Məhkəmə qərarları › İş №e-2(033)-244/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-244/2024

13.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-244/2024 13.02.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “təhsil müddəti başa çatanadək alimentin təyin edilməsi tələbi ”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı “təhsil müddəti başa çatanadək alimentin təyin edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onula Cavabdeh birgə nikahından doğulmuş övladları xx.xx.2005-ci il təvəllüdlü X2 tələbə olduğu və ödənişli təhsil aldığı üçün təhsil müddəti başa çatanadək saxlanılması üçün cavabdehdən bir ata kimi təhsil haqqı, kirayə və digər xərclərin ödənilməsində dəstək olması üçün ailment tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, keçmiş həyat yoldaşı Cavabdeh qarşı tələbə övladlarının saxlanılması üçün alimentin məbləğinin təyin edilməsi tələbi ilə Zaqatala Rayon Rayon Məhkəməsinə müraciət edir. Qeyd etmişdir ki, cavabdehlə xx.xx.2003-cü il tarixində rəsmi nikaha daxil olmuşdur, birgə nikahdan xx.xx.2005-ci il tarixində X4 anadan olmuşdur. Sonradan aralarında yaranan anlaşılmazlıq səbəbindən cavabdehin iddiası ilə xx.xx.2007-ci ildə Zaqatala Rayon Məhkəməsinin 2-25 saylı qətnaməsinə əsasən faktiki ayrıldıqdan sonra həmin vaxtdan bu günə kimi övladının bütün məsuliyyəti ilə onun himayəsində olmuş və cavabdeh əvvəllər hərbiçi olduğundan və sonradan hərbidən təqaüdə çıxdığından övladının saxlanması üçün aliment cavabdehin əmək haqqı və təqaüdündən tutulmuşdur. Bildirir ki, övladı artıq yetkinlik yaşına çatıb, tələbədir. Azərbaycan Kooperasiya Kollecinin birinci kursunda ödənişli təhsil alır, təhsil haqqı 1000 manatdır. Bununla yanaşı tələbə övladının gənc qız kimi təlabatları günü-gündən artır. Övladı onun maddi və mənəvi dəstəyi ilə böyüyür. Günün tələblərinə cavab verən atmosferada övladını böyütməkdə və ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Çünki, tələbə övladı yalnız onun maddi və mənəvi dəstəyi ilə böyüyür. Bu günə kimi uşağının səhhəti, sağlamlığı, sosial və məişət problemlərini yalnız, təkbaşına həyata keçirmişdir. Cavabdeh yalnız indiyə qədər minimum aliment ödəməklə vəzifəsini bitmiş hesab edib. Tələbə övladını kirayədə və təkbaşına saxlamaq günün tələblərinə əsasən onun üçün maddi cəhətdən çətindir. İlkin Mediasiya arayışından da göründüyü kimi cavabdeh övladına könüllü maddi yardım etmək niyyətində deyil. Ümumiyyətlə Mediasiya prossesində iştirak belə etməmişdir. İddiaçı 08 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən “iddia tələbinin dəyişdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onula Cavabdeh birgə nikahından doğulmuş övladları xx.xx.2005-ci il təvəllüdlü X2 tələbə olduğu və ödənişli təhsil aldığı üçün təhsil müddəti başa çatanadək illik 1000 manat təhsil haqqının, təhsil alınması üçün təhsil müddəti başa çatanadək hər il vacib olan sair xərclər (kirayə haqqı, gediş-gəliş, gündəlik tələbat, kommunal və azuqə) 2000 manat olmaqla ümumilikdə 3000 manatın təhsil müddəti başa çatanadək hər il mütəmadi və cavabdehdən bir ata kimi hər ay 235 manat, eyni zamanda 60 manat Mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa oxşar izahat verərək bildirmişdir ki, iddia tələbində yalnız uşağın təhsil xərcləri ilə bağlı tələbini bildirmiş, uşağının müalicəsi üçün çəkilmiş və çəkiləcək xərclərə toxunmamışdır. Belə ki, cavabdehin bir ata kimi heç olmasa uşağının təhsil xərclərinində iştirakını tələb edir. Cavabdeh isə bu günədək cüzi miqdarda aliment ödəməklə kifayətlənmişdir. Uşağına heç bir qayğı göstərməmiş, onunla maraqlanmamışdır. Hal-hazırda cavabdehin onlara qarşı heç bir aliment borcu yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-nın Göyəm kənd ərazi nümayəndəliyində bağlanmış nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 27 oktyabr 2003-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Ramazanov, arvada Ramazanova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 103 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş 08 dekabr 2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, saat 10:00-11:00-da saatlarında keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. 50 (əlli) manat məbləğində mediasiya xərcini, 10 manat kargüzarlıq və dəftərxana xərclərini İddiaçı birtərəfli qaydada ödəmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 09 fevral 2007-ci il tarixli, 2-25 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilərək Cavabdeh ilə İddiaçı arasında bağlanmış 27 oktyabr 2003-cü il tarixli 24 saylı nikah akt qeydi ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 18 iyul 2005-ci il tarixdə doğulmuş X2 atası Cavabdeh, anası X1r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Azərittifaq” Bakı Biznes və Kooperasiya kolleci tərəfindən verilmiş 01 fevral 2024-cü il tarixli 35 saylı arayışdan görünür ki, X4 həqiqətən Bakı Biznes və Kooperasiya Kollecinin qiyabi şöbəsində “turizim işinin təşkili” ixtisası üzrə İİİ kursda 128 saylı qrupda, ödənişli əsaslarla təhsil alır. Təhsil haqqı 1000 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 80.1-ci maddəsinə görə valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarına əsasən, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Əmək qabiliyyəti olmama dedikdə, şəxsin bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür. Buna müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır (“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1992-ci il 25 avqust tarixli Qanununun 2-ci maddəsi). Ailə Məcəlləsinin 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Onu da xüsusilə qeyd etmək lazımdır ki, yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün alimentin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ prosessual qanunvericiliyin tələbi baxımından yetkinlik yaşına çatmış övladın özü tərəfindən həyata keçirilməlidir. Çünki o, əmək qabiliyyəti olmayan şəxs olmasına baxmayaraq, tam fəaliyyət qabiliyyətlidir. Yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övlad ilə birlikdə yaşayan valideynlərdən birinin bu barədə tələb irəli sürməsi prosessual qanunvericiliyin tələblərinə uyğun deyil və o, əsl iddiaçı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında olan nikaha xitam verilmişdir. Tərəflərin birgə nikahından doğulmuş 18 iyul 2005-ci il təvəllüdlü X4 hazırda Bakı Biznes və Kooperasiya Kollecində, “turizim işinin təşkili” ixtisası üzrə təhsil alır. İddiaçı qızının təhsil xərclərini qarşılaya bilmədiyini bildirərək, Cavabdeh qarşı Ramazanova İnnanın illik təhsil haqqı və bu təhsili alarkən ödənəcək əlavə xərcləri öz atalıq borcu olaraq ödəməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. İddia ərizəsində İddiaçı iddia tələbini irəli sürərkən təhsil haqqının və əlavə xərclərin ödəməsi ilə bağlı məhkəmədə Cavabdeh qarşı iddia qaldırmışdır. Lakin onun belə bir iddianı qaldırmasına əsas verən sübutlar məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi iddia ərizəsi ilə müraciət etmək hüququ hələ iddia etmək hüququna malik olmaq demək deyildir. Belə ki, nəticə etibarilə başqa şəxsin hüquq, azadlıq və qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs deyil, mənafeyi üçün iddia qaldırılmış şəxs çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarda həmçinin göstərilmişdir ki, Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Məhkəmə onu qeyd etməyi zəruri sayır ki, xx.xx.2005-ci il təvəllüdlü X2 əmək qabiliyyətinin olmaması təsdiq olunmadığıdan, eləcə də onun üçün alimentin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ prosessual qanunvericiliyin tələbi baxımından onun özü tərəfindən həyata keçirilməli olduğundan və iddiaçı hazırkı tələb üzrə əsl iddiaçı sayılmadığından, eyni zamanda uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassız olduğundan iddia təmin edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “təhsil müddəti başa çatanadək alimentin təyin edilməsi tələbi” barədə iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddiaçı Cavabdeh qarşı onunla Cavabdeh birgə nikahından doğulmuş övladları xx.xx.2005-ci il təvəllüdlü X2 tələbə olduğu və ödənişli təhsil aldığı üçün təhsil müddəti başa çatanadək illik 1000 manat təhsil haqqının, təhsil alınması üçün təhsil müddəti başa çatanadək hər il vacib olan sair xərclər (kirayə haqqı, gediş-gəliş, gündəlik tələbat, kommunal və azuqə) 2000 manat olmaqla ümumilikdə 3000 manatın təhsil müddəti başa çatanadək hər il mütəmadi və cavabdehdən bir ata kimi hər ay 235 manat, eyni zamanda 60 manat Mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar