Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-230/2025 21.01.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmənin iclas katibi Cəlilova Nuridə Əli qızının katibliyi, İddiaçı və cavabdeh X4 iştirakı ilə, İddiaçı cavabdehlər X5, Cavabdeh1 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə qarşı aliment borcunun ləğv edilməsi (silinməsi) tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi: İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)903/2018 saylı qətnaməsinə əsasən xx xxxxx 2005-ci il təvəllüdlü qızı Cavabdeh1 onun tərəfindən saxlanılması üçün təyin edilmiş aliment öhdəliyinə 21 aprel 2022-ci il tarixdən xitam verilməsi və 21 aprel 2022-ci il tarixdən 21 aprel 2023-cü il tarixədək hesablanmış aliment məbləğinin ləğv edilməsi (silinməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh2 ilə qeyri rəsmi nikahlarından xx xxxxx 2005-ci il tarixdə Cavabdeh1 adlı övladı anadan olmuşdur. Azyaşlı övladı cavabdehin himayəsində olmuşdur. Cavabdeh aliment tələbinə dair Zaqatala rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Zaqatala rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(033)1040/2013 saylı qətnaməsinə əsasən ondan hər ay 90 manat sabit pul məbləğində aliment alınaraq Cavabdeh2 ödənilməsinə dair qətnamə qəbul edilmişdir. Daha sonra Zaqatala rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)903/2018 saylı qətnaməsi ilə aliment məbləği artırılaraq hər ay 117 manat müəyyən edilmişdir. Qızı Cavabdeh1 17 yaşı tamam olana kimi yəni xx.xx.2022-ci il tarixə kimi aliment məbləğini tam şəkildə ödəmişdir. xx.xx.2022-ci il tarixdə qızının toy məclisi olmuşdur. Bütün xərcləri o çəkmişdir. Toydan sonra qızı Elçin adlı şəxslə ailə quraraq Bakı şəhərinə köçmüş və orada yaşamağa başlamışlar. Həmin vaxt Cavabdeh1 17 yaşı var idi. Həmin vaxtdan sonra qızı ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Qızının birgə nikahından 2023-cü il tarixdə bir uşağı dünyaya gəlmişdir. Qızı Aytac 17 yaşının tamamında ailə qurub köçdüyü üçün anasının himayəsindən çıxmışdır. Bunun üçün xx.xx.2022-ci il tarixdən aliment ödənilməsini dayandırmışdır. Lakin buna baxmayaraq, xx.xx.2022-ci il tarixdə qanunsuz aliment hesablanmış və 1400 manat aliment borcu yaranmışdır. Övladı 17 yaşına çatıb ailə qurduğu və cavabdehin himayəsində olmadığı üçün alimentin hesablanması əsassızdır. İddia tələbinə qarşı etirazın dəlilləri. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, qızının 17 yaşınadək o alimenti ödəmişdir. Həmin müddət ərzində onun aliment borcu yoxdur. Qızı 17 yaşında ailə həyatı quraraq Bakı şəhərinə köçmüş və artıq bir övladı da var. Bir ildən artıq müddətdir ki qızı anasının himayəsindən çıxmış və qanunsuz olaraq həmin müddət üçün aliment hesablanmışdır. O, qızının bütün nişan və toy xərclərini çəkmişdir. 17 yaşınadək yığılmış aliment borcunu o tam ödəyib. 1400 manat aliment borcu köçdüyü gündən 18 yaşınadək hesablanmış borcdur. Atalıq borcunun icrasından yayınmır. Uşağın əlavə xərclərini də çəkmişdir. Uşağın öz istəkləri ilə bağlı da xərclərini çəkmişdir. Uşaq 2 ildir ki, ərdədir. Məhkəmə iclasında iştirak edən cavabdeh X2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı uşağına baxmalıdır. Atalıq borcudur. Hazırda qızı üçün mebel alır və ona pul lazımdır. O, yığılmış borcu tələb edir. Uşağa paltar alıbsa da bu onun borcudur. O, alimenti tələb edir. O, nişan və toy xərclərini də qızının ərindən götürərək ödəmişdir. İşin halları Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)-903/2018 nömrəli qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin edilərək, tərəflərin faktiki nikahından xx xxxxx 2005-ci il tarixdə anadan olmuş Cavabdeh1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı Cavabdeh2 xeyrinə tutulan Zaqatala Rayon Məhkəməsinin 11 dekabr 2013-cü il tarixli 2(033)-1040/2013 nömrəli qətnaməsi ilə təyin edilmiş hər ay 90 (doxsan) manat sabit pul məbləğində alimentin artırılaraq, hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində alimentin tutulması, məbləği artırılmış alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, cavabdeh İddiaçı 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Elektron Məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə anadan olmuş X3 adında bir uşağı var. xx.xx.2024-cü il tarixli Mediasiya sessiyasında iştirak edilməsi barədə arayışdan görünür ki, 50 manat məbləğində mediasiya xərcini İddiaçı birtərəfli qaydada ödəmişdir. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X8 ilə Cavabdeh1 nikahı haqqında 16 iyun 2023-cü il tarixdə 953 nömrəli akt qeydi tərtib edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. 10.2-ci maddəsinə əsasən üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 107.1. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 112.2. Yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 1-ci maddəsinə əsasən uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Belə ki, məhkəmə iclası zamanı tərəflərin izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçı ilə cavabdeh X4 birlikdəliklərindən anadan olmuş xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh1 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Zaqatala Rayon Məhkəməsinin Zaqatala Rayon Məhkəməsinin 13 dekabr 2013-cü il tarixli 2(033)-1040/2013 qətnaməsi ilə 90 manat sabit pul məbləğində alimentin İddiaçı X4 xeyrinə tutulması müəyyən edilmiş və Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)-903/2018 nömrəli qətnaməsi ilə həmin məbləğ artırılaraq 117 (bir yüz on yeddi) manat məbləğində müəyyən edilmişdir. Cavabdeh1 xx.xx.2023-cü il tarixdə yetkinlik yaşına çatmış və qeyd edilən tarixədək İddiaçı ödənilməmiş 1400 manat aliment borcu mövcuddur. İddiaçı xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh1 17 yaşında nikaha daxil olduğunu və bu müddətdə onun Amalya Bağırovanın himayəsində olmamasını əsas gətirərək ona icra sənədi üzrə borc kimi hesablanmış 1 il ərzində ödənməli olan aliment məbləğinin silinməsini tələb etmişdir. Cavabdeh X6 iddia tələbini qəbul etməmişdir. Məhkəmə əvvəlcə onu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq, müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. İrəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iddia üzrə iddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment borcunun silinməsindən ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 107.2 və 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, aliment borcundan azad edilməsini xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh1 17 yaşında nikaha daxil olmasına əsaslanmaqla tələb etmiş, lakin bu hallara dair şübhə doğurmayan sübutlar təqdim edə bilməmişdir. Məhkəmə araşdırmasında Cavabdeh1 nikaha xx.xx.2023-cü il tarixdə daxil olması müəyyən edilmişdir. Məhkəmə tərəfindən eyni zamanda iddiaçının özünün və ya cavabdehin ailə və maddi vəziyyətində dəyişiklik olduğuna dair şübhə doğurmayan, əsaslı sübut təqdim edə bilməmişdir. Məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki məhkəmə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halları mötəbər aşkalanmasının mümküsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər ərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X1 qarşı aliment borcunun ləğv edilməsi (silinməsi) tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi : İddiaçı cavabdeh X1 qarşı aliment borcunun ləğv edilməsi (silinməsi) tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 50 (əlli) manat pul vəsaiti onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №e-2(033)-230/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-230/2025
21.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver