Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-374/2022 12.04.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı alimentin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əvvəli ərizənin məhkəməyə daxil olduğu gündən hesablanmaqla 27.03.2018-ci il tarixdə anadan olmuş X2 və 04.01.2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin və mediasiya prosesində ödədiyi 50 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, toy edərək Bakı şəhər sakini Cavabdeh ilə ailə həyatı qurmuşdur. Lakin rəsmi qaydada nikahlarını qeyd etdirməkdən cavabdeh yayınmışdır. Onların qeyri-rəsmi nikahından 27.03.2018-ci il tarixdə X4 və 04.01.2020-ci il tarixdə X5 adlı uşaqları olmuşdur. 01.05.2018-ci il tarixli və 19.02.2021-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamələr ilə uşaqların atasının Cavabdeh olması müəyyən edilmişdir. Onlar ailə qurduqdan sonra Bakı şəhəri Sabunçu rayonu Ramanı qəsəbəsi 10 ev 19-da yerləşən evdə yaşamışlar. Artıq 1 ildir ayrı yaşayırlar. Bu 1 il ərzində cavabdeh uşaqlara baxmağına kömək etməmişdir. O, uşaq xəstə olanda onlara müraciət etmişdir ki, uşaq xəstədir köməklik etsinlər. Bundan sonra uşağı 1 ay yarım atasında qalmış və müalicə olunduqdan sonra o, uşağı geri götürmüşdür. Bundan başqa cavabdeh heç bir köməklik etməmişdir. Hal-hazırda o, iki azyaşlı uşaqları ilə kirayə mənzildə yaşayır və heç bir yerdə işləmir. Ona və uşaqlarına valideynləri baxır. Cavabdeh deyir ki, aliment verməyəcək. Lakin o, Bakı şəhərində (İçərişəhər ərazisində) gül dükanında işləyir və qazancı vardır. Onlar ailəli olduqları zaman o, hətta 1 ev alası pul yığmışdır ki, ailəsi üçün ev alsın. Ailəli olduqları zaman cavabdeh ***-**** manat arası qazanc əldə edirdi. Həmçinin o, bir valideyin kimi uşağına baxmağa borcludur. Bütün bunlara əsasən hesab edir ki, uşaqlarının və onun diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşaqlarının saxlanması xərclərini ödəməlidir. Başqa sözlə, cavabdehdən uşaqlarının saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan 4 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 01 may 2018-ci il tarixdə verilmiş AZ-İV 113091 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 27 mart 2018-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan 4 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 19 fevral 2021-ci il tarixdə verilmiş AZ-İV 564264 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 04 yanvar 2020-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 04 fevral 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci birtərəfli qaydada ödəmişdir. Məhkəmə iclasında iddiaçının izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ilə Cavabdeh qeyri-rəsmi birgə nikahlarından 27 mart 2018-ci il tarixdə X4 və 04 yanvar 2020-ci il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. Tərəflərin ailə münasibətləri baş tutmadığından faktiki olaraq ayrılmışlar. İddiaçı təkbaşına himayəsində olan uşaqların tələbatını ödəyə bilmədiyindən Cavabdeh qarşı aliment tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddiasını müdafiə edir. Cavabdeh isə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi İddiaçı və Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Məhkəmə onu da xüsusilə vurğulayır ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi hər iki valideynin valideyn kimi borcu və vəzifəsi olduğundan onların hər ikisinin həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatı, İddiaçı uşağın saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 27 mart 2018-ci il tarixdə anadan olmuş X2 və 04 yanvar 2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. İddiaçı, cavabdehdən sabit pul məbləğində alimentin tutulmasını tələb etdiyindən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində aliment tutulmalıdır. Lakin məhkəmə tərəflərin diqqətə layiq mənafelərini, işin hallarını və iddiaçı tərəfindən cavabdehin qazancı barədə məhkəməyə heç bir sənəd təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, aliment tələbi iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Məhkəmə tərəflərin maddi vəziyyətini, uşaqların mənafeyini, uşaqların yaşını və iddiaçının izahatını nəzərə alaraq belə qənaətə gəlir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin ediləcək alimentin məbləği hər ay bir uşaq üçün 160 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.4-cü maddəsinə əsasən bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 27 mart 2018-ci il təvəllüdlü X2 və 04 yanvar 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 160 manat olmaqla, cəmi 320 manat aliment Cavabdeh tutulub İddiaçı verilməli, eyni zamanda alimentin tutulmasının əvvəli İddiaçı iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni 18 fevral 2022-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat məbləğində pul vəsaitini tələb etdiyinə görə həmin rüsum xərci Cavabdeh alınıb ona ödənilməlidir. Cavabdeh 58,40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 27 mart 2018-ci il təvəllüdlü X2 və 04 yanvar 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat aliment Cavabdeh tutulub İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni 18 fevral 2022-ci il tarixdən hesablansın. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Cavabdeh 58,40 (əlli səkkiz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №e-2(033)-374/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-374/2022
12.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver