Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1295/2025 05.02.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 Əli qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ““İPHONE 15 128 GB ”BLACK markalı mobil telefon, APPLE 20W USB-C ADAPTER MHJE3ZM/A/MUVV3ZM/A/MD3J4ZM/A, adapter olmadıqda həmin əşyalarının dəyəri olan 2613.93 ( iki min altı yüz on üç manat doxsan üç qəpik) manat pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 46.54 manat dövlət rüsumunun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi və dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, “İPHONE 15 128 GB ”BLACK markalı mobil telefon, APPLE 20W USB-C ADAPTER MHJE3ZM/A/MUVV3ZM/A/MD3J4ZM/A adapter olmadıqda həmin əşyalarının dəyəri olan 2613.93 ( iki min altı yüz on üç manat doxsan üç qəpik) manat pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 46.54 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o "xxxx" MMC-dən (Kontakt Homedan) xx.xx.2024-cü il tarixində, ********** nömrəli müqavilə ilə öz adına ümumi dəyəri 2613.93 ( iki min altı yüz on üç manat doxsan üç qəpik ) manat İPHONE 15 128GB ”BLACK markalı mobil telefon, APPLE 20W US B-CDAPTER MHJE3ZM/A/MUVV3ZM/A/MD3J4ZM/A adapter və s. götürmüşdür. Həmin mobil telefon və aksesuarları hal-hazırda cavabdehlərdədir. Dəfələrlə həmin əşyaları cavabdehlərdən tələb etsə də, onlar həmin əşyaları qaytarmaqdan imtina etmişlər. O, hazırda həmin mobil telefonu İMEİ kodları üzrə bağlatmışdır. Bundan sonra həmin əşyaların ona qaytarılması üçün polis şöbəsinə müraciət etmişdir. Zaqatala RPŞ-dən məktubla ona bildirdilər ki, ərizəsində göstərdiyi xüsusatlar mülki xarakterli olduğundan məhkəməyə müraciət etməlidir. O, dəfələrlə öz əşyalarını cavabdehlərdən tələb etsə də bugünkü günə qədər sonuncular həmin əşyaları ona qaytarmamışlar. Hesab edir ki, ona əşyaları, əşyalar mövcud olmadıqda isə dəyərləri ona verilməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehlər onun bacısı və bacısı oğludur. O, "xxxx" dan telefon götürən zaman evli olmamış və "xxxx" ASC-də kredit ödəyirdi. 10 il o, cavabdeh olan bacısı ilə küsülü olmuşdur. Lakin evlilik ərəfəsində bacısı ilə barışmış və cavabdehlər ondan öz adına telefon götürməsini xahiş etmişlər. O buna razılıq vermiş və "xxxx"də telefon götürərək cavabdeh Elcana vermişdir. Telefona görə cavabdehlər əvvəllər ödəniş etsələr də, sonradan ödəməkdən yayınmışlar. Buna görə o, cavabdehlərin evinə getmiş və sonuncular borcu tamamilə bağlayacaqlarını bildirmişlər. Lakin onlar yenə də borclarını ödəməmişlər. O. Cavabdeh1 bildirmişdir ki, telefonu ona qaytarsın və borc ödənildikdən sonra telefonu ona verəcəkdir. Cavabdehlər buna görə onunla dava-dalaş salmışlar. Onun əri ilə birlikdə banka borcları vardır. Bundan başqa səhhəti ilə əlaqədar əməliyyat olunmalıdır. Onun adına hazırkı borc olduğu üçün əməliyyat olunması üçün bankdan kredit götürə bilmir. O, məcbur olub hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehlər tərəfindən bir neçə ay ödəniş edilmişdir. Hazırda telefona görə 1450 manat borc vardır. Cavabdeh tərəfindən ona telefonun qaytarılmasını, yada dəyərinin ödənilməsini istəyir. Telefonun aylıq ödənişlərini cavabdeh bacısı Cavabdeh2 etmişdir. Telefona görə qalıq borcu tam şəkildə, və ya yarısı ödənilməlidir ki, o gedib bankdan kredit götürə bilsin. 15 oktyabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, o, həqiqətən də iddiaçıdan xahiş etmişdir ki, öz adına kredit yolu ilə telefon götürsün və ona versin. İddiaçı onunla razılaşmış və öz adına İPHONE 15 128GB ”BLACK markalı mobil telefon və ona aid digər əşyaları götürüb ona vermişdir. O, telefona görə səkkiz ay 147 manat ödəniş etmişdir. O, əvvəllər restoranda işləmiş və aylıq ödənişləri edə bilmişdir, lakin sonradan maaşı vaxtı-vaxtında verilmədiyi üçün aylıq ödənişləri edə bilməmişdir. İddiaçı əri ilə onun iş yerinə gələrək orada onun şərəf və ləyaqətini alçaldacaq ifadələr işlətmişdir. İddiaçı telefonu tələb edirsə, onu qaytara bilər. Lakin bir şərtlə onun etmiş olduğu ödənişləri iddiaçı ona qaytarsın. Telefonu anası ilə məsləhətləşib almışdır. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. 25 noyabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçı oğluna görə öz adına kredit yolu ilə mobil telefon almış və telefonu oğluna vermişdir. Oğlu tərəfindən 8 ay olmaqla hər ay ödəniş edilmiş, lakin iki ay maaş almadığı üçün ödənişləri gecikdirmişdir. Buna görə iddiaçı oğlunun iş yerinə gedib orada onu təhqir etmiş və ünvanına nalayiq ifadələr işlətmişdir. Oğlunun iddiaçının hərəkətlərinə acığı tutduğu üçün bildirmişdir ki, o, iddiaçıya telefonu qaytaracaqdır. Ancaq iddiaçı tərəfindən onun ödədiyi pul geri qaytarılmalıdır. O, hazırda iddiaçıya olan 1450 manat borcu ödəməyə razıdır. Lakin həmin borcu hissə-hissə ödəyə bilər. Belə ki, o tək qadın olmaqla bir qazanc yeri vardır, oğlu isə əskər getmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Yazılı sübutlar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 12 iyul 2024-cü il tarixli 14026958 saylı müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, İddiaçı "xxxx" MMC-dən kredit yolu ilə 2613.93 manat dəyərində “İPHONE 15 128 GB ”BLACK markalı mobil telefon və APPLE 20W USB-C ADAPTER MHJE3ZM/A/MUVV3ZM/A/MD3J4ZM/A əldə etmiş, həmin əşyaların dəyərini 18 ay müddətinə hər ay 145,22 manat ödəmək şərti ilə "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" tərəfindən verilmiş 02 fevral 2026-cı il tarixli arayışdan görünür ki, İddiaçı faktura üzrə qalan borcu 1450,55 manat, cərimə borcu 875,26 manat təşkil edir. Ödənilən məbləğ 1163,38 manat təşkil edir. 12 sentyabr 2025-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 46,54 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsiniə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282 Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 04 saylı “Məhkəmə qətnaməsi haqqında” Qərarının 9.2-ci bəndinə əsasən əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını diləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdehlər İddiaçı sonuncunun adına özləri ödəmək şərti ilə "xxxx" MMC-dən mobil telefon götürməsini xahiş etmişdir. İddiaçı 12 iyul 2024-cü il tarixli 14026958 nömrəli müqaviləyə əsasən "xxxx"dən 2613,93 manat dəyərində “İPHONE 15 128 GB ”BLACK markalı mobil telefonu və APPLE 20W USB-C ADAPTER MHJE3ZM/A/MUVV3ZM/A/MD3J4ZM/A-nı 18 ay müddətinə hər ay 145,22 manat ödəmək şərti ilə almış və həmin telefonu Cavabdeh1 vermişdir. Cavabdehlər tərəfindən kredit borcu səkkiz ay ödənilmiş, lakin sonradan sonuncular borcu ödəməkdən imtina etmişlər. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 telefon və adapterin, onlar mövcud olmadıqda isə dəyəri olan 2613,93 manat pul vəsaitinin və 46,54 manat məhkəmə rüsumunun alınaraq ona ödənilməsini tələb etmişdir. Məhkəmədə iş materiallarının tədqiqi nəticəsində müəyyən edilmişdir ki, cavabdehlər iddiaçının adına özləri ödəmək şərti ilə "xxxx"dən mobil telefon götürmüşlər, lakin cavabdehlər 8 ay ödəniş etsələr də sonradan telefonun tam dəyərini ödəməkdən imtina etmişdirlər. Bu halda məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının hesabına əsassız varlanıb. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. İşin hallarından görünür ki, cavabdeh smartfonu geri qaytarmamış ,həmçinin onun qiymətini tam ödəməkdən imtina etmişdir. Mövcud vəziyyət belə qiymətləndirilir ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına mobil telefon əldə etmişdir. Hazırda cavabdehlər telefonun onlarda olduğunu bildirirlər və iddiaçı telefonu tələb etdiyindən, cavabdehlər isə həmin telefonu onların ödədilkəri pul iddiaçı tarəfindən onlara qaytarıldıqdan sonra qaytarmaqdan imtina etmədiklərindən telefon adapterlə birlikdə cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı vəziyyətdə əldə edilənlərin verlməsi mümkün olduğundan onların dəyərinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi hissədində iddia təmin edilməməlidir. Həmçinin cavabdehlər məhkəmə iclasında verdikləri izahatlarında telefona görə 8 ay ödəniş etdiklərini, ödənilən məbləğin onlara geri qaytarılmasını xahiş etsələr də, bu tələbə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdirlər. Məhkəmə cavabdehlərə izah edir ki, bununla bağlı müstəqil tələbi ilə məhkəmədə iddia qaldırmaq hüquqları istisna edilmir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbi əmlakın qaytarılması hissəsində təmin edildiyindən, ödənilmiş 46.14 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı da cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “İPHONE 15 128 GB ”BLACK markalı mobil telefon və APPLE 20W USB-C ADAPTER MHJE3ZM/A/MUVV3ZM/A/MD3J4ZM/A alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “İPHONE 15 128 GB ”BLACK markalı mobil telefon və APPLE 20W USB-C ADAPTER MHJE3ZM/A/MUVV3ZM/A/MD3J4ZM/A alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 46.14 (qırx altı manat on dörd qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı da cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-1295/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1295/2025
05.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver