Məhkəmə qərarları › İş №e-2(033)-1154/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1154/2023

07.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1154/2023 07.12.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı nümayəndəsi vəkil Nümayəndə Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh birgə nikahı dövründə anadan olmuş övladları xx.xx.2021-ci il tarixli X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat alimentin cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə nikahlarını xx.xx.2019-cu il tarixdə Zaqatala rayon qeydiyyat şöbəsində rəsmi qaydada qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2021-ci il tarixdə X2 adlı övladları anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlməməsi səbəbindən ayrılmışlar. Halhazırda ayrı yaşayırlar. Azyaşlı uşaq iddiaçının yanındadır. Cavabdeh uşağın saxlanması üçün heç bir maddi yardım göstərmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinin məzmununa oxşar izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, iddiaçının tələb etdiyi miqdarda alimentin ödənilməsinə razı deyildir, belə ki, özü aprel döyüşlərinin iştirakçısı olmuşdur, maaşı isə qeyri-sabildir, 400-440 manat aralığında dəyişir və 100 manat aliment ödəməyə razıdır, uşağın digər ehtiyaclarını isə qarşılayacaqdır. Həmçinin bildirdi ki, uşağın özündə qalmasını daha məqsədəmüvafiq hesab edir, iddiaçı ilə xəyanət səbəbindən ayrılmışdır. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İşin halları İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən 12 noyabr 2019-cu il tarixində verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında nikah 12 noyabr 2019-cu tarixdə Zaqatala rayonu Qeydiyyat Şöbəsində bağlanmış və 295 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada İsmayılova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 22 iyun 2021-ci ildə doğulmuş X1 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş 06 oktyabr 2023-cü il tarixli MŞŞ/MT018/2023-02448 saylı mediasiya prosesinə xitam verilməsi barədə protokoldan görünür ki, Cavabdeh və İddiaçı iştirakı ilə xx.xx.2023-cü il tarixdə mediasiya prosesi həyata keçirilmiş və tərəflərin təşəbbüsü ilə mediasiya prosesinə xitam verilmişdir. 50 (əlli) manat ilkin mediasiya xərcini və 50 (əlli) manat tam mediasiya xərcini tərəflər bərabər qaydada ödəmişdirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun qiyməti 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsi vəkilin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının və ailə qanunvericiliyinin uşaqların saxlanılması üçün alimentin tutulması şərtlərini və qaydasını müəyyən edən və qeyd edilən maddələrinin tələblərinə, eləcə də iddiaçının cavabdehdən tutulacaq sabit pul miqdarını qeyd etməsinə əsasən hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmayan uşağa görə tutulmalı olan aliment sabit pul məbləğində tutulmalıdır. Sabit pul məbləğinin miqdarı ilə bağlı tərəflərin maddi və ailə vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, uşağın saxlanması üçün alimentin sabit pul məbləğində aylıq miqdarı hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat müəyyən edilməlidir. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə 11 oktyabr 2023-cü il tarixdə müraciət etdiyindən aliment məhz həmin tarixdən tutulmalıdır. Məhkəmə aliment alınması haqqında iddianın qiymətinin 1.000 manatdan 10.000 manatadək (il ərzində 160x12=1920 manat ödəmə təşkil edir) nəzərə alaraq hesab edir ki, Cavabdeh 39.20 (otuz doqquz manat iyirmi qəpik) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci tələb olunmadığından həmin xərc onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından 22 iyun 2021-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 11 oktyabr 2023-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat aliment sabit pul məbləğində tutularaq, İddiaçı ödənilsin. Cavabdeh 39.20 (otuz doqquz manat iyirmi qəpik) manat miqdarında dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İddiaçı tərəfindən ödənilmiş mediasiyaya dair xərc İddiaçı aid edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar