Məhkəmə qərarları › İş №e-2(032)-950/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-950/2024

08.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-950/2024 08.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə m ü ə y y ə n e t di : İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 207 manat 24 qəpik pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli X1+debit kartmane kart müqaviləsinə əsasən Cavabdeh AZ03RBTA******************** kart hesabı açılmış və **********450313 kart verilmişdir. Müştəri xx.xx.2021-ci il tarixində kart hesab balansını terminal vasitəsilə 500 manat məbləğində artırdığı zaman texniki nasazlıq səbəbindən mədaxil vəsaiti hesaba 2 dəfə yüklənmişdir. Nəticədə hesabında 2509 manat 65 qəpik vəsait olmalı olduğu halda texniki nasazlıq səbəbindən 3009 manat 65 qəpik vəsait olmuşdur. xx.xx.2021-ci il tarixində müştəri tərəfindən kart hesabından 3000 manat məbləğində pul nağdlaşdırılmışdır. xx.xx.2021-ci il tarixində texniki nasazlıq düzəldilib 500 manat hesabdan geri çəkildiyi zaman hesabda 490 manat 35 qəpik overdraft borcu yaranmışdır. Daha sonra müxtəlif tarixlərdə müştəri tərəfindən hesabına edilmiş mədaxillər (cəmi 293 manat 79 qəpik) onun overdraft borcundan silinmişdir. Hal-hazırda Cavabdeh xx.xx.2024-cü il tarixinə 196 manat 56 qəpik overdraft borcu və bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 10 manat 68 qəpik faiz borcu olmaqla cəmi 207 manat 24 qəpik borcu vardır. Bank tərəfindən Cavabdeh bu barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş və xx.xx.2024-cü il tarixli RB- 02/PK-1494 saylı bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh bu günədək banka məxsus olan pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə, Cavabdeh bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla banka maddi zərər vurur. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin həmin bildiriş “köçüb” qeydi ilə geri qaytarılmışdır. MPM-in 284-1-ci maddəsinə görə mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2020-ci il tarixli Kartmane xidməti üzrə müqaviləyə əsasən Cavabdeh 60 ay müddətinə Visa Rewards kart verilmişdir. xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh hesabında 2009 manat 65 qəpik pul olmuşdur. xx.xx.2021-ci il tarixdə 408729 nömrəli terminaldan həmin hesaba 500 manat mədaxil olunmuş və hesabda 2509 manat 65 beş qəpik, xx.xx.2021-ci il tarixdə overdraft əməliyyatı zamanı 490 manat 35 qəpik pul mədaxil olaraq balans 3000 manat olmuşdur. xx.xx.2021-ci il tarixdə 1000 manat olmaqla 3 dəfə balansdan pul məxaric edilmişdir. xx.xx.2024-cü il tarixli arayışa əsasən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli X1-debit kartmane kart müqaviləsinə əsasən verilmiş **********450313 kart və AZ03RBTA******************** hesabı üzrə 196 manat 56 qəpik overdraft borcu və bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 10 manat 86 qəpik faiz borcu, ümumilikdə 207 manat 24 qəpik borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Mədaxil qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat 40 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli arayışa əsasən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli X1-debit kartmane kart müqaviləsinə əsasən verilmiş **********450313 kart və AZ03RBTA******************** hesabı üzrə 196 manat 56 qəpik overdraft borcu və bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 10 manat 86 qəpik faiz borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləcə, iddiaçının irəli sürdüyü iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, bu halda sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, iddia etdiyi pul məbləğlərinin cavabdeh tərəfindən əldə edildiyini sübut etməlidir. Nəzərə alınmalıdır ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan, sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli hesabdan çıxarışa və xx.xx.2024-cü il tarixli arayışa əsasən iddiaçı "xxxx" ASC-nin Cavabdeh 207 manat 24 qəpik məbləğində pul vəsaitinin tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını tərəfin gümanları və düşüncələri deyil, mötəbər sübutlar və rəsmi sənədlər təşkil edə bilər. İddiaçı isə belə bir mötəbər sübutun olmasını təsdiq edən yazılı sənədləri məhkəməyə təqdim etmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 207 manat 24 qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddia təmin olunduğundan cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 119.1, 216-220, 227, 284-5.3, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 207 (iki yüz yeddi) manat 24 (iyirmi dörd) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar