Məhkəmə qərarları › İş №e-2(033)-196/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-196/2024

28.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-196/2024 28.02.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Kərimova Şəhla Saleh qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 sentyabr 2009-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması Cavabdeh hər ay əmək haqqının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin və 60 (altmış) manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 24 yanvar 2017-ci il tarixli qətnaməsinə əsasən, Zaqatala Rayon Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilərək 28 sentyabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh (bundan sonra cavabdeh) 05 avqust 2015-ci il tarixdən etibarən hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin İddiaçı (bundan sonra iddiaçı) xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli qərarına əsasən qeyd olunan iş üzrə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 24 yanvar 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Zaqatala Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, e-2(033)-322/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin 24 yanvar 2017-ci il tarixli qətnaməsi əsasında 28 sentyabr 2009-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında tutulan alimentin məbləğinin artırılması; 28 sentyabr 2009-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 160 (bir yüz altmış) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, tərəflərin birgə nikahından 28 sentyabr 2009-cu ildə doğulmuş X3 İddiaçı himayəsində saxlanılması, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi, Cavabdeh iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş cəmi 100 (bir yüz) manatın alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının13 iyul 2022-ci il tarixli, 2(107)-842/2022 saylı qətnaməsinə əsasən, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, e-2(033)-322/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırda Cavabdeh məhkəmə qaydasında işə bərpa olunmuş, məcburi buraxdığı iş günlərinə görə kompensasiya almışdır. Hazırda sabit aylıq gəliri vardır. Bu səbəbdən qazancın 1/4 hissəsinə alimentin təyin edilməsi zərurəti yaranmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 17 oktyabr 2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 356310 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2009cu ildə anadan olmuş X3 atası Cavabdeh, anası İddiaçıdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-322/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin 24 yanvar 2017-ci il tarixli qətnaməsi əsasında 28 sentyabr 2009-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında tutulan alimentin məbləğinin artırılması, 28 sentyabr 2009-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 160 (bir yüz altmış) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, tərəflərin birgə nikahından 28 sentyabr 2009-cu ildə doğulmuş X3 İddiaçı himayəsində saxlanılması, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi, Cavabdeh iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş cəmi 100(bir yüz) manat alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-842/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, e-2(033)-322/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. X1 19 yanvar 2024-cü il tarixli arayışından görünür ki, “Azəriqaz” X2 X5 idarəsinin Qaz Sərfi avadanlıqlarının İstismarı və Metrologiya şöbəsinin rəisi Cavabdeh aylıq əmək haqqı 2341,00 (iki min üç yüz qırx bir) manat təşkil edir, aylıq əmək haqqının 1934,00 (bir min doqquz yüz otuz dörd) manatı vəzifə maaşı, 407,00 (dörd yüz) manatı isə aylıq peşəkarlığa görə ödənişdir. Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan və qəbzlərdən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci və 10 manat kargüzarlıq və dəftərxana xərclərini birtərəfli qaydada ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı Cavabdeh ilə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından 28 sentyabr 2009-cu il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. Tərəflərin ailə münasibətləri baş tutmadığından ayrılmışlar və onlar arasında olan nikaha xitam verilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-322/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin 24 yanvar 2017-ci il tarixli qətnaməsi ilə 28 sentyabr 2009-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh İddiaçı xeyrinə cavabdehdən tutulan aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin növü dəyişdirilərək hər ay 160 (bir yüz altmış) manat miqdarında sabit pul məbləğində müəyyən edilmişdir. İddiaçı hazırda cavabdehin sabit gəliri olduğunu bildirərək cavabdehin gəlirinin 1/4 hissəsi həcmində alimentin ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddiasını müdafiə edir. Cavabdeh məhkəmə gəlməyərək iddia tələbinə qarşı münasibətini bildirməmişdir. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia tələbi alimentin təyin edilməsi kimi deyil, təyin edilmiş alimentin dəyişdirilməsi kimi qiymətləndirilməlidir. Belə ki iş materiallarından görünür ki, cavabdehdən iddiaçının xeyrinə 28 sentyabr 2009-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə mövcuddur. Məhkəmə iddia tələbini və cavabdehin stabil gəlirinin olmasını, eyni zamanda uşağın saxlanılması üçün zəruri tələbatı, İddiaçı uşağın saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini, həmçinin uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması gərəkliyini nəzərə alaraq belə qənaətə gəlir ki, 28 sentyabr 2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulacaq alimentin növü dəyişdirilərək hər ay cavabdehin gəlirinin hissəsi ilə müəyyən edilməlidir. Belə ki, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi İddiaçı və Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu hazırki uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən və qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Lakin məhkəmə qaydasında müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsini tərəflərin ailə və maddi vəziyyətində yaranmış dəyişikliklə şərtləndirilməsi zəruri və vacib elementlərdəndir. Cavabdehin isə göstərə biləcəyi arqumentlər cavabdehi həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Bundan başqa, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76-cı maddəsi ilə uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı müəyyən edilmiş və həmin maddəyə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment məhkəmə tərəfindən tutulur. İş materiallarına əlavə edilmiş X1 19 yanvar 2024-cü il tarixli arayışından da görünür ki, “Azəriqaz” X2 X5 idarəsinin Qaz Sərfi avadanlıqlarının İstismarı və Metrologiya şöbəsinin rəisi Cavabdeh aylıq əmək haqqı 2341,00 (iki min üç yüz qırx bir) manat təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 28 sentyabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 60 manat məbləğində pul vəsaitini tələb etdiyinə görə həmin vəsait cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Cavabdeh 71 ((2341:4-160)x12=5103 manat) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia təmin edilsin. 28 sentyabr 2009-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşaq üçün aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 60 (altmış) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar