Məhkəmə qərarları › İş №e-2(032)-621/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-621/2024

08.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-621/2024 08.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 oktyabr 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün iş üzrə cavabdeh xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, iş üzrə Cavabdeh ilə el adəti ilə toy edib evlənmiş, nikahları isə bu günə kimi qeydə alınmamışdır. Qeyri-rəsmi nikahlarından 16 oktyabr 2022-ci il təvəllüdlü X3 adlı 1 (bir) uşaqları anadan olmuşdur. Gəlin kimi iş üzrə Cavabdeh qeydiyyatda olduğu və yaşadığı Salyan şəhərində yerləşən fərdi yaşayış evinə gəlin köçərək özünə məxsus cehiz əmlakını və qızıl-zinət əşyalarını həmin mənzilə aparmışdır. Bir müddət birlikdə mehriban yaşayaraq birgə təssərüfat aparmış, onların nikahlarından 1 (bir) uşaqları olmuşdur. İş üzrə Cavabdeh onu döyərək, bədəninin müxtəlif yerlərinə xəsarət yetirdiyi üçün məcbur olub həmin gün ev paltarında uşağını götürərək polis və anasının iştirakı ilə yaşadığı evi tərk etmişdir. Həmin vaxt onun və uşağının bütün sənədləri və digər əşyaları həmin evdə qalmış, iş üzrə cavabdeh həmin sənədləri könüllü olaraq gətirib ona vermişdir. Hal-hazırkı günə kimi iş üzrə Cavabdeh onunla barışıb birlikdə yaşamağa cəhd etsə də, ona razılıq vermir ona görə ki, artıq onun fikri qətidir. Bütün bunlardan sonra qeyri-rəsmi nikahlarından olan 16 oktyabr 2022-ci il təvəllüdlü X3 uzun müddət onun himayəsində yaşasa da, onun yetkinlik yaşına çatan kimi saxlanması üçün iş üzrə Cavabdeh aliment tələb edə bilmir ona görə ki, uşağa iş üzrə cavabdeh atalıq verməmişdir. Məcburiyyət qarşısında qalıb uşağa atalıq və aliment tələbi barədə təklif göndərərək bu mübahisəni öz aralarında həll edilməsi barədə ona təklif göndərmişdir. O, könüllü olaraq atalıq barədə təklifini qəbul edərək könüllü surətdə Şirvan şəhər Qeydiyyat şöbəsində 16 oktyabr 2022-ci il təvəllüdlü X2 atalıq vermiş və bu günə kimi könüllü olaraq uşağa heç bir maddi yardım etməmişdir. Hal-hazırda himayəsində olan 16 oktyabr 2022-ci il təvəllüdlü X3 qeydiyyatda olduğu ünvanda yaşayır. İş üzrə Cavabdeh uşağın maddi təlabatı ilə maraqlanmadığı üçün, müvəqqəti təminat tədbiri olaraq ərizə ilə Şirvan şəhər məhkəməsinə müraciət edib, məhkəmənin xx.xx.2024-ci il tarixli, 16(032)-16/2024 saylı qərardadı ilə ərizəsi qismən təmin edilmişdir. Bütün bunlardan sonra aliment tələbini mediatorun köməkliyi ilə öz aralarında həll edilməsini istəsə də, iş üzrə cavabdeh bundan imtina etmişdir. Odur ki, məcburiyyət qarşısında qalaraq, himayəsində olan 16 oktyabr 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanədək saxlanması üçün iş üzrə cavabdeh xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi ilə əlaqədar məhkəməyə müraciət edir. İddiaçı məhkəməyə elektron ərizə ünvanlayaraq himayəsində olan 2022-ci il təvəllüdlü uşağı yaşadığı Şirvan (Köhnə şəhər adlanan) yerdə qoyub gələ bilmədiyini, odur ki, iclasın onun iştirakı olmadan, sübutlarla kifayətləndiyini nəzərə alıb, iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsi müvafiq olaraq iddiaçının iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq iddia tələbini qismən qəbul etdiyini, özünün İİİ dərəcəli əlil olduğunu, 150 manat sosial müavinat aldığını, başqa heç bir yerdən gəliri olmadığını, elə onun üçün təyin edilmiş 150 manat sosial müavinatı uşağına verə biləcəyini qeyd edərək işə onun iştirakı olmadan baxılaraq iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci ildə İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 28 fevral 2024-cü ildə, 13 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş elektron məlumat bazasından görünür ki, Cavabdeh İİİ qrup əlil olaraq 150 manat müavinət alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən qeyd edir ki, iddiaçı uşağın saxlanılması üçün hər ay uşağa görə 235 manat alimentin tutulmasını tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda cavabdehin iddiaya dair münasibətindən görünür ki, o uşağın saxlanmasını üçün 150 manat aliment ödəməyə imkanı olduğunu qeyd etmişdir. Həmçinin elektron məlumat bazasından görünür ki, Cavabdeh İİİ qrup əlil olaraq 150 manat müavinət alır. Məhkəmə tərəflərin maddi və digər diqqətəlayiq olan hallarını nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 16 oktyabr 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, aliment tutularkən Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri qisimində tutulan aliment nəzərə alınmalıdır. Belə ki, iş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 16(032)-16/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə 16 oktyabr 2022-ci il təvəllüdlü X1 (uşaq üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) saxlanılması üçün Cavabdeh ərizəçi İddiaçı xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin məcmusu 160x12=1920 manat təşkil etdiyinindən, ödənilməli olan dövlət rüsumu məbləği 39,20 manat təşkil edir. Odur ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 39.20 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 16 oktyabr 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Cavabdeh 39.20 (otuz doqquz manat iyirmi qəpik) dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. Aliment tutularkən Şirvan şəhər Məhkəməsinin 16(032)-16/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə tutulmuş olan aliment nəzərə alınsın. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar