Məhkəmə qərarları › İş №e-2(033)-1247/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1247/2024

09.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1247/2024 09.12.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi İddia tələbi və dəlilləri İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə rəsmi nikahlarından doğulmuş övladlarının saxlanması üçün onların atası, Cavabdeh hər ay bir uşağa görə 235 (iki yüz otuz beş) manat, hər ay iki uşağa görə 470 (dörd yüz yetmiş) manat alimentin tutularaq ona ödənilməsi və 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2015-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar, rəsmi nikahımız Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilərək onlara AZ-İİ№ 046849 nömrəli nikah şəhadətnaməsi verilmişdir. Cavabdeh ilə birgə nigahlarından xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 anadan olmuşdur. İlk vaxtlar cavabdehlə münasibətləri normal olmuş, hətta cavabdeh uzaq Rusiya Federasiyasında qazanc əldə etmək məqsədi ilə getdiyində də ailəsi üçün darıxıb onları yanına aparmış, lakin sonradan cavabdehlə münasibətləri pozulmuş, cavabdeh daima ailəsinə qarşı soyuq, biganə münasibətdə olmuş, ona bir qadın və ya ana kimi heç vaxt hörmətlə yanaşmamışdır. Dəfələrlə ailə daxili münaqişələr səbəbindən cavabdehlə aralarındakı mehribançılıq pozulmuş, lakin hər dəfə balaları atasız qalmasın deyə onlara xatir güzəştə gedərək, ailəsini qorumağa çalışmışdır. O bütün bu əziyyətlərə balaları üçün, ailəsi dağılmasın deyə dözsə də cavabdeh nəticə çıxarmamış, daha da ailəsini ikinci plana ataraq onları ayaq altı etmişdir. O da bu cür ortamda yaşamağın mümkünsüz olduğunu düşündüyündən, bu cür atmosferin balalarının psixologiyasına mənfi təsir etdiyini bildiyindən balalarını da götürərək kirayə çıxmaq məcburiyyətində qalmışdır. Uzun müddətdir ki, o uşaqlarımnı da götürərək, kirayələrdə yaşayır və həmin gündən bu günə kimi az yaşlı balaları onun himayəsində, yaşlı anasının maddi və mənəvi dəstəyi ilə yaşayırlar. Cavabdehin yetərincə maddi imkanları olmasına baxmayaraq onların heç bir maddi və mənəvi ehtiyaclarını ödəmir. Cavabdeh bu vaxt ərzində balalarına qarşı heç bir mənəvi qayğı göstərməmişdir. Hazırda cavabdeh uşaqlarının nə ilə, necə saxlanmağından xəbəri belə yoxdur. O, bir ata kimi vəzifələrini icra etmir. Qarşıdan gələn məktəb ləvazimatları, məktəb qayğıları belə onu bir ata kimi narahat etmir. Könüllü surətdə etdiyi təkliflərin hər birindən imtina edir. Uşaqları məktəblidir. Günü-gündən tələbatları artır. Onların ehtiyaclarını ödəmək cavabdehin birbaşa atalıq vəzifə borcudur. Hansı ki, cavabdeh hələdə o vəzifə borclarını illərdir dərk etmədiyi kimi indidə dərk etmir. Onunla əlaqələrini və münasibətini kəsən cavabdeh övladlarına qarşıda biganə və laqeyd münasibətdədir. Mediasiya Protokolundan da göründüyü kimi cavabdeh övladlarına baxmaq və maddi ehtiyaclarını könüllü şəkildə ödəmək niyyətində deyil. Bu səbəbdən də övladlarının onun himayəsində saxlanması məqsədə müvafiqdir. Eyni zamanda uşaqların saxlanması və ehtiyaclarının ödəməsi hər iki valideynin məcburi vəzifə borcu olduğundan cavabdehdən 2024-cü ilin ehtiyac meyarı olan bir uşaq üçün 235 (iki yüz otuz beş) manat alimentin, iki uşaq üçün isə hər ay 470 (dörd yüz yetmiş) manat alimentin cavabdehdən tutularaq onun hesabına köçürülməsini xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehlə aralarındakı nikah pozulmamışdır. Cavabdeh işləmir və bütün günü evdə oturur. Cavabdeh valideynləri ilə birlikdə, o isə uşaqları ilə birlikdə kirayədə yaşayır. Uşaqları şəhər məktəbində oxuyurlar. O, xəstəxanada işləyir və kənddə gedib-gəlmək ona çətin olduğu üçün kirayə ev tutmuşdur. İddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, evdə xəstə valideynlərinə baxır. Heç bilmir nə qədər aliment ödəyə bilər. O, ailəsini atmamışdır. Atası ağır xəstə olduğundan və yataqdan dura bilmədiyindən onu qoyub heç yerə gedə bilmir. Özü avto qəza keçirmişdir və bu səbəbdən heç bir yerdə işləyə bilmir. Qəzadan sonra da bütün müalicəsini iddiaçı etmişdir. Onun maddi vəziyyəti çox pisdir. Anası iki ay əvvəl əməliyyat olunmuş və o borc götürdüyü üçün valdeynlərinin pensiyası ilə həmin borc ödənilir. O, hər uşağa 100 manat ödəyə bilər. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Yazılı sübutlar İş materiallarına əlavə edilmiş Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZS-İİ 046849 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 nikahlarını 15 sentyabr 2015-ci bağlamışlar, bu nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 216 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Babayev, arvada Babayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ 817699 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 27 avqust 2016-cı il tarixdə doğulmuş X2 atası Cavabdeh və anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV 193729 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 07 noyabr 2018-ci il tarixdə doğulmuş X3 atası Cavabdeh və anası İddiaçıdır. İşdə olan 11 iyul 2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra mediasiya prosesinin davam etdirilə bilməməsi barədə qərar qəbul etmişdirlər. 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci və 10 ( on) manat məbləğində dəftərxana və kargüzarlıq xərcini İddiaçı birtərəfli qaydada ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 106.4-cü maddəsinə əsasən bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun qiyməti 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında müəyyən olundu ki, tərəflərin birgə nikahından 27 avqust 2016-cı ildə X5 və 07 noyabr 2018-ci ildə X6 adlı uşaqları doğulmuşdur. Tərəflər arasında münasibətlər pozulmuş və uşaqları hal-hazırda iddiaçının himayəsindədirlər. İddiaçı Cavabdeh qarşı aliment tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Cavabdeh isə iddia tələbini qismən qəbul etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının və ailə qanunvericiliyinin uşaqların saxlanılması üçün alimentin tutulması şərtlərini və qaydasını müəyyən edən və qeyd edilən maddələrinin tələblərinə, eləcə də iddiaçının cavabdehdən tutulacaq sabit pul miqdarını qeyd etməsinə əsasən hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqlara görə tutulmalı olan aliment sabit pul məbləğində tutulmalıdır. Sabit pul məbləğinin miqdarı ilə bağlı məhkəmə tərəflərin maddi və ailə vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində aylıq miqdarı hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində müəyyən edilməlidir. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə 10 oktyabr 2024-cü il tarixdə müraciət etdiyindən aliment məhz həmin tarixdən tutulmalıdır. Məhkəmə aliment alınması haqqında iddianın qiymətinin 1.000 manatdan 10.000 manatadək (il ərzində 300x12=3600 manat ödəmə təşkil edir) nəzərə alaraq hesab edir ki, Cavabdeh 56 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından 27 avqust 2016-cı ildə doğulmuş X5 və 07 noyabr 2018-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 10 oktyabr 2024-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat aliment sabit pul məbləğində tutularaq, İddiaçı ödənilsin. Cavabdeh 56 (əlli altı) manat miqdarında dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İddiaçı tərəfindən mediasiya xərci olaraq ödənilmiş 60 (altmış) manat Cavabdeh alınaraq iddiaçıya ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar