Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1135/2024 07.11.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəlilova Nuridə Əli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddiası üzrə işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi İddia tələbi və dəlilləri İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə nikahından doğulan övladları xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X5 həddi-buluğa çatanadək hər ayda bir uşaq üçün 235 manat, ümumilikdə hər ayda iki uşaq üçün 470 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi və mediasiya üçün ödənilmiş 60 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdurlar. Ailə qurduqdan sonra ilk vaxtlarda münasibətləri normal olmuşdur. Birgə təsərrüfat apararaq ev inşa etmiş, təsərrüfatlarını genişləndirmişdirlər. Sonradan cavabdehlə münasibətləri pozulmuş, cavabdeh hazırda onunla birlikdə birgə nikah dövründə inşa etdikləri evdə yaşayır, lakin birgə təsərrüfat aparmırlar, xeyli vaxtdır ki, münasibətləri gərgin vəziyyət çatdığından onlar bir ailə ortamı yarada bilmirlər və aradakı gərginlik günü-gündən daha da artır, cavabdeh onları ailəsi kimi qəbul etmir, ailə başçısı və ya ata kimi vəzifələrini icra etmir. X4 da göründüyü kimi cavabdeh bir ata kimi könüllü surətdə balalarına baxmaq niyyətində deyil. Ümumiyyətlə balaları üçün heç bir halda köməklik etməyəcəyini bildirir. Cavabdehin balalarına qarşı biganə olması, balalarına maddi və mənəvi qayğı göstərməməsi, ehtiyaclarını ödəməməsi və əsasən də hədə qorxu gəlməsi, alçaltması səbəbindən düşünür ki, cavbabdehlə aralarında yaranmış gərginliyi qanuni şəkildə həll etməyi məqsədəmüvafiqdir. Hazırda o birgə nikahlarından olan övladlarının bütün ehtiyaclarını tək başına ödəyir. Daimi iş yeri olmadığından günə muzd işlərdən əldə etdiyi gəlirlə balalarını dolandırır. Hazırda fındıq sezonu və tətildir. O, balaları ilə birlikdə günəmuzd fındıq yığmağa gedərək balalarının gündəlik tələbatlarını və qarşıdan gələn məktəb ehtiyaclarını ödəməyə çalışır. Amma tək əldən səs çıxmaz. Birgə nikahlarından olan övladları xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X5 məktəblidir. Bu günün tələbi ilə ayaqlaşaraq məktəbli uşaqları saxlamaq bir qadın üçün çox çətindir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına istinad edərək hesab edir ki, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X5 həddi–buluğa çatanadək hər ayda bir uşaq üçün 235 manat, ümumilikdə hər ayda iki uşaq üçün 470 manat alimentin cavabdehdən alınaraq onun xeyrinə tutulmalıdır. Bundan başqa hər iki valideyn uşaqların sağlamlıqlarında məsuliyyət daşımalıdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehlə aralarında qeyd edilmiş nikah pozulmamışdır, lakin o, uşaqların saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb edir. Bildirir ki, birgə nikahlarından iki uşaqları dünyaya gəlmişdir. Cavabdeh onların saxlanması üçü heç bir maddi köməklik göstərmir, artıq 5 aydır ki, ayrılmışdırlar və cavabdeh qeyd edilən vaxtdan onlarla əlaqə saxlamır. Uşaqların saxlanması cavabdehin də vəzifəsidir, bu səbəbdən hesab edir ki, cavabdehdən uşaqların saxlanması üçün 235 manat miqdarında aliment tutulmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan sənədlər Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 sentyabr 2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh və İddiaçı nikahı haqqında 26 yanvar 2007-ci il tarixdə 06 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Bayramov, arvada Bayramova soyadı verilmişdir. Zaqatala RİHB-nın Qandax ərazi nümayəndəliyində qeyd edilən xx.xx.2008-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 28 iyun 2008-ci il tarixdə doğulmuş X1 atası Cavabdeh və anası İddiaçıdır. Zaqatala Rayon Qeydiyyat Şöbəsində qeyd edilən xx.xx.2012-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 30 yanvar 2012-ci il tarixdə doğulmuş X2 atası Cavabdeh və anası İddiaçıdır. xx.xx.2024-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 12:00-13:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. 50 (əlli) manat məbləğində mediasiya xərcini, 10 (on) manat kargüzarlıq və dəftərxana xərclərini İddiaçı birtərəfli qaydada ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 106.4-cü maddəsinə əsasən bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun qiyməti 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında müəyyən olundu ki, tərəflərin birgə nikahından 28 iyun 2008-cı il tarixdə X3 oğlu və 30 yanvar 2012-ci il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. Uşaqlar hal-hazırda iddiaçının himayəsindədirlər. İddiaçı Cavabdeh qarşı aliment tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Cavabdeh isə məhkəməyə gəlməyərək iddia tələbinə qarşı münasibətini bildirməmişdir Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının və ailə qanunvericiliyinin uşaqların saxlanılması üçün alimentin tutulması şərtlərini və qaydasını müəyyən edən və qeyd edilən maddələrinin tələblərinə, eləcə də iddiaçının cavabdehdən tutulacaq sabit pul miqdarını qeyd etməsinə əsasən hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqlara görə tutulmalı olan aliment sabit pul məbləğində tutulmalıdır. Sabit pul məbləğinin miqdarı ilə bağlı məhkəmə tərəflərin maddi və ailə vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində aylıq miqdarı hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat məbləğində müəyyən edilməlidir. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə 16 sentyabr 2024-cü il tarixdə müraciət etdiyindən aliment məhz həmin tarixdən tutulmalıdır. Məhkəmə aliment alınması haqqında iddianın qiymətinin 1.000 manatdan 10.000 manatadək (il ərzində 360x12=4320 manat ödəmə təşkil edir) nəzərə alaraq hesab edir ki, Cavabdeh 63.20 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat məbləğində pul vəsaitini tələb etdiyindən həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından 28 iyun 2008-cı il tarixdə doğulmuş X1 və 30 yanvar 2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 16 sentyabr 2024-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat aliment sabit pul məbləğində tutularaq, İddiaçı ödənilsin. Cavabdeh 63.20 (altmış üç manat iyirmi qəpik) manat miqdarında dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-1135/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1135/2024
07.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver