Məhkəmə qərarları › İş №e-2(033)-1092/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1092/2023

25.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1092/2023 25.12.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X4 katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment borcunun ödənilməsindən azad edilmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(033)-681/2020 iş nömrəli qətnaməsinə əsasən, ondan, 01 sentyabr 2007-ci il tarixdə doğulmuş X7 və 01 dekabr 2017-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 04 iyun 2020ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün tutularaq Şərifova (Səfərova) Səbuhə Seyidəli qızına ödənilməsi nəzərdə tutulmuş 136 manat sabit pul məbləğində alimentin, 2021-ci ilin aprel ayından 2022-ci ilin oktyabr ayınadək onunla yaşadıqları müddət ərzində yığılmış hissəsinin (aliment borcunun) ödənilməsindən tam azad edilməsi barədə, Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(033)-681/2020 iş nömrəli qətnaməsinə əsasən ondan 30 may 2009-cu il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün 04 iyun 2020-ci il tarixdən hesablanmaqla, hər ay tutularaq Şərifova (Səfərova) Səbuhə Seyidəli qızına ödənilməsi nəzərdə tutulmuş 136 manat sabit pul məbləğində alimentin, 04 iyun 2020-ci il tarixdən məhkəmə qətnaməsi qəbul edilənədək müddət ərzində yığılmış hissəsinin (aliment borcunun) ödənilməsindən tam azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(033)-681/2020 nömrəli qətnaməsinə əsasən cavabdeh X5 ilə aralarıda olan nikahın pozulması, eyni zamanda birgə nikahlarından 01 sentyabr 2007-ci il tarixdə doğulmuş X7, 30 may 2009-cu il tarixdə doğulmuş X8 və 01 dekabr 2017-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 04 iyun 2020-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 136 manat olmaqla, cəmi 408 manat sabit pul məbləğində alimentin ondan tutularaq Cavabdeh xeyrinə verilməsinə dair qətnamə qəbul edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Cavabdeh aralarındakı nikah pozulduqdan bir müddət sonra onunla barışmış və 2021-ci ilin aprel ayından 2022-ci ilin oktyabr ayınadək onunla bir yerdə bir ailə kimi yaşamışdır. Eyni zamanda bildirmək istəyir ki, cavabdehlə birgə nikahlarından 30 may 2009-cu il tarixdə doğulmuş qızı X8 Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(033)- 681/2020 nömrəli qətnaməsi ilə cavabdehin himayəsində saxlanılması qət edilsə də, ümumiyyətlə həmişə onun himayəsində olmuşdur, cavabdehlə yaşamamışdır. Hazırda cavabdehlə birgə nikahlarından 30 may 2009-cu il tarixdə doğulmuş qızı X8 onun himayəsində saxlanılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin e-2(033)-1072/2023 nömrəli mülki iş məhkəmənin icraatındadır. Hazırki tələblə məhkəməyə müraciət etməyinin səbəbi Cavabdeh və uşaqlarının nikah pozulduqdan sonra faktiki onunla birgə yaşadıqları dövrdə, yəni 2021-ci ilin aprel ayından 2022-ci ilin oktyabr ayınadək, 01 sentyabr 2007-ci il tarixdə doğulmuş X7 və 01 dekabr 2017-ci il tarixdə doğulmuş X1 üçün ondan tutularaq Şərifova (Səfərova) Səbuhə Seyidəli qızına ödənilməsi qət edilmiş aliment borcunun silinməsi ilə bağlıdır. Eyni zamanda hazırki tələblə məhkəməyə müraciət etməyinin digər səbəbi Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(033)-681/2020 nömrəli qətnaməsi ilə cavabdehin himayəsinə verilmiş 30 may 2009-cu il tarixdə doğulmuş qızı X8 nikahın pozulduğu tarixdən bu günədək olan dövrdə 30 may 2009-cu il tarixdə doğulmuş X2 üçün ondan tutularaq, Şərifova (Səfərova) Səbuhə Seyidəli qızına ödənilməsi qət edilmiş aliment borcunun silinməsi ilə bağlıdır. Belə ki, həmin dövrlərdə uşaqları onun yanında olmuş və onların saxlanılması üçün bütün xərclər tərəfindən çəkilmişdir. Hazırki aliment borcunun yaranmasının səbəbi, cavabdehin uşaqlarla birlikdə onunla bir evdə yaşadığı dövrdə aliment məbləğinin ödənilməsini tələb etməməsi olmuşdur. Bundan başqa, 30 may 2009cu il tarixdə doğulmuş qızı X12 məhkəmənin qətnaməsi ilə cavabdehin himayəsinə verilsə də, o, həmişə onun himayəsində yaşamışdır. Hazırda 30 may 2009-cu il tarixdə doğulmuş qızı X2 üçün yaranmış aliment borcunun cavabdeh tərəfindən tələb edilməsi tam qanunsuzdur və onun maddi vəziyyətini ağırlaşdırır. İddia tələbinə qarşı etirazın dəlilləri. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, ayrıldıqları gündən bu günədək hər ay alimenti ödəmişdir. Bakı şəhərində işləyir. Orada olduğu müddətdə cavabdehin kartına hər ay 300 manatdan yuxarı aliment ödəmişdir. Sonuncu ay alimenti az ödəmişdir. Bunun da səbəbi anasının rəhmətə getməsi olmuşdur. Anası rəhmətə getdiyi üçün yas mərasimi ilə əlaqədar Bakı şəhərinə gedə bilməmişdir. Ona görə axırıncı ayın aliment borcundan az ödəniş etmişdir. Rəsmi ayrıldıqları gündən cavabdeh 1 ay kirayədə yaşamışdır. Həmin müddətdə də kirayə pulunu o ödəmiş, uşaqların hər bir tələbatını o qarşılamışdır. Daha sonra yenidən uşaqlarla birlikdə onun evinə gəlmiş, barışaraq birlikdə yaşamışlar. Hər şeyi vaxtilə satıb cavabdehə vermişdir. Hazırda torpaq payından başqa cavabdehə verəcək heç bir əmlakı qalmamışdır. Uşağını vurmasını deyərek ondan şikayət etmiş, o vaxtdan sonra Bakı şəhərinə işləməyə getmişdir. O vaxta kimi heç bir yerə getməmişdir. Kənddə işləmişdir. Barışıb birlikdə yaşadıqları müddətdə dəfələrlə İcra Şöbəsinə getmişlər. Lakin cavabdehin başqa istəkləri olmuş, həmin istəkləri qarşılaya bilmədiyi üçün cavabdeh alimentdən imtina barədə ərizəni yazmamışdır. İddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının danışdıqları yalandır. O, iddiaçının evində yaşasa da bir ailə kimi yaşamamışlar. İddiaçı Bakı şəhərində qalıb işləmiş, o isə kənddə uşaqlarla tək yaşamışdır. Bu barədə nümayəndəliyə də məlumat vermişdir. Fındıq bağını da iddiaçının atası yığmışdır. Buna qonşular da şahiddir. O başqa adamların fındıq bağına gedib pul qarşılığı ilə fındıq yığaraq uşaqlarını dolandırmışdır. Qonşular niyə həyətdəki fındığı yığmadığını soruşduqda da o fındığı qaynatasının yığdığını, söz-söhbət etmək istəmədiyini bildirmişdir. Aliment borcunu tələb etsə də ödəməmişlər. O, məhkəməyə boşanma barədə rəsmi ərizə verməmişdən əvvəl atası evinə getmiş, 1 il atasının evində yaşamış, sonra kirayədə yaşamağa başlamışdır. Qaynı ona zəng vuraraq “Boş yerə kirayə pulu niyə verirsen, kənddəki ev boş qalıb, gedin orda yaşayın” demişdir. Ondan sonra uşaqlarla kənddəki evdə yaşamışlar. İddiaçı isə Bakıda olmuşdur. Rayona gələndə uşaqları görmək üçün onlar qalan evə gəlmiş, uşaqların atası olduğu üçün gəlib-getməsinə heç bir narazılıq etməmişdir. Qonşular da buna şahiddirlər. Eyni zamanda qaynanası, qaynatası da tez-tez onlara qonaq gəlib gedirdilər. Heç bir narazılıq yaşanmamışdır. İddiaçı onlar arasında söz-söhbət salaraq dava yaratmışdır. Bu müddət ərzində birlikdə yaşamamışlar. İddiaçının hərəkətlərinə görə həmin evdə çox yaşamamışlar. Uşaqları fikirləşən ata olsaydı onları bu qədər əziyyətə salmazdı. Onlar birlikdə yaşamış olsaydılar, o icra şöbəsində alimentdən imtina edərdi, lakin iddiaçı aliment ödəmədiyindən və birlikdə yaşamadıqlarından alimentdən imtina etməmişdir. Alimenti tələb edir. İddia tələbinin rədd edilməsini xahiş edir. İşin halları Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(033)-631/2020 nömrəli qətnaməsindən görünür ki, Şərı̇ fova Səbuhə Seyı̇ dəli qızı ilə Şərı̇ fov Ramı̇ n Mustafa oğlu arasında bağlanmış 18 mart 2008-ci il tarixli nikah qeydinin pozulması, nikahın pozulması Qeydiyyat Şöbəsində rəsmiləşdirilərkən 15 manat dövlət rüsumunun Şərı̇ fov Ramı̇ n Mustafa oğlundan tutulması, Şərı̇ fova Səbuhə Seyı̇ dəli qızının dövlət rüsumundan azad edilməsi, tərəflərin birgə nikahından 01 sentyabr 2007-ci il tarixdə anadan olmuş X13, 30 may 2009-cu il tarixdə anadan olmuş X12 və 01 dekabr 2017-ci il tarixdə anadan olmuş X6 anaları Şərı̇ fova Səbuhə Seyı̇ dəli qızının himayəsində saxlanılması, tərəflərin birgə nikahından 01 sentyabr 2007-ci il tarixdə anadan olmuş X13, 30 may 2009-cu il tarixdə anadan olmuş X12 və 01 dekabr 2017-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 04 iyun 2020-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 136 manat olmaqla, cəmi 408 manat sabit pul məbləğində alimentin Şərı̇ fov Ramı̇ n Mustafa oğlundan tutularaq Şərı̇ fova Səbuhə Seyı̇ dəli qızının xeyrinə verilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(033)- 631/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Faldarlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 426 nömrəli arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh uşaqları ilə birlikdə 2021-ci ilin aprel ayından bir yerdə yaşayırlar. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Faldarlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 525 nömrəli arayışdan görünür ki, X3 Ramin Mustafa oğlu ilə birgə yaşayır. xx.xx.2023-cü il tarixli Mediasiya sessiyasında iştirak edilməsi barədə arayışdan görünür ki, 50 manat məbləğində mediasiya xərcini İddiaçı etibarnamə əsasında nümayəndəsi Nümayəndə birtərəfli qaydada ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 112.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı tərəflərin izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 01 sentyabr 2007-ci il tarixdə X13, 30 may 2009-cu il tarixdə X12 və 01 dekabr 2017-ci il tarixdə X10 adlı uşaqları anadan olmuşdur. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(033)-631/2020 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından anadan olmuş uşaqlar cavabdehin himayəsində saxlanmış və hər ay hər uşaq üçün 136 manat olmaqla cəmi 408 manat alimentin İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddiaçı cavabdehin 2021-ci ilin aprel ayından 2022-ci ilin oktyabr ayınadək onunla barışaraq birgə yaşadıqlarını əsas gətirərək həmin zaman kəsiyi üçün hesablanmış aliment borcunun ödənilməsindən tam azad edilməsini və 30 may 2009-cu il tarixdə doğulmuş X8 onunla yaşamasını əsas gətirərək onun yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş və 04 iyun 2020-ci il tarixdən hesablanmaqla məhkəmə qətnaməsi qəbul edilən tarixədək cavabdehə ödənilməsi nəzərdə tutulmuş aliment borcunun ödənilməsindən tam azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək iddiaçının yalan məlumat verdiyini və onunla bir yerdə yaşamadıqlarını bildirmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. İrəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iddia üzrə iddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment borcunun silinməsindən ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 107.2 və 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun və tərəflərin diqqətəlayiq başqa maraqlarının sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, aliment borcundan azad edilməsini məhkəmə tərəfindən nikahlarına xitam verilməsindən sonra 2021-ci ilin aprel ayından 2022-ci ilin oktyabr ayına qədər bir yerdə yaşaması və 30 may 2009-cu il tarixdə anadan olmuş uşaqları X9 cavabdehin himayəsinə verilməsinə baxmayaraq ümumiyyətlə onun himayəsində yaşamasına əsaslanmaqla tələb etmiş, lakin bu hallara dair şübhə doğurmayan sübutlar təqdim edə bilməmişdir. İddiaçı qeydiyyatda olduğu Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Faldarlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışlarını təqdim etməklə kifayətlənmiş, o özünün və ya cavabdehin ailə və maddi vəziyyətində dəyişiklik olduğuna və tərəflərin diqqətəlayiq başqa maraqlarının olduğuna dair şübhə doğurmayan, əsaslı sübut təqdim edə bilməmişdir. Bundan başqa, məhkəmənin qənaətinə görə Ailə Məcəlləsinin 107-ci maddəsinə görə iddia tələbində göstərilən dəlillər aliment borcunun ödənilməsindən azad edilməsi üçün əsas ola bilməz. Belə ki, birincisi, aliment borcu üzürlü səbəblərə görə əmələ gəlməlidir, ikincisi iddiaçının ailə və maddi vəziyyəti bu borcları ödəməyə imkan verməməlidir. Lakin iddiaçının izahatından görünür ki, o, cavabdehlə iddia tələbində qeyd edilən müddət ərzində birlikdə yaşamasını əsas gətirərək aliment borcunun ödənilməsindən azad edilməsini tələb edir. Lakin, onların həqiqətən birlikdə yaşaması iş materialları ilə öz təsdiqini tapmamış, iddiaçı tərəf bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Bundan başqa, tərəflər birlikdə yaşadıqları müddətdə cavabdeh-tələbkar icra şöbəsinə aliment tələbindən imtina etməsi barədə də hər hansı ərizə təqdim etməmiş, məhkəmə iclasında isə qeyd etmişdir ki, onlar birlikdə yaşamış olsaydılar, o icra şöbəsində alimentdən imtina edərdi, lakin iddiaçı aliment ödəmədiyindən və birlikdə yaşamadıqlarından alimentdən imtina etməmişdir. Alimenti tələb edir. Göründüyü kimi, iddiaçının qeyd etdiyi tələbi irəli sürməkdə Ailə Məcəlləsinin 107-ci maddəsində nəzərdə tutulmuş hüquqi əsası olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsində valideynlərin aliment borcunun ödənilməsindən azad edilməsinin hüquqi əsasları konkret müəyyən olunmuşdur. Bu şərtlərin hər hansı birinin mövcud olmaması hazırki iddianın rədd olunması üçün əsasdır. Baxılan işin hallarından görünür ki, sadalanan dispozisiya şərtləri mövcud deyildir. “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Yaranmış vəziyyətdə uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki məhkəmə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halları mötəbər aşkalanmasının mümküsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər ərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment borcundan azad edilmə tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən İddiaçı tərəfindən ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddiaçı Cavabdeh qarşı aliment borcunun ödənilməsindən azad edilmə tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 120 (bir yüz iyirmi) manat pul vəsaiti onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar