Məhkəmə qərarları › İş №e-2(033)-255/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-255/2024

14.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-255/2024 14.02.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əvvəli ərizənin məhkəməyə daxil olduğu gündən hesablanmaqla birgə nikahlarından olan 10 yanvar 2022-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 300 manat sabit pul məbləğində alimentin və ödənilmiş 60 manat mediasiya xərcinin Cavabdeh alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə nikahlarını xx.xx.2021-ci il tarixdə rəsmi qaydada qeyd etdirməklə evlənmişdir. Birgə nikahlarından xx.xx.2022-ci il tarixdə Həlimə adlı qızları anadan olmuşdur. Cavabdehlə münasibətləri korlandığından faktiki olaraq ayrılmışlar. Hazırda o, uşaqları ilə birlikdə Zaqatala rayonu Yengiyan kəndində yerləşən atasına məxsus fərdi yaşayış evində yaşayır. Hazırda iddiaçı Cavabdeh ona qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi hakim Vüqar Məmmədovun icraatındadır. O, iddia ərizəsi ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl Mediasiya şurasına müraciət etmişdir. X5 tərəfindən xx.xx.2023-cü il tarixində saat 10:00-11:00-da mediasiya sessiyası təyin edilmişdir. İlkin mediasiya sessiyasından sonra razılaşma olmamışdır. Ona görə də məhkəməyə müraciət edir. Belə ki, bu müddət ərzində ailənin bərpa olunacağı ümidi ilə cavabdehdən uşağın saxlanılması üçün aliment tələb etməmişdir. Hazırda isə uşağın saxlanılmasında cavabdeh iştirak etmir. Cavabdehin maddi vəziyyəti yaxşıdır. Cavabdeh arıçılıqla məşğul olur. Yüksək gəlirləri var. Yəni, cavabdehin maddi gəlirləri məlumdur. Buna baxmayaraq uşağın saxlanılmasında cavabdeh onlara maddi və mənəvi köməklik göstərmir. Ona görə də uşağın saxlanılması üçün cavabdehdən aliment tələb edir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh etirazla müraciət edərək İddiaçı “300 manat aliment tələbinə” dair iddiasının təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı-İddiaçı ona qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ilə nikahlarının pozulmasına dair iddia ərizəsi Zaqatala Rayon Məhkəməsinin icraatındadır (2(033)-255/2024). İddiaçı 300 manat məbləğində aliment tələb etmişdir. Uşaqlara baxmaq onların ehtiyaclarını ödəmək hər iki valideyninin borcudur. Ata kimi heç bir öhdəliyindən boyun qaçırmır. Hazırda işsizdir, gəliri yoxdur. Səhhəti ağır işdə işləməyə imkan vermir. Daim müalicə alır. Hər ay 300 manat aliment ödənişi etməyə imkanı yoxdur. Maddi vəziyyəti və səhhətini nəzərə alaraq bildirir ki, hər ay 150 manat məbləğində aliment ödənişi edə bilər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh etirazın məzmununa uyğun izahat verərək bildirdi ki, 3 ildir ki iddiaçı ilə evlidir, evlənəndən sonra 1 dəfə nikahın pozulması həddinə çatmışlar, lakin sonra barışmışlar. Daha sonra yenidən iddiaçı ilə aralarında olan nikah pozulmuş, lakin yenidən iddiaçı ilə nikah bağlanmışdır. Hazırda iddiaçı xəbərsiz çıxıb anası evinə gedib, o isə barışıq üçün anası ilə birgə 2 dəfə iddiaçının və anasının yanına getmişlər, lakin razılıq əldə edə bilməmişlər. İddiaçının anası ailəyə müdaxilə etdiyindən ailə dağılmışdır. Özü xəstədir, belində yırtıq var və bu səbəbdən işləyə bilmir. Xeyli miqdarda borcu da var, yalnız 150 manat aliment ödəyə bilər. Ona da qardaşları köməklik göstərir. Hər ay 150 manat həcmində alimentin müəyyən edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh vəkili Vəkil çıxış edərək bildirdi ki, imkan olsa cavabdeh çox ödəyər alimenti, lakin maddi imkanı yoxdur, cavabdehə qardaşları maddi baxımdan köməklik edir. Hesab edir ki, iddia ərizəsi ilə tələb edilən alimentin məbləği yüksəkdir. Cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan alimentin məbləğinin 150 manat həcmində müəyyən edilməsini xahiş edir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 27 yanvar 2022-ci il tarixdə verilmiş AZ- İV 687450 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 yanvar 2022-ci il tarixdə anadan olmuş X2 atası Cavabdeh, anası isə İddiaçıdır. AZ-İİ seriyalı 481852 nömrəli Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Kəpənəkçi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş Nikah haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 20 aprel 2021-ci il tarixdə nikah bağlamışdırlar. Nikaha daxil olduqdan sonra ərə Babayev, arvada Babayeva soyadı verilmişdir. Mediasiya sessiyasında iştirak edilməməsi barədə 18 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərc və 10 manat dəftərxana və kargüzarlıq xərci birtərəfli qaydada ödəmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-169/2024 nömrəli 08 fevral 2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 20 aprel 2021-ci il tarixdə Zaqatala RİHB-nın Kəpənəkçi kənd inzibati ərazi dairəsində bağlanmış 01 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 106.4-cü maddəsinə əsasən bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, tərəflərin birgə nikahlarından 10 yanvar 2022-ci il tarixdə X3 adlı uşaqları anadan olmuşdur. Tərəflər arasında bağlanmış nikah pozulmuşdur. İddiaçı, Cavabdeh qarşı aliment tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddiasını müdafiə edir. Cavabdeh iddia tələbini qismən qəbul edir və iddiaçı birgə nikahda anadan olmuş uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 150 manat alimentin təyin edilməsini xahiş edir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatı, İddiaçı uşağın saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 10 yanvar 2022-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. İddiaçı, cavabdehdən sabit pul məbləğində alimentin tutulmasını tələb etdiyindən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində aliment tutulmalıdır. Lakin məhkəmə tərəflərin diqqətə layiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab edir ki, aliment tələbi iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Belə ki, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi İddiaçı və Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması, hazırda işsiz olması, gəlirinin olmaması, səhhəti ağır işdə işləməyə imkan verməməsi, daim müalicə alması onu hazırki uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən və qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Cavabdehin və vəkilinin isə məhkəmə iclasında göstərdiyi arqumentlər cavabdehi həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi hər iki valideynin valideyn kimi borcu və vəzifəsi olduğundan onların hər ikisinin həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Eyni zamanda cavabdeh alimentin təyin edilməməsinə əsas ola biləcək hər hansı başqa sübutu da məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iddiaçı tərəf də bir uşağın saxlanması üçün cavabdehdən 300 manat aliment tələb etməsinə və bu məbləğdə aliment müəyyən edilməsinə əsas ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valideynlərin birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla təlabatının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alır. Məhkəmə tərəflərin maddi vəziyyətini, uşağın mənafeyini, uşağın yaşını və iddiaçı tərəfin izahatını nəzərə alaraq belə qənaətə gəlir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin ediləcək alimentin məbləği hər ay uşaq üçün 190 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 10 yanvar 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 190 manat aliment Cavabdeh tutulub İddiaçı verilməli, eyni zamanda alimentin tutulmasının əvvəli İddiaçı iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni 19 dekabr 2023cü il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 60 manat məbləğində pul vəsait cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməlidir. Cavabdeh 42,8 manat (190x12=2280 manat) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. 10 yanvar 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 190 (bir yüz doxsan) manat aliment Cavabdeh tutulub İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni 19 dekabr 2023-cü il tarixdən hesablansın. İddia tələbinin qalan hissəsi təmin edilməsin. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 60 (altmış) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilsin. Cavabdeh 42,80 (qırx iki manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar