Məhkəmə qərarları › İş №e-2(033)-253/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-253/2025

25.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-253/2025 25.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ İZaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclasının katibi X2 İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 350 (otuz min üç yüz əlli) manat pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 181,45 (bir yüz səksən bir manat qırx beş qəpik) manat dövlət rüsumunun, vəkil xidməti üçün ödənilmiş 320.50 (üç yüz iyirmi manat əlli qəpik) manat pulun alınıb İddiaçı xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh 31800 (otuz bir min səkkiz yüz) manat məbləğində pul vermişdir. Cavabdeh İddiaçı götürdüyü pulu hər ay ***-**** manat arası olmaqla qaytarmalı idi. Lakin,cavabdeh bu günə qədər İddiaçı cəmi 1450 manat pul qaytarmışdır. Hazırda cavabdeh iddiaçıya 30 350 (otuz min üç yüz əlli) manat pulu verməlidir. Dəfələrlə cavabdehə xəbərdarlıq olunsa da o, götürdüyü pulu könüllü qaytarmaqdan imtina etmişdir. Ona görə də məhkəməyə müraciət edirlər. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh çıxış edərək iddiaçının faizə pul verdiyini bildirmiş və ondan faizə borc götürdüyünü bildirmişdir.Hazırda iddiaçıya 29850 manat borcunun olduğunu etiraf edir. O, iddia ərizəsində qeyd edilən həcmdən az borc götürdüyünü hazırda isə borcunu tam ödəmək imkanının olmadığını, hər ay 300 manat olmaqla hissə-hissə borcunu ödəyə biləcəyini bildirmişdir. İşin halları xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 300 manat Zaqatala Rayon Vəkil Barosunun hesabına ödənmişdir. PulPal tədbiqindən çıxarışdan görünür ki, İddiaçı tərəfindən Vəkil hesabına 20,5 manat ödəniş edilmişdir. Sadə yazılı formada tərtib edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Atayeva X1 İda Rəşid qızına 31800 manat borcu qaytarmalıdır və borcu aybaay ödəməyi vəd edir. xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, *9545 nömrəli hesaba Cavabdeh tərəfindən 50 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, *9545 nömrəli hesaba Cavabdeh tərəfindən 50 manat ödəniş edilmişdir. xx.xx.2024- ci il tarixli çıxarışdan görünür ki, *9545 nömrəli hesaba Cavabdeh tərəfindən 50 manat ödəniş edilmişdir. xx.xx.2024- cü il tarixli çıxarışdan görünür ki, *9545 nömrəli hesaba Cavabdeh tərəfindən 100 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki 50 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki 200 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki 150 manat ödəniş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 372.1-ci maddəsinin tələbinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinin tələbinə görə də, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsindən görünür ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq, məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-ci il tarixdə sadə yazılı qəbz tərtib edərək imzalamaqla iddiaçıya qarşısında 31800 manat borcu olduğunu qəbul etmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə müraciət etdikdən sonra cavabdeh tərəfindən iddiaçının xeyrinə 500 manat ödəniş həyata keçirilmişdir. Məhkəmə tərəfindən də müəyyən edilmişdir ki, borclu Cavabdeh İddiaçı ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli sadə yazılı əqd üzrə müəyyən olunmuş öhdəliyini tam yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuşdur. Məhkəmə işdə olan xx.xx.2023-cü il tarixli qəbzi borcun olmasını təsdiq edən sübut qismində qiymətləndirir. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında borc münasibətləri yaranmış, cavabdeh iddiaçı qarşısında aldığı borcun qaytarılması barədə öhdəlik götürmüş və bununla da onların arasında müqavilədən irəli gələn hüquq münasibətləri yaranmışdır. İddiaçı 31800 manatı Cavabdeh vermiş, cavabdeh isə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Bu səbəbdən də iddiaçı kredit müqaviləsi üzrə yaranmış 29850 manat borcu cavabdehdən tələb etməkdə haqlıdır. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddiasını təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilmişdir. Lakin işdə iddianın rədd edilməsi qənaətinə gəlinməsi üçün hər hansı sübutlar mövcud deyil. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin qismən təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etmədiyindən iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 29850 manat pul vəsaiti alınaraq İddiaçı verilməlidir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, 179,55 (bir yüz yetmiş doqquz manat əlli beş qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Vəkil xidməti üçün ödənmiş 320,50 manat vəsaitin cavabdehdən iddiaçının xeyrinə ödəmilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, qanunvericilikdə vəkilin göstərdiyi yardıma görə xərclər digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutulur. Məhkəmə bununla bağlı qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin X3rşı 04 oktyabr 2016-cı qərarında da göstərilmişdir ki, məhkəmə təcrübəsinə əsasən ərizəçiyə yalnız o halda çəkilən xərclərin və məsrəflərin əvəzi ödənilə bilər ki, həmin xərc və məsrəflərin həqiqətən, zəruri olaraq və ağlabatan kəmiyyətdə çəkilmiş olması göstərilsin. Hazırkı işdə iş materiallarını və yuxarıdakı meyarı nəzərə alaraq, məhkəmə bu başlıq altında vəkilin göstərdiyi xidmətlər üçün xərclə bağlı 100 manat məbləğini təyin etməyi ağlabatan hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 29850 (iyirmi doqquz min səkkiz yüz əlli) manat borc,179,55 (bir yüz yetmiş doqquz manat əlli beş qəpik) manat dövlət rüsumu və 100 (bir yüz) manat vəkil xərci olmaqla, cəmi 30039,55 (otuz min otuz doqquz manat əlli beş qəpik) manat pul vəsaiti alınaraq İddiaçına verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar