Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-372/2023 12.04.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı və Cavabdeh vəkili X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından xx.xx.2012-ci il tarixdə doğulmuş X1 və xx.xx.2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, O, Cavabdeh ilə 04 fevral 2013-cü il tarixdə Goranboy rayon qeydiyyat şöbəsində rəsmi nikahlarını qeyd etdirməklə evlənmişdir. Cavabdehlə birgə nikahlarından 2 övladları, xx.xx.2012-ci il tarixdə X5 və xx.xx.2013-cü il tarixdə X7 doğulmuşdur. Cavabdehlə faktiki olaraq ayrılmışlar. Cavabdeh bir neçə aydır ki, uşaqları onun himayəsində qoyaraq evdən çıxıb valideynlərinin yanına getmişdir. Əvvəlcə cavabdehlə aralarında olan nikahın pozulması və uşaqların onun himayəsində qalması ilə bağlı məsələlərin mediasiyada həll edilməsi üçün Mediasiya Şurasına müraciət etmişdir. 02 sentyabr 2022-ci il tarixdə keçirilmiş tam mediasiya sessiasiyasında aralarıda ŞŞMT-00863 nömrəli Barışıq sazişi bağlanmış və həmin Barışıq sazişinə əsasən cavabdeh uşaqların onun himayəsində qalmasına razılıq vermişdir. Hazırda uşaqlar onun himayəsində yaşayır. Uşaqlarına təkbaşına baxır. Uşaqlarına baxmaqda çətinlik çəkir. Uşaqların baxıb böyüdülməsində hazırda borclunun heç bir köməyi yoxdur. Hesab edir ki, uşaqlarlarının böyüdülməsində borclunun da iştirakı vacibdir. Buna görə də aliment tələb etmək fikrindədir. Cavabdeh qazancı stabil deyil. Ona görə də hesab edir ki, cavabdeh uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşağa görə ən azı 200 manat stabil pul məbləğində aliment ödəməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, uşağın bütün qayğısı və ehtiyacı tamamilə onun özü tərəfindən çəkilir. Uşaqların anaları uşaqları onun üstünə atıb getmişdir. Bundan qabaq da o, Vətən müharibəsində iştirak etdiyi zaman cavabdeh evdən çıxıb getmişdir. O, qayıtdıqdan sonra cavabdehi qəbul edərək gətirmişdir. Böyüdükcə uşaqlarda anasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək kişi olaraq ona çox çətindir. Ona görə də, sabit pul məbləğində aliment tələb edir. Hazırda uşaqların yaşını nəzərə alaraq uşaqların saxlanması üçün cəmi 400 manat məbləğində alimentin müəyyən edilməsinə istəyir. Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, iddiası əsaslıdır və iddianın təmin edilərək hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin vəkili X8 çıxış edərək göstərdi ki, cavabdeh iddia tələbini qəbul etmir, tələb olunan aliment məbləği çox yüksəkdir, cavabdeh müalicə alır, heç bir yerdə işləmir və cavabdehin həmin məbləği ödəmək imkanı yoxdur. Cavabdeh aliment ödəməli olduğundan ədalətli bir məbləğin aliment qismində təyin edilməsini xahiş edir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Goranboy rayon qeydiyyat şöbəsi tərəfindən 04 fevral 2013-cü il tarixdə verilmiş AZ-İ 817174 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh 04 fevral 2013-cü il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqında akt qeydləri kitabında həmin tarixdə 31 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mürsəliyev, arvada Mehdiyeva soyadı verilmişdir. Goranboy rayon qeydiyyat şöbəsi tərəfindən 04 fevral 2013-cü il tarixdə verilmiş AZ-İİİ 023872 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 02 oktyabr 2012-ci il təvəllüdlü X1 anası Cavabdeh, atası isə İddiaçıdur. Goranboy rayon qeydiyyat şöbəsi tərəfindən 12 mart 2014-cü il tarixdə verilmiş AZ- İİİ 271649 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 28 sentyabr 2013-cü il təvəllüdlü X4 anası Cavabdeh, atası isə İddiaçıdur. 02 sentyabr 2022-ci il tarixli ŞŞMT-00863 nömrəli Barışıq sazişindən görünür ki, mediasiya zamanı tərəflər, İddiaçı və Cavabdeh mediasiyaya edilən, nikahın pozulması tələbi ailə mübahisəsi ilə əlaqədar, nikahın davam etdirilməsində razılığa gələ bilmədilər, lakin nikahın pozulması məqsədi ilə məhkəməyə müraciət etməyə, mediasiyaya edilən uşağın atanın himayəsinə verilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, uşaqları xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X4 18 yaşları tamam olana kimi atası X3 himayəsində qalmasına razılığa gəlmişdirlər. Mediasiya sessiyasına xitam verilməsi barədə 02 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci birtərəfli qaydada ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 106.4-cü maddəsinə əsasən bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Uşаq hüquqlаrı hаqqındа» Konvensiyа 3-cü mаddəsinə görə sosiаl təminаt məsələləri ilə məşğul olаn dövlət idаrələri və yа özəl idаrələr, hаbelə məhkəmələr, inzibаti orqаnlаr, yаxud qаnunvericilik orqаnlаrı tərəfindən həyаtа keçirilib keçirilməməsindən аsılı olmаyаrаq, uşаqlаr bаrəsində görülən bütün tədbirlərdə uşаğın mаrаqlаrının dаhа yаxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidirlər. 5-ci mаddəsinə əsasən dövlət orqаnlаrı, bütün fiziki və hüquqi şəxslər öz fəаliyyətində uşаqlаrın mənаfelərini üstün tutmаlı, onlаrın hüquqlаrının təmin olunmаsınа şərаit yаrаtmаlıdırlаr. 8-ci mаddəsinə görə hər bir uşаğın yаşаmаq, normаl şərаitdə fiziki, əqli və mənəvi cəhətdən inkişаf etmək hüququ vаrdır. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikası Qanunu 1-ci maddəsinə əsasən bu Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir. 3.1-ci maddəsinə əsasən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır. 6-cı maddəsinə əsasən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişilər ilə qadınlara bərabər imkanların yaradılması, dövlətin idarə olunmasında və qərarlar qəbul edilməsində bir cinsin nümayəndələrinin üstünlüyünə yol verilməməsi üçün dövlət tədbirlər görür. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı Cavabdeh ilə 04 fevral 2013-cü il tarixdə Goranboy rayon qeydiyyat şöbəsində rəsmi qaydada qeyd etdirməklə ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından 02 oktyabr 2012-ci il təvəllüdlü X5 və 28 sentyabr 2013-cü il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Tərəflərin ailə münasibətləri baş tutmadığından faktiki ayrılmışlar. Cavabdeh uşaqları iddiaçının himayəsində qoyaraq evdən getmişdir. İddiaçı təkbaşına himayəsində olan uşaqların tələbatını ödəyə bilmədiyindən Cavabdeh qarşı aliment tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddiasını müdafiə edir. Cavabdehin vəkili isə cavabdehin iddia tələbini qəbul etmədiyini bildirmişdir. İş materiallarından görünür ki, tərəflər 02 oktyabr 2012-ci il təvəllüdlü X5 və 28 sentyabr 2013-cü il təvəllüdlü X4 iddiaçının himayəsində saxlanmasına dair razılığa gələrək barışıq sazişi imzalamışdırlar. Məhkəmə cavabdehin uşaqla bağlı hər hansı tələbinin olmadığını və 02 oktyabr 2012-ci il təvəllüdlü X5 və 28 sentyabr 2013-cü il təvəllüdlü X4 atalarının himayəsində saxlanılması barədə tərəflərin razılığa gəlmələrini nəzərə alaraq bu hissədə araşdırma aparmır. Məhkəmə uşaqların saxlanılması üçün zəruri tələbatı, İddiaçı uşağın saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 02 oktyabr 2012-ci il tarixdə anadan olmuş X5 və 28 sentyabr 2013-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. İddiaçı, cavabdehdən sabit pul məbləğində alimentin tutulmasını tələb etdiyindən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində aliment tutulmalıdır. Lakin məhkəmə tərəflərin diqqətə layiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab edir ki, aliment tələbi iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Belə ki, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi İddiaçı və Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması, maddi imkanının aşağı olması onu hazırki uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən və qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi hər iki valideynin valideyn kimi borcu və vəzifəsi olduğundan onların hər ikisinin həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə tərəflərin maddi vəziyyətini, uşaqların mənafeyini, uşaqların yaşını və tərəflərin izahatını nəzərə alaraq belə qənaətə gəlir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin ediləcək alimentin məbləği hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 02 oktyabr 2012-ci il təvəllüdlü X5 və 28 sentyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 manat aliment Cavabdeh tutulub İddiaçı verilməli, eyni zamanda alimentin tutulmasının əvvəli İddiaçı iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni 14 fevral 2023-cü il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. İddiaçı tələb etmədiyindən onun tərəfindən ilkin mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat onun özünə aid edilməlidir. Cavabdeh 44 manat (100x2x12=2400 manat) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. 02 oktyabr 2012-ci il təvəllüdlü X5 və 28 sentyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat aliment Cavabdeh tutulub İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni 14 fevral 2023-cü il tarixdən hesablansın. İddiaçı tərəfindən ilkin mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat onun özünə aid edilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-372/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-372/2023
12.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver