Məhkəmə qərarları › İş №e-2(033)-1262/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1262/2024

10.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1262/2024 10.12.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddiası üzrə işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi İddia tələbi və dəlilləri İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh rəsmi nikahından olan övladları xx.xx.2018-ci il tarixdə doğulmuş X1 üçün onun atası, Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Cavabdeh ilə birgə nikahlarından xx.xx.2018-ci il tarixdə X3 anadan olmuşdur. İlk vaxtlardan bu günə kimi cavabdehlə münasibətləri heç vaxt normal olmamış, cavabdeh daima ailəsinə qarşı soyuq, biganə münasibətdə olmuş, ona bir qadın və ya ana kimi heç vaxt hörmətlə yanaşmamışdır. Dəfələrlə xəyanətini bağışlamağına baxmayaraq, cavabdeh daima onu cəmiyyət arasında nüfuzdan salaraq hörmətsiz etmişdir. Dəfələrlə ayrılacağı, boşanacağı təhdidləri ilə onu təzyiq altında saxlayan cavabdeh sonunda qəti qərarını verərək, könüllü və heç kimin təzyiqi altında olmadan, anidən ərizə yazaraq boşanmaq üçün müraciət etmişdir. O bütün bu əziyyətlərə balası üçün, ailəsı dağılmasın deyə dözsə də hər şeyin bir sonu olduğu kimi onun də səbrinin sonuna gətirib çıxardı. Daha təzyiq altında yaşamaqdan, hörmətsizliklə qarşılaşmaqdan yorulduğundan könüllü surətdə ailə qurduqdan sonra birgə nikah dövründə onunda mənəvi və fiziki əmək sərf etdiyi evi uşağı ilə birlikdə şəxsi əşyalarını da götürərək tərk etmişdir. Hazırda nikahlarının sonlanması üçün Zaqatala rayon Məhkəməsində 17 sentyabr 2024-cü ildə gün təyin edilib. Bildirir ki, o uşağını da götürərək, atasının evinə qayıtmışdır və həmin gündən bu günə kimi az yaşlı qızı onun himayəsində, valideynlərinin maddi və mənəvi dəstəyi ilə yaşayırlar. Cavabdehin yetərincə maddi imkanları olmasına baxmayaraq onların heç bir maddi və mənəvi ehtiyaclarını ödəmir. Cavabdeh bu vaxt ərzində balasına qarşı heç bir mənəvi qayğı göstərməmişdir. Hazırda cavabdeh uşağının nə ilə, necə saxlanmağından xəbəri belə yoxdur. O, bir ata kimi vəzifələrini icra etmir. Bildir ki, qızı məktəblidir. Günü-gündən tələbatları artır. Onun ehtiyaclarını ödəmək cavabdehin birbaşa atalıq vəzifə borcudur. Hansı ki, cavabdeh hələ də o vəzifə borclarını illərdir dərk etmədiyi kimi indidə dərk etmir. Onunla əlaqələrini və münasibətini kəsən cavabdeh övladına qarşıda biganə və laqeyd münasibətdədir. Mediasiya Protokolundan da göründüyü kimi cavabdeh övladına baxmaq və maddi ehtiyaclarını könüllü şəkildə ödəmək niyyətində deyil. Bu səbəbdən də övladının onun himayəsində saxlanması məqsədəmüvafiqdir. Eyni zamanda uşağın saxlanması və ehtiyaclarının ödənməsi hər iki valideynin məcburi vəzifə borcu olduğundan cavabdehdən 2024-cü ilin ehtiyac meyarı olan bir uşaq üçün 235 (iki yüz otuz beş) manat alimentin cavabdehdən tutularaq onun hesabına köçürülməsini xahiş edir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh məhkəməyə xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, iddia ilə tanış olmuşdur və iddianı qəbul etmir. Qeyd etmək istəyir ki, o aliment ödəməkdən boyun qaçırmır və aliment miqdarı təyin olunmasa da, o həmişə uşağa baxmışdır, onun maddi və mənəvi qayğısına qalmışdır. Uşağı tez-tez gəzməyə aparır (bir neçə fotoşəkli ərizəyə əlavə edir), hər gələndə əlinə pul verir, məktəb qabağı alış-veriş üçün ayrıca pul vermişdir. Tez-tez uşaqla görüşür, onunla vaxt keçirir və hər görəndə də pal-paltar almaq üçün və sair xərclər üçün lazım olandan da artıq pul vermişdir. Lakin iddiaçı iddia ərizəsində onu uşağa baxmayan, uşaqla maraqlanmayan, maddi köməklik etməyən, uşağa soyuq münasibət bəsləyən bir insan kimi qələmə verməyə çalışmışdır. İddia ərizəsində yazılanlar yalandır. Ona görə də, İddiaçı ilə birgə nikahlarından xx.xx.2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat məbləğində aliment təyin edilməsini məhkəmədən xahiş edir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehlə birgə nikahlarından bir övladları dünyaya gəlmişdir. Nikahları xx.xx.2024-cü il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Halhazırda uşağın saxlanması üçün 235 manat məbləğində alimenti tələb edir. Belə ki, övladı məktəbə gedir və xərcləri daim artır. Cavabdeh isə etiraz ərizəsində göstərilənlərin əksi olaraq ailəsinə baxmamışdır. Uşağa da cavabdeh yox, cavabdehin anası-atası baxmışdır. Halbuki, cavabdeh Hərbi Prokurorluqda mühafizə xidmətində işləyir, 500 manatdan çox maaş alır, həmçinin restoranı, bazarda mağazası var. Hesab edir ki, cavabdeh 235 manatdan da artıq aliment ödəmək iqtidarındadır. Odur ki, iddia tələbinin tam şəkildə təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan sənədlər Zaqatala RİHB-nın Yuxarı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeyd edilən 09 mart 2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə doğulmuş X2 atası Cavabdeh və anası İddiaçıdır. xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı etibarnamə əsasında nümayəndəsi X4 və Cavabdeh, İMS-dən sonra mediasiya prosesinin davam etdirilə bilməməsi barədə qəbul etmişdirlər. 50 (əlli) manat məbləğində mediasiya xərcini, 10 (on) manat kargüzarlıq və dəftərxana xərclərini İddiaçı birtərəfli qaydada ödəmişdir. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-988/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 04 oktyabr 2016-ci il tarixdə Zaqatala RİHB-ın Yuxarı Tala kənd İƏD üzrə nümayəndəlikdə bağlanmış, 20 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 106.4-cü maddəsinə əsasən bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun qiyməti 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında müəyyən olundu ki, tərəflərin birgə nikahından 28 fevral 2018-ci il tarixdə X3 adlı uşaqları anadan olmuşdur. Tərəflər arasındakı nikah Zaqatala Rayon Məhkəməsinin e-2(033)- 988/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Uşaq hal-hazırda iddiaçının himayəsindədir. İddiaçı Cavabdeh qarşı aliment tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Cavabdeh isə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq aliment tələbinin 170 manat məbləğində təmin edilməsini məhkəmədə xahiş etmişdir Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının və ailə qanunvericiliyinin uşaqların saxlanılması üçün alimentin tutulması şərtlərini və qaydasını müəyyən edən və qeyd edilən maddələrinin tələblərinə, eləcə də iddiaçının cavabdehdən tutulacaq sabit pul miqdarını qeyd etməsinə əsasən hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmayan uşağa görə tutulmalı olan aliment sabit pul məbləğində tutulmalıdır. Sabit pul məbləğinin miqdarı ilə bağlı məhkəmə tərəflərin maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, uşağın saxlanması üçün alimentin sabit pul məbləğində aylıq miqdarı hər ay bir uşaq üçün 200 manat məbləğində müəyyən edilməlidir. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə 11 oktyabr 2024-cü il tarixdə müraciət etdiyindən aliment məhz həmin tarixdən tutulmalıdır. Məhkəmə aliment alınması haqqında iddianın qiymətinin 1.000 manatdan 10.000 manatadək olmasını (il ərzində 200x12=2400 manat ödəmə təşkil edir) nəzərə alaraq hesab edir ki, Cavabdeh 44 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərci tələb olunmadığından həmin xərc onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından 28 fevral 2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 11 oktyabr 2024-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay bir uşaq üçün 200 (iki yüz) manat aliment sabit pul məbləğində tutularaq İddiaçı ödənilsin. Cavabdeh 44 (qırx dörd) manat miqdarında dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İddiaçı tərəfindən mediasiya xərci olaraq ödənilmiş 60 (altmış) manat onun özünə aid edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar