Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-447/2025 26.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Məhkəmə iclasının katibi Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 Cavabdeh qarşı qızıl-zinət əşyalarının və ya onların dəyərinin alınması tələbinə dair mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı2 iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh qanunsuz istifadəsində qalmış qızıl-zinət əşyalarının və ya onlar olmadıqda dəyərinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu İddiaçı1 ilə Cavabdeh arasında 29 noyabr 2019-cu il tarixdə Şirvan şəhər Qeydiyyat Şöbəsində 524 saylı akt nömrəli nikahları qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından xx.xx.2020-ci ildə tarixdə X4 adlı bir övladları anadan olmuşdur. Nikah münasibətləri təfərlər arasında olan fikir ayrılığından bir müddətdir ki, kəsilmişdir. Hazırda nikahın pozulmasına dair Şirvan şəhər Məhkəməsinin icraatında 2(032)-1432/2024 sayı mülki iş vardır. Yaşadıqları müddət ərzində daima gəlinqaynna münasibətlərinin yüksək səviyyədə saxlanmasına, aralarında qarşılıqlı anlaşma və hörmət saxlanmasına çalışmışdır. O cavabdehə bir gəlin kimi deyil qızı kimi baxmışdır. Daima çətinlik anlaşmazlıq olduğunda dəstək olmuşdur. Hətta istifadəsində olan qızıl-zinət əşyalarının birgə istifadə edilməsinə təklif etmişdir. Müxtəlif tədbirlərdə (toy, nişan, doğum günü və s.) özünün və onun qızıl-zinət əşyalarından mütəmadi istifadə etmişdir. Tərəflər arasında nikah münasibətləri 2022-ci ilin yay aylarında aralarında inciklik olmuş, sonradan tərəflərin anlaşması nəticəsində barışıq əldə edilmişdir. 2024-cü ilin iyul ayında ailə arasında qısqanclıq səbəbindən söz-söhbət olmuşdur. Bir neçə gün sonra yəni xx.xx.2024-cü il tarixdə evdə ailə üvzlərinin olmadığı zaman Cavabdeh anası yaşadıqları ünvana gəlməklə cavabdehə aid geyim əşyalarını və özünün qızıl-zinət əşyaları ilə birlikdə ona və oğlu Mehdiyə məxsus qızılları toplayaraq aparmışdır. Evdə onlarla yaşayan qaynı X5 evdə olduğundan onlara məlumat vermişdir ki, cavabdehin anası gəlməklə iki dəfə nəqliyyat vasitəsi ilə gələrək evdə olan əmlaklarını yığaraq aparmışlar. Onlar evə qayıdarkən məlum olmuşdur ki, cavabdeh özünə aid geyim əşyalarını və özünün qızılzinət əşyaları ilə birlikdə ona və oğlu Mehdiyə məxsus qızılları toplayaraq aparmışdır. Cavabdehlə əlaqə saxlayaraq nə səbəb getməsini aydınlaşdırmağa çalışmışlar. Sonradan oğlu ilə birlikdə cavabdehin yaşadığı ünvana getmişlər. Cavabdeh bir neçə gün qabaq onlara gələn qonaqlar arasında bir xanımla oğlunun hər hansı bir əlaqəsinin olmasını bildirmişdir. Sonradan əsassız ittihalmlar gətirməklə tutarlı səbəb bildirməmişdir. Geyim və qızıl-zinət əşyalarının içində ona və oğluna məxsusu qızılların nə səbəb aparmasını soruşduqda “ yaxşı etmişəm aparmışam” cavabını almışlar. Bir neçə müddət sonra cavabdeh oğlu ilə əlaqə saxlmaqla özünə məxsus cehiz əmlaklarının aparacağı barədə məlumat vermişdir. Sonradan tanışları vasitəsi ilə cehiz əmlaklarını sökərək aparmışlar. Cehizlərini apararkən onlara məxsus qızıl-zinət əşyalarının qaytarılmasını tələb etdikdə cavabdeh qətiyyətlə qızılların qaytarmayacağını bildirmişdir. Onlara məxsus əmlakın (qızılzinət əşyalarını) başqa yolla tələb edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətindədir. xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh qanunsuz istifadəsində qalmış qızıl-zinət əşyalarının, onlar olmadıqda 7580 manat pul ilə dəyərinin, həmçinin, mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş xərclərin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı nümayəndəsi ərizə verərək, İddiaçı2 Cavabdeh qarşı qızıl-zinət əşyalarının və ya onların dəyərinin alınması tələbinə dair iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş İddiaçı1 iddiaçı qismində işə cəlb edilməsini xahiş etdiyindən İddiaçı1 iş üzrə iddiaçı qismində işə cəlb edilmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh qanunsuz istifadəsində qalmış Türkiyə istehsalı olan, qızıl qarnitur (sırğa, üzük, sep, kulon), 24 qram çəkidə, 585 əyyarlı 2800 manat dəyərində, Türkiyə istehsalı olan, qızıl dəst (sep, sırğa), 13 qram çəkidə, 585 əyyarlı 1630 manat dəyərində, Türkiyə istehsalı olan, qızıl sırğa (silsilə) 4 qram çəkidə, 585 əyyarlı 400 manat dəyərində, Türkiyə istehsalı olan, qızıl dəst (pandora) 16 qram çəkidə, 585 əyyarlı 2000 manat dəyərində, gümüş qarnitur dəsti 15 qram çəkidə, 925 əyyarlı 250 manat dəyərində, Türkiyə istehsalı olan, qızıl kişi nişan üzüyü 4 qram çəkidə, 585 əyyarlı 500 manat dəyərində olan qızıl-zinət əşyalarının, onlar olmadıqda 7580 manat pul ilə dəyərinin, həmçinin, mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş xərclərin cavabdehdən tutulması qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı2 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş, nümayəndəsi məhkəmə iclasında iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir . Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı1 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir . Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, təmsil etdiyi şəxs İddiaçı1 ilə Cavabdeh arasında 29 noyabr 2019-cu il tarixdə Şirvan şəhər Qeydiyyat Şöbəsində 524 saylı akt nömrəli nikahları qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından xx.xx.2020-ci ildə tarixdə X4 adlı bir övladları anadan olmuşdur. Nikah münasibətləri təfərlər arasında olan fikir ayrılığından bir müddətdir ki, kəsilmişdir. Hazırda nikahın pozulmasına dair Şirvan şəhər Məhkəməsinin icraatında 2(032)-1432/2024 sayı mülki iş vardır. 2024-cü ilin iyul ayında ailə arasında qısqanclıq səbəbindən söz-zöhbət olmuşdur. Bir neçə gün sonra yəni xx.xx.2024-cü il tarixdə evdə ailə üvzlərinin olmadığı zaman Cavabdeh anası yaşadıqları ünvana gəlməklə cavabdehə aid geyim əşyalarını və özünün qızıl-zinət əşyaları ilə birlikdə ona və oğlu Mehdiyə məxsus qızılları toplayaraq aparmışdır. Yaranmış məsələ ilə əlaqədar iddiaçı tərəfində polis şöbəsinə müraciət olunmamışdır. Qızıl-zinət əşyalarını iddiaçı ilə cavabdeh birlikdə istifadə etmişlər. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Nikah dövründə İddiaçı1 ilə tez-tez mübahisələri olmuş, Mehdi narkotik vasitələrdən istifadə etdiyindən qayınanası həmişə ona oğlunun borclarını ödəmək üçün qızılları satmağını bildirmişdir. İddiaçı yəni qayınanası 2023-cü ildə borcunu ödəmək üçün öz qızıllarının da bir hissəsini satmışdır. Cavabdeh həmçinin qeyd etdi ki, o, keçmiş əri ilə aralarında mübahisə olduğundan 2024-cü ilin avqust ayında evdən getmiş, evi tərk edərkən ona hədiyyə olunan qızılları da özü ilə götürmüş, lakin iddiaçının ondan tələb etdiyi kişi nişan üzüyünü və qızıl silsilə sırğanı götürməmişdir. Belə ki, qızıl silsilə sırğa qayınanasına məxsus olduğundan, ona hədiyyə kimi verilmədiyindən, həmçinin keçmiş həyat yoldaşı öz nişan üzüyünü özündə saxladığından həmin qızılların harada olması barədə məlumatı olmamışdır. İddia tələbində göstərilən qızıl qarnitur isə (sırğa, üzük, sep, kulon) nişan mərasimində onun üzərinə hədiyyə olaraq taxılmış və hal-hazırda da ondadır, qızıl dəst (sep, sırğa) toydan sonrakı gün baldızının baldızı ona hədiyyə etmiş, qızıl dəst pandora ona məxsusdur, onu qızıl dükanından özləri almışlar, hətta onun dəyərinin yarısını o vermiş, yarısını isə qaynanası vermişdir. Gümüş qarnituru isə qayını ona hədiyyə etmişdir. Bütün bunları təsdiq edən fotoşəkilləri vardır. İddia əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçı qızıl-zinət əşyalarının özünə məxsus olmasını bildirsə də bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, vəkillərin çıxışını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : X3 tərəfindən verilmiş qiymətləndirmə aktından görünür ki, qarnitur dəstinin - Türkiyə istehsalı 585 əyyarlı qızıl qarnitur (sırğa, üzük, sep, kulon) təxmini çəkisi 24 qram qiyməti 2800 manat, Türkiyə istehsalı 585 əyyarlı sırğa sep dəsti təxmini çəkisi 13 qram qiyməti 1630 manat, Türkiyə istehsalı 585 əyyarlı qızıl sırğa (silsilə) təxmini çəkisi 4 qram qiyməti 400 manat, Türkiyə istehsalı 585 əyyarlı pandora dəsti təxmini çəkisi 16 qram qiyməti 2000 manat, Tamella xanıma qızının hədiyyəsi 925 əyyarlı gümüş qarnitur dəsti təxmini çəkisi 15 qram qiyməti 250 manat, Türkiyə istehsalı 585 əyyarlı qızıl kişi üzüyü təxmini çəkisi 4 qram qiyməti 500 manat , cəmi 7580 manat. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli Qərarının 5.8-ci bəndinə əsasən ailə qanunvericiliyi birgə nikah dövründə ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvadın ümumi mülkiyyəti sayılmayan əşyaların da dairəsini müəyyən etmişdir. Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 36.6-cı maddəsinə müvafiq olaraq yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) də bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. Həmin Məcəllənin 36.7-ci maddəsinə müvafiq olaraq isə ərarvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesab edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, bu maddə zinət əşyalarını qeyd olunan qaydadan istisna etmişdir. Nəzərə alınmalıdır ki, zinət əşyaları yalnız qiymətli metallardan və ya daşlardan hazırlanmış əşyaları deyil, digər qiymətli bəzək, süs, yaraşıq əşyalarını (məsələn, qol saatlarını, geyim aksesuarlarını və sair) da ehtiva edir. Həmin Qərarın 5.10-cu bəndinə əsasən nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci maddəsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır İddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd edir ki, iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşdüyündən və məhz o, qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İddiaçı2 hazırkı iddia tələbində ona məxsus olan qızıl-zinyət əşyalarının ümumi dəyəri 7580 (yeddi min beş yüz səksən) manat dəyərində əşyaların ona məxsus əmlak olduğu üçün cavabdehdən alınaraq ona verilməsini xahiş etsə də, sözügedən əşyaların oğlunun cavabdehlə evlənməzdən öncə məhz özü üçün alındığını, özünəməxsus olmasını, cavabdehə (gəlininə) hədiyyə kimi verməməsini, yanlız taxmaq üçün verməsini bildirsə də buna dair məhkəməyə heç bir sübut (fotoşəkil, videogörüntü və s.) təqdim edə bilməmiş, təqdim edilən müəyyən fotoşəkillər isə oğlu ilə cavabdehin nikahından sonrakı dönəmə aid olduğu özü tərəfindən də etiraf edilmişdir. Həmçinin digər iddiaçıya məxsus Türkiyə istehsalı 585 əyyarlı təxmini çəkisi 4 qram qiyməti 500 manat olan qızıl kişi üzüyünün və Türkiyə istehsalı 585 əyyarlı təxmini çəkisi 4 qram qiyməti 400 manat olan qızıl silsilə sırğanın cavabdeh tərəfindən götürülməsinə və ya həmin əşyaların cavabdehdə olmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə iclasında tərəflərin təqdim etdiyi fotoşəkillərə baxış keçirilmiş və baxış zamanı cavabdeh tərəfindən təqdim edilən nişan gününə aid fotoşəkildə mübahisəli qızıllardan qızıl qarniturun (sırğa, üzük, sep, kulon) özünün də qeyd etdiyi kimi cavabdehin üzərində olduğu və həmin qızılların başqa bir şəxsin toy gününə məxsus fotoşəkildə də (həmin fotoşəkil toydan əvvəlki tarixə yəni xx.xx.2019-cu il tarixə aid olmuşdur) cavabdehin üzərində olduğu müəyyən edilmişdir. Bu da həmin qızılların nişan günü cavabdehə hədiyyə olaraq verildiyini qeyd etməyə əsas verir. Bununla yanaşı məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş qızıl alqı-satqısı ilə məşğul olan X1 xx.xx.2025-ci il tarixli yazılı izahatının sübut kimi qəbul edilib-edilməməsi məsələsini də araşdırmışdır. Belə ki, həmin yazılı izahatda 4-5 il bundan öncə Tamella xanımın ondan 585 əyyar çəkisi 24 qram və qiyməti 2800 manat olan sırğa və üzük dəstini, Türkiyə istehsalı olan, qızıl dəst (sep, sırğa), 13 qram çəkidə, 585 əyyarlı qiyməti 1630 manat, Türkiyə istehsalı olan, qızıl sırğa (silsilə) 4 qram çəkidə, 585 əyyarlı qiyməti 400 manat, Türkiyə istehsalı olan, qızıl dəst (pandora) 16 qram çəkidə, 585 əyyarlı qiyməti 2000 manat almasını və hal-hazırda həmin maldan, yəni pandora dəstdən 800 manat ona borclu qalmasını bildirsə də bu izahat digər sübut vasitələri ilə təsdiq olunmamasına görə məhkəmə tərəfindən mötəbər sübut kimi nəzərə almamışdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə hesab edir ki, sübutetmə vəzifəsi iddiaçıların üzərinə düşməsinə baxmayaraq, onlar tərəfindən tələb etdikləri qızıl-zinət əşyalarının bir qisminin (qızıl qarnitur, qızıl dəst, qızıl pandora dəst və gümüş qarnitut dəst) özünə məxsus olması və bir qisminin (Türkiyə istehsalı 585 əyyarlı təxmini çəkisi 4 qram qiyməti 500 manat olan qızıl kişi üzüyünün və Türkiyə istehsalı 585 əyyarlı təxmini çəkisi 4 qram qiyməti 400 manat olan qızıl silsilə sırğanın) isə cavabdehdə olması barədə heç bir sübut təqdim edilmədiyindən, beləliklə də iddiaçıların öz tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyindən, iddia tələbi öz hüquqi təsdiqini tapmadığından təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı2, İddiaçı1 Cavabdeh qarşı qızıl-zinət əşyalarının və ya onların dəyərinin alınması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(032)-447/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-447/2025
26.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver