Məhkəmə qərarları › İş №e-2(033)-172/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-172/2023

12.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-172/2023 12.01.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından 27 noyabr 2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay bir uşağa görə cavabdehin hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin müəyyən edilməsi və mediasıya prosesində ödədiyi 50 manat pulun Cavabdeh alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə nikahlarını xx.xx.2017-ci il tarixdə rəsmi qaydada qeyd etdirməklə evlənmişdir. Birgə nikahlarından 27 noyabr 2017-ci il tarixdə oğulları Yunis anadan olmuşdur. Cavabdehlə münasibətləri korlandığından faktiki olaraq ayrılmışlar. Hazırda o, uşağı ilə birlikdə Zaqatala rayonu Muxax kəndində yerləşən atasına məxsus fərdi yaşayış evində yaşayır. Cavabdeh hərbiçidir. Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissədə hərbiçi işləyir. Yüksək əmək haqqı alır. Cavabdehin maddi gəlirləri məlumdur. Ona görə də uşağın saxlanması üçün cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tələb edir. Belə ki, bu müddət ərzində ailənin bərpa olunacağı ümidi ilə cavabdehdən uşağın saxlanılması üçün aliment tələb etməmişdir. Hazırda isə uşağın saxlanılmasında cavabdeh iştirak etmir. Cavabdehin maddi vəziyyəti yaxşıdır. Buna baxmayaraq uşağın saxlanılmasında cavabdeh onlara maddi və mənəvi köməklik göstərmir. Ona görə də o, cavabdehdən uşağın saxlanılması üçün aliment tələb edir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh nümayəndəsi X3 aliment tələbinə dair iddia ərizəsinə etirazla müraciət edərək göstərmişdir ki, İddiaçı onun oğlu Cavabdeh qarşı məhkəməyə cavabdehin hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsi ilə tanış olmuşlar və iddia ilə razı deyillər. Belə ki, Cavabdeh birinci nikahından olan arvadı ilə birgə nikahdan doğulmuş oğlu olan Məhəmməd Əliyevin yetkinlik yaşına çatanadək saxlanması üçün aylıq qazancının və başqa gəlirlərinin 1/4 hissəsi qədər aliment ödəyir. Həmin aliment onun əmək haqqısından tutulur. Həmin aliment Qax Rayon Məhkəməsinin qətnaməsi ilə kəsilmişdir. Hal-hazırki iddiaçı isə onun ikinci evliliyidir. Hazırki evlilikdən də onun bir uşağı vardır. İddiaçı bir uşağın saxlanması üçün aylıq qazancının və bütün gəlirlərinin 1/4 hissəsi qədər aliment tələb edir. Hazırki iddia tələbi də təmin olunacağı halda Cavabdeh aylıq qazancının 1/2 hissəsinin aliment olaraq tutulması ilə nəticələnəcəkdir. Bu da Ailə Məcəlləsinin 76-cı maddəsinin tələblərinə ziddir. Belə ki, Ailə Məcəlləsinin 76.1.2-ci maddəsində qeyd olunur ki, 2 uşağa görə qazancın 1/3 hissəsi qədər aliment tutulur. Qeyd olunanları nəzərə alaraq iddiaya baxarkən Qax rayon Məhkəməsi tərəfindən alimentin tutulmasına dair qətnamənin əldə olunaraq həmin qətnamə ilə birlikdə işin araşdırılmasını, cavabdehin qazancının Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə uyğun alimentin kəsilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, uşağın bütün qayğısı və ehtiyacı tamamilə onun tərəfindən çəkilir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə, sabit pul məbləğində aliment tələb edir. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, iddiası əsaslıdır və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 24 noyabr 2022-ci il tarixdə verilmiş AZ-T seriyalı 042877 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı 15 aprel 2017-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 886 nömrə ilə qeyd edilmişdir. Tərəflər nikaha daxil olduqdan sonra müvafiq olaraq ər “Əliyev”, arvad isə “Şabanova” soyadını qəbul etmişlər. 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 24 noyabr 2022-ci il tarixdə verilmiş AZ-T seriyalı 228371 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 27 noyabr 2017-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası isə İddiaçıdır. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Muxax kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 1495 nömrəli arayışdan görünür ki, İddiaçı oğlu X7 ilə birlikdə X2 məxsus Muxax kəndində yerləşən fərdi yaşayış evində yaşayırlar. Mediasiya sessiyasında iştirak edilməməsi barədə 10 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci birtərəfli qaydada ödəmişdir. Qax Rayon Məhkəməsinin 15 iyul 2016-cı il tarixli 2(024)-957 nömrəli məhkəmə əmrindən görünür ki, borclu Qax rayonu, Güllük kəndində yaşayan Cavabdeh xx.xx.2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment alınaraq kreditor Qax rayonu Güllük kəndində yaşayan X5 verilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 106.4-cü maddəsinə əsasən bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı Cavabdeh ilə 15 aprel 2017-ci il tarixdə 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsində rəsmi qaydada qeyd etdirməklə ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından 27 noyabr 2017-ci il tarixdə X8 adlı uşaqları anadan olmuşdur. Tərəflərin ailə münasibətləri baş tutmadığından faktiki olaraq ayrılmışlar. İddiaçı təkbaşına himayəsində olan uşağın tələbatını ödəyə bilmədiyindən Cavabdeh qarşı qazancının və başqa gəlirlərinin 1/4 hissəsi həcmində aliment tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddiasını müdafiə edir. Cavabdehin nümayəndəsi X3 iddia tələbinə qarşı etirazla müraciət edərək cavabdehin birinci nikahından anadan olmuş Məhəmməd Əliyevin yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qazancından və başqa gəlirlərindən 1/4 hissəsi qədər alimentin tutulmasını bildirərək Ailə Məcəlləsinin 76.1.2-ci maddəsini nəzərə almaqla 2 uşağa görə qazancının 1/3 hissəsi qədər alimentin hesablanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatı, İddiaçı uşağın saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 27 noyabr 2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Belə ki, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi İddiaçı və Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması, maddi imkanının aşağı olması onu hazırki uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən və qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Məhkəmə onu da xüsusilə vurğulayır ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi hər iki valideynin valideyn kimi borcu və vəzifəsi olduğundan onların hər ikisinin həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə Cavabdeh nümayəndəsi X3 iddia tələbinə qarşı etirazına və eyni zamanda cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan aliment məbləğinin miqdarına münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76-cı maddəsi ilə uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı müəyyən edilmiş və həmin maddəyə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi aliment məhkəmə tərəfindən tutulur. Həmin maddənin məzmunundan görünür ki, aliment məbləğinin miqdarı valideyinlərin ortaq uşaqlarının sayına görə müəyyən edilir. Qax Rayon Məhkəməsinin 15 iyul 2016-cı il tarixli 2(024)-957 nömrəli məhkəmə əmrindən görünür ki, Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment onun X6 ilə ortaq uşaqları olan xx.xx.2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulur. Ona görə də, cavabdehin nümayəndəsinin etirazında göstərdiyi arqumentlər iddianın rədd olunması üçün əsas ola bilməz. Məhkəmə tərəflərin maddi vəziyyətini, uşağın mənafeyini, uşağın yaşını və iddiaçı tərəfin izahatını nəzərə alaraq belə qənaətə gəlir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin ediləcək alimentin məbləği iddia tələbində göstərilən həcmdə yəni Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 hissəsi həcmində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, 27 noyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşaq üçün aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilməli, eyni zamanda alimentin tutulmasının əvvəli İddiaçı iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni 25 noyabr 2022-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməməlidir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat məbləğində pul vəsaitini tələb etdiyinə görə həmin vəsait cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Cavabdeh 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia təmin edilsin. 27 noyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşaq üçün aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni 25 noyabr 2022-ci il tarixdən hesablansın. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar