Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-188/2023 29.03.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 , İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi və mənəvi zərər tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh X1 Azərbaycan Respublikası İqtisadiyyatı Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanladığı 03 fevral 2022-ci il tarixli şikayətdə "vergi xidməti əməkdaşlarına 1000 manat rüşvət verməyi ilə bağlı" və 24 avqust 2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsində baxılan apellyasiya şikayəti üzrə məhkəmə baxışı iclasında "cavabdehin iddiaçıdan iddiaçının ona xəyanət etməyi səbəbindən boşanmışdır" ifadələrinin həqiqətə uyğun olmayan hesab edilməsi və cavabdeh tərəfindən təkzib edilməsi, o cümlədən, cavabdehdən ona vurduğu mənəvi zərərin əvəzi olan 10000 (on min) manat miqdarında pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh X2 Azərbaycan Respublikası İqtisadiyyatı Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 03 fevral 2022-ci il tarixli ərizə yazaraq bildirmişdir ki, güya ki o vergi xidmətinin əməkdaşlarına 1000 manat rüşvət verməklə qanunsuz gəlir əldə etmiş və sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Bununla yanaşı, cavabdeh 24 avqust 2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsində baxılan apellyasiya şikayəti üzrə məhkəmə baxışı iclasında bildirmişdir ki, güya cavabdeh ondan xəyanətə görə boşanmışdır. Qeyd edir ki, o da yalandır. İş üzrə cavabdeh X2 yalan olduğunu bilə-bilə ona şər atmaq və onu haqqı olan əməllərindən əl çəkməyi məqsədi ilə hazırki şikayət ərizələrini yazmışdır. Cavabdeh X2 həmin hərəkəti ilə faktiki olaraq onu ağır cinayətdə ittiham edir və əxlaqsızlıqda günahlandırır. İddia ərizəsinə əlavə etdiyi elektron qaydada yazılmış həmin şikayət ərizəsi bir daha onu təsdiq edir ki, iş üzrə cavabdeh X1 əsl niyyəti ona şər və böhtan atmaq, bununla da onu haqlı iddiasından geri çəkindirməkdir. İş üzrə cavabdeh X1 şər və böhtanları nəticəsində arzu olunmaz vəziyyətə düşmüş, xüsusilə Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsi ilə nəzərdə tutulmuş və dövlət tərəfindən qorunan şərəf və layaqət hüququ pozulmuş və bunun nəticəsi olaraq isə ona mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir. Hazırki ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi, iş üzrə cavabdeh X1 Azərbaycan Respublikası İqtisadiyyatı Nazirliyi Dövlət Vergi Xidmətinə ünvanladığı 03 fevral 2022-ci il tarixli şikayətdə "1000 manat rüşvət verməyi ilə bağlı" ifadələrin həqiqətə uyğun olmayan hesab edilməsi və təkzib edilməsi, o cümlədən, cavabdehdən ona vurduğu mənəvi zərərin əvəzi olan 10.000 (on min) manat miqdarında pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsidir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, o bilir ki, iddia tələbini onun özü sübut etməlidir, lakin onun sübutları iddia ərizəsi və əlavə edilmiş sənədlərdən ibarətdir. Başqa sübutları yoxdur. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia ərizəsində qeyd edilən Şəki Apellyasiya Məhkəməsində işlətdiyi bildirilən ifadələri işlədib işlətməməsini xatırlamır. Belə bir ifadə işlətdiyi halda Şəki Apellyasiya Məhkəməsində o etirazını bildirərdi, lakin bunu etmədi. Hər ailədə olur belə mübahisələr, əsəbi olduğundan nə dediyini xatırlamır. Lakin birgə nikah dövründə və nikahdan sonra da iddiaçı onu çox incidib və hazırda da əməllərinə davam edir. Votsap sosial şəbəkəsi vasitəsi ilə ona xoş olmayan qadın şəkilləri və yazışmalar göndərir. Vergi ödəməkdən yayınması isə yeni hal deyil. Birgə nikahları dövründə də o vergi ödəməmək üçün fərqlifərqli işlər görüb. Şikayətində onun dedikləri ifadələri qeyd edib. İddiaçı, məhkəmə binasından çıxışda şikayətində qeyd etdiyi ifadəni işlədib, o da iddiaçının ona dediyi barədə Vergi Xidmətinə şikayət yazıb. Şikayətdə iddiaçının şərəfi və ləyaqətini alçaldacaq hər-hansı ifadəyə yol vermədiyini bildirdi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşin halları Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli müşayiət məktubu ilə daxil olmuş Cavabdeh xx.xx.2022-ci il tarixli şikayətindən görünür ki, müraciəti “X11 Xidmətinə və 13 saylı ƏVİ-nə **********360300 nömrəli və **********868800 nömrəli şikayətlərlə müraciət etmişdim. X8 birgə mülkiyyətimizdə olan daşınmaz əmlakları bir kvadrat metri 1.25 və 1.5 manata icarəyə verilmiş kimi rəsmiləşdirmişdir. Real bazar qiyməti isə 6 manatdan az deyil. Qeyd etdiyim şikayətlərdə ətraflı qeyd edildiyi üçün bura yazmıram. 13 saylı ƏVİ mənə **********637100 nömrəli cavab məktubu göndərilib ki, heç bir pozuntu aşkar edilməyib. Mən bilirəm ki, 6500 manat icarədən gəlir əldə edir. X4 ilə boşanma prosesindəyik. O mənə məhkəmə çıxışında dedi ki, vergiyə şikayət etdin nə oldu? Gəldilər 1000 manat verdim məsələni həll etdim. Rüşvətxor əməkdaşlarınızın üzündən mən minimum məbləğdə aliment alıram. Uşaqlarım ehtiyac içində qalıb. İcarə haqqı real göstərilsə uşaqların haqqı olan aliment təyin olunacaq. Xahiş edirəm şikayətlərimi təkrar araşdırasınız və korrupsiyaya yol vermiş əməkdaşlarınızı cəzalandırasınız. Xahiş edirəm cavab məktubunu email vasitəsi ilə və ya ünvan 1 ünvanına göndərəsiniz.” sözlərlə ifadə edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 46-cı maddəsinin 1-ci hissəsinin tələbinə görə hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır; 46-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz; 47-ci maddəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. 57-ci maddəsinə əsasən hər bir vətəndaşın şikayət etmək hüququ vardır. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 68-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəs ona dəymiş zərərin əvəzi tələb etmək hüququ vardır. 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir; 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir; 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onun yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: Şəxsin şərəfi, layaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyalara səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır Mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdır. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır». «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı: Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s.hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan hüquqlarının və X7 haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirilməsi ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Məcəllənin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi) Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuranın təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarı 3 və 7-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyrimüəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. 5-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yalan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xx.xx.2022-ci il tarixli şikayət ərizəsi ilə müraciət edərək 13 saylı Ərazi Vegilər İdarəsinin əməkdaşlarının hərəkətlərindən şikayət etmiş və şikayətində iddiaçı X8 ilə boşanma prosesində olduğunu bildirmiş və X6 ona dediklərini “O mənə məhkəmə çıxışında dedi ki, vergiyə şikayət etdin nə oldu? Gəldilər 1000 manat verdim məsələni həll etdim.” sözləri ilə ifadə etmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə müraciət edərək X1 Azərbaycan Respublikası İqtisadiyyatı Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanladığı 03 fevral 2022-ci il tarixli şikayətdə "vergi xidməti əməkdaşlarına 1000 manat rüşvət verməyi ilə bağlı" və 24 avqust 2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsində baxılan apellyasiya şikayəti üzrə məhkəmə baxışı iclasında "cavabdehin iddiaçıdan iddiaçının ona xəyanət etməyim səbəbindən boşanmışdır" ifadələrinin həqiqətə uyğun olmayan hesab edilməsi və cavabdeh tərəfindən təkzib edilməsi, o cümlədən, cavabdehdən ona vurduğu mənəvi zərərin əvəzi olan 10000 (on min) manat miqdarında pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə iddia tələbinin cavabdehin X1 Azərbaycan Respublikası İqtisadiyyatı Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanladığı 03 fevral 2022-ci il tarixli şikayətdə "vergi xidməti əməkdaşlarına 1000 manat rüşvət verməyi ilə bağlı" məlumatların həqiqətə uyğun olmayan hesab edilməsi və təkzib edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilə bilməz. Belə ki, həmin şikayətin məzmunundan görünür ki, şikayətçi yalnız özü ilə bağlı baş verdiyini iddia etdiyi hallar barədə məlumatları diqqətə çatdırır. Yazılanların məzmununa görə cavabdeh vergi xidməti əməkdaşlarının hərəkətlərindən şikayət edir və onların rüşvətxor olduğunu iddia edir. Cavabdeh bu iddianı irəli sürərkən isə iddiaçının ona dediyi ifadələrdən istifadə etmişdir. Cavabdeh həmin şikayətində məmurların düzgün olmayan, qanunsuz mövqeyini əks etdirməklə bununla bağlı şikayət etmişdir. Şikayətdə istifadə olunan sözlər əsasən məlumatlandırıcı xarakter daşıyır. Yazılanlar cavabdehin fikirlərini ortaya çıxarır. Şikayətdə xüsusi olaraq iddiaçının və vergi xidməti əməkdaşlarının şəxsiyyəti barədə birbaşa olaraq qiymətləndirici sözlərdən və söz birləşmələrindən istifadə edilməmişdir. Şikayət ərizəsində əks olunanların məntiqi məqsədində təhqir etmək, alçaltmaq deyil, əsasən ünvanlandığı tərəfdən yardım istəmək kimi niyyət aşkardır. Məhkəmə iddia tələbinin 24 avqust 2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsində baxılan apellyasiya şikayəti üzrə məhkəmə baxışı iclasında "cavabdehin iddiaçıdan iddiaçının ona xəyanət etməsi səbəbindən boşanmışdır" ifadələrinin həqiqətə uyğun olmayan hesab edilməsi və cavabdeh tərəfindən təkzib edilməsi hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı iddia tələbinin bu hissəsində qeyd edilən ifadələrin Cavabdeh tərəfindən istifadə edilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş və sübut edə bilməmişdir. Belə sübutların mövcud olması məhkəmə tərəfindən də müəyyən edilə bilməmişdir. Eyni zamanda iddiaçı məhkəmə iclasında da qeyd etmişdir ki, iddianın bu hissəsini onun özü sübut etməlidir, lakin bununla bağlı sübutları yoxdur. Məhkəmə qeyd edir ki, iddia tələbinin qeyd edilən hissəsi sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə eyni zamanda, iddianın “mənəvi zərər” ə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə də rədd edilməlidir. Belə ki, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin tutulması tələbi digər, yəni X1 Azərbaycan Respublikası İqtisadiyyatı Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanladığı 03 fevral 2022-ci il tarixli şikayətdə "vergi xidməti əməkdaşlarına 1000 manat rüşvət verməyi ilə bağlı" və 24 avqust 2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsində baxılan apellyasiya şikayəti üzrə məhkəmə baxışı iclasında "cavabdehin iddiaçıdan iddiaçının ona xəyanət etməsi səbəbindən boşanmışdır" ifadələrinin həqiqətə uyğun olmayan hesab edilməsi və cavabdeh tərəfindən təkzib edilməsindən sonra yaranan törəmə tələbdir. İddiada qeyd edilən ifadələrinin həqiqətə uyğun olmayan hesab edilmədiyi və cavabdeh tərəfindən təkzib edilmədiyi halda və iddia tələbinin hər iki hissəsi əlaqəli olduğundan iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi ümumilikdə əsaslı hesab edilərək təmin edilə bilməz. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi və mənəvi zərər tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 120 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddiaçı Cavabdeh qarşı həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi və mənəvi zərər tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-188/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-188/2023
29.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver