Məhkəmə qərarları › İş №e-2(033)-433/2024

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-433/2024

28.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-433/2024 28.02.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, İddiaçı Cavabdeh qarşı “oturum və ikamet izninin verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh qarşı “oturum və ikamet izninin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı birgə nikah dövründə anadan olmuş azyaşlı övladları 05 oktyabr 2012-ci il tarixli X2 və 12 dekabr 2013-cü il tarixli X1 cavabdeh ataları Cavabdeh razılığı olmadan Türkiyə Cumhuriyyətində yaşamasına, oxumasına (təhsil almasına), oturum və ikamet izninin verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası MPM-in 152.1.6-cı maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 149.2-ci və 149.2.4-1-ci maddələrinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.0.8-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Yuxarıda qeyd olunan normalardan da göründüyü kimi ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etmək tələbi mütləqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1 maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinə Cavabdeh ünvanlanmış “mediasiya prosesinin tətbiqi barədə” təklif məktubunu əlavə etsə də, ilkin mediasiya sessiyasının nəticəsinə (ilkin mediasiya sessiyasının baş tutmaması barədə arayış, barışıq sazişi və s.) dair hər hansı sənəd əlavə etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, onun iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1 və 114.1.3-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 5.1 və 5.1.2-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı nümayəndəsi Nümayəndə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.6-1, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh qarşı “oturum və ikamet izninin verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçının nümayəndəsinə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. İddiaçı nümayəndəsi Nümayəndə tərəfində Cavabdeh qarşı “oturum və ikamet izninin verilməsi” tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı nümayəndəsi Nümayəndə geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar