Məhkəmə qərarları › İş №e-2(033)-1060/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1060/2025

11.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1060/2025 11.08.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmmədova Zərifə Faiq qızının sədrliyi, X10 qızının katibliyi, İddiaçı Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı qızı ilə Cavabdeh birgə nigahdan olan övladı xx.xx.2013-cü il tarixində X2 üçün onun himayəsinə verildiyi gündən, yəni, xx.xx.2024-cü il tarixindən hesablanmaqla hər ay 246 (iki yüz qırx altı) manat alimentin cavabdehdən tutulmasına və Azərbaycan Respublikasında 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,533 misli həddində indeksasiya olunması və Mediasiya üçün ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməsi barədə Qətnamə çıxarılmasını xahiş edir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdurlar. Birgə nikahlarından xx.xx.2013-cü il tarixində X7 anadan olmuşdur. Sonradan aralarında yaranan anlaşılmazlıq səbəbindən cavabdehlə rəsmi qaydada ayrılmışlar. xx.xx.2020-ci il tarixində rəsmi nikahın Zaqatala Rayon Məhkəməsində pozularaq onlara Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən “Nikahın pozulması haqqında şəhadətnamə” verilmişdir. Birgə nikahdan olan övladı X8 isə azyaşlı olması, dostlarının, məktəb yoldaşlarının ata evinə yaxın yaşaması səbəbindən övladının psixologiyasına mənfi təsir etməmək məqsədi ilə o, uşağın istəyini nəzərə alaraq övladının atasının himayəsinə verilməsinə heç bir etiraz etməmişdir. Beləliklə, birgə nikahları Zaqatala Rayon Məhkəməsində rəsmi qaydada pozulmuş, övladı atasının himayəsində saxlanılmaqla iddiaçı övladı ilə ünsiyyətdə olmaq niyyəti ilə onlar ayrılmışdırlar. Təxminən 1 ilə kimi yaxın dövr ərzində övladı atasının evində yaşamış, məktəbə getmişdir. Övladı atasının evində yaşasa da iddiaçı bir ana kimi həmin dövrdə uşağın bütün maddi və mənəvi problemlərinin həllində yaxından iştirak etdi, demək olar ki, həmin dövrdə də oğlunun bütün maddi problemlərini o həll edirdi. Məktəblərin təqdim etdiyi arayışlardan da göründüyü kimi uşağın təhsili, maddi və mənəvi qayğısı, lazımi məktəb ləvazimatları, məktəb iclaslarında bütünlüklə yalnız iddiaçı iştirak edərək, övladını heç bir qayğıdan kənarda qoymadı. Lakin qısa müddət ərzində, təxminən 4 il əvvəl övladının atası ailə həyatı quraraq Rusiya Federasiyasında yaşamağa getdikdən sonra iddiaçı övladını tamamilə yanına gətirdi. Çünki, övladı yaşlı və xəstə nənəsinin himayəsində yaşadığından onun təhsili və sağlamlığında müəyyən problemlər yarana bilmə ehtimalını düşünərək, uşağın və cavabdeh tərəfin razılığı ilə iddiaçı övladını yanına gətirdi. Hazırda 4 ilə yaxın müddətdir ki, tamamilə iddiaçının yanında yaşayan övladının geyim, məktəb ləvazimatlarını yalnız o alır, hazırlıq və idman xərclərini də ödəyir. Cavabdehin isə bir ata kimi uşağının bu məsələlərindən yalnız iddiaçı dediyi halda xəbəri olur. Bütün bu və digər səbəbləri nəzərə alaraq övladının bütün maddi, səhiyyə, məktəb, mənəvi və məcburi ehtiyaclarını qarşılamağı səbəbindən cavabdeh də bir ata kimi övladına maddi köməklik göstərməyə borcludur. İddiaçı bildirir ki, yetkinlik yaşına çatmamış övladı artıq böyüyür, onun tələbatları günü-gündən artır. Övladı tək onun maddi və mənəvi dəstəyi ilə böyüyür. Günün tələblərinə cavab verən mühitdə uşağını böyütməyə və ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. İlkin mediasiya arayışındna da göründüyü kimi cavabdeh övladına könüllü maddi yardım etmək niyyətində deyil. Ümumiyyətlə, mediasiya prossesində iştirak belə etməmişdir. İddiaçı ərizə ilə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan anadan olmuş X3 üçün hər ay 246 manat alimentin təyin olunmasını və 60 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh nümayəndəsi X9 izahat verərək bildirdi ki, atası olaraq borcudur ödəməlidir. Qarşı tərəfin mediasiyada razılığa gəlmədiyini və hər ay 200 manat verə biləcəklərini, ancaq qarşı tərəfin razı olmadığını bildirir. Həmçinin qardaşının fəhlə işlədiyini və hər ay 246 manat verməyə imkanının çatmadığını qeyd edir. Hər ay 200 manat həcmində alimentin müəyyən edilməsini xahiş edir. İmkan olsa alimenti çox ödəyər, lakin maddi imkanı yoxdur. Hesab edir ki, iddia ərizəsi ilə tələb edilən alimentin məbləği yüksəkdir. Cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan alimentin məbləğinin 200 manat həcmində müəyyən edilməsini xahiş edir. İşin halları Zaqatala RİHB-nin Aşağı Tala kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 03 fevral 2021-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 28 avqust 2013-ci il tarixdə anadan olmuş X6 atası Cavabdeh, anası isə İddiaçıdır. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərc və 10 manat dəftərxana və kargüzarlıq xərci birtərəfli qaydada ödəmişdir. Zaqatala Rayon Məhkəməsinin 01.10 2020-ci il tarixli 2(033)-597/2020 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında Zaqatala RİHB-nın Aşağı Tala kənd ərazi nümayəndəliyində qeyd edilmiş xx.xx.2012-ci il tarixli 11 nömrəli nikah pozulmuş, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilmiş, tərəflərin uşağ olan - 28 avqust 2013-cü il təvəllüdlü X8 atası Cavabdeh himayəsində saxlanılmış, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 20 (iyirmi) manat özünə aid edilmiş, iddia tələbinin qalan hissəsi təmin edilməməsi qət edilmişdir. Zaqatala Rayon Yuxarı Tala kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş24 iyun 2024-cü il tarixli məktubdan görünür ki, 28 avqust 2013-ci il tarixdə anadan olmuş X8 2023-cü ilin iyun ayından anası İddiaçı ilə birlikdə yaşayır. Zaqatala Rayon Aşağı Tala kənd 5 nömrəli tam orta məktəbin xx.xx.2024-cü ildə verdiyi arayışdan görünür ki, X8 xx.xx.2023-cü il tarixli 67 nömrəli əmrə əsasən məktəbdən azad edilmişdir. Tədris ili ərzində İddiaçı uşağın təlim-tərbiyəsi ilə tək maraqlanmış, bütün məktəb ləvazimatlarını almışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 106.4-cü maddəsinə əsasən bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 05 oktyabr 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarı: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2025-ci il uşaqlar üçün yaşayış minimumu ölkə üzrə 246 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1dən 400 manat müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun qiyməti 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmənin mövqeyi Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, tərəflərin birgə nikahlarından 28 avqust 2013-cü il tarixdə X8 adlı uşaqları anadan olmuşdur. Tərəflər arasında bağlanmış nikah pozulmuşdur. İddiaçı, Cavabdeh qarşı aliment tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddiasını müdafiə edir. Cavabdeh iddia tələbini qismən qəbul edir və iddiaçı birgə nikahda anadan olmuş uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 246 manat alimentin təyin edilməsini xahiş edir. Cavabdeh iddianı qismən 200 manat hissədə qəbul edir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının və ailə qanunvericiliyinin uşaqların saxlanılması üçün alimentin tutulması şərtlərini və qaydasını müəyyən edən və qeyd edilən maddələrinin tələblərinə, eləcə də iddiaçının cavabdehdən tutulacaq sabit pul miqdarını qeyd etməsinə əsasən hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqlara görə tutulmalı olan aliment sabit pul məbləğində tutulmalıdır. Sabit pul məbləğinin miqdarı ilə bağlı məhkəmə tərəflərin maddi və ailə vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, 28 avqust 2013-cü il təvəllüdlü X1 üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Həmin məbləğ uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərlidir. Alimentin tutulmasının əvvəlinin hesablanması ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı aliment tələbi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir və Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhz həmin tarixdən tutulmalıdır. Məhkəmə aliment alınması haqqında iddianın qiymətinin 1.000 manatdan 10.000 manatadək (il ərzində 400x0.615*12=2952 manat ödəmə təşkil edir) nəzərə alaraq hesab edir ki, Cavabdeh 49,52 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan 28 avqust 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,615 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İş üzrə ödənilmiş 60 (altmış) manat mediasiyaya dair xərc Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh 49,52 (qırx doqquz manat əlli iki qəpik) manat miqdarında dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar