin 1/3 hissəsinin alimentin tutulub alınıb (tutulub) İddiaçı verilməsi ilə əlaqədar məhkəməyə müraciət edir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı himayəsində olan xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün iş üzrə cavabdeh xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh hər ay, hər bir uşaq üçün 245 manat sabit pul məbləğində olmaqla, cəmi 490 manat aliment alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki iş cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia ərizəsinə etirazında göstərmişdir ki, iddiaçı tərəf ondan onu xeyrinə hər bir uşaq üçün 245 manat, ümumilikdə 490 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə görə 2 uşağa görə qazancın 1/3 hissəsi verilməlidir. Odur ki, alimentin sabit qaydada deyil, gəliririnin 1/3 hissəsi tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X7 doğulmuşdur. Şirvan Regional vəkil bürosunun vəkili X1 əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının xx.xx.2024-cü il -tarixli, 3-17-1/2-254280/2024 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləği 968.54 manat təşkil edir və ödəniş "xxxx" ASC vasitəsilə adıçəkilən şəxsin müvafiq kart hesabına köçürülür. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2016-cı il tarixli 8-2 nömrəli qərarının 8.5-ci bəndində qeyd edilmişdir ki, “Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi).” İddiaçının məhkəməyə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsindən görünür ki, o, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər bir uşaq üçün 245 manat sabit pul məbləğində olmaqla, cəmi 490 manat alimentin tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən göründüyü kimi uşaqların qayğısına qalmaq və onların dolanacaq xərclərinin təmin edilməsi valideynlərin borcudur. Həmçinin qanunvericiliyin tələblərinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Hazırki mülki iş üzrə iş materiallarından görünür ki, cavabdeh hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə 968.54 manat təqaüd alır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) 1/3 hissəsi məbləğində aliment, eyni zamanda hər ay, hər uşağa görə 30 manat olmaqla, ümumilikdə 60 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti aliment tələbi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, aliment tutularkən Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri qisimində tutulan aliment nəzərə alınmalıdır. Belə ki, iş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(032)-99/2024 nömrəli qərardadından görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 (uşaq üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) saxlanması üçün Cavabdeh hər ay əmək haqqı və ya başqa gəlirlərinin 1/3 hissəsi məbləğində aliment tutularaq ərizəçi İddiaçı verilməsi qərara alınmışdır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin məcmusu 968,54:3=322,84+60=382.84x12=4594.08 manat təşkil etdiyinindən, ödənilməli olan dövlət rüsumu məbləği 65.94 manat təşkil edir. Odur ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 65.94 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) 1/3 hissəsi məbləğində aliment, eyni zamanda hər ay, hər uşağa görə 30 manat olmaqla, ümumilikdə 60 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Aliment tutularkən Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(032)- 99/2024 nömrəli qərardadı ilə tutulmuş olan aliment nəzərə alınsın. Cavabdeh 65.94 (altmış beş manat doxsan dörd qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar